Bakı–Daşkənd: ortaq hədəflərə doğru

post-img

Avqustun 21-də Bakıda Azərbaycan–Özbəkistan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida, tekstil, əczaçılıq, tikinti, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Forumda iqtisadiyyat naziri Mika­yıl Cabbarov Azərbaycan və Özbəkis­tan dövlət başçılarının siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasın­da münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdığını vurğulayıb. Qeyd olunub ki, imzalanmış 160-dan çox sənəd, o cümlədən, Strateji tərəf­daşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyan­namə möhkəm ikitərəfli hüquqi baza yaradır. Özbəkistanla əməkdaşlıq çox­vektorludur və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, birgə layihələr, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycan–Özbəkistan İnves­tisiya Fondu isə iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı inves­tisiyaların stimullaşdırılmasına, ölkələ­rimizin regionları və işgüzar dairələri arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək. Qarşılıqlı münasibətlərin sürətli inkişafı ticarətin dinamikasına da müsbət təsir göstərir. Ticarət dövriyyə­sinin artırılması üçün geniş potensial var və bu sahədə təşəbbüslərin inten­sivləşməsi əhəmiyyət kəsb edir.

Tədbirdə ölkələrimizin biznes qu­rumlarının tərəfdaşlığı çərçivəsində gerçəkləşdirilən investisiya layihələri, Azərbaycanda birgə avtomobil istehsalı və tekstil müəssisələrinin, pambıq klas­terinin yaradılması sahəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, enerji sahəsində səmərəli əməkdaşlıq həyata keçirilir. Perspektivli sahələr­dən biri də nəqliyyatdır. Bu baxımdan, ölkələrimizin Orta Dəhliz çərçivəsində tərəfdaşlığı böyük potensiala malikdir.

Biznes-forumda Azərbaycanın əlve­rişli investisiya mühiti, həyata keçirilən iqtisadi islahatlar, sənaye zonaları, Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, Özbə­kistan tərəfindən Füzulidə 960 şagird yerlik məktəb binasının tikildiyi vurğu­lanıb, azad edilmiş ərazilərimizin yeni­dən qurulmasında iştiraka görə qardaş ölkəyə minnətdarlıq ifadə olunub. Öz­bəkistan şirkətləri ilə sənaye, ticarət, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, turizm və digər istiqamət­lər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov qeyd edib ki, dövlət başçılarımızın strateji ya­naşmaları ortaq tarixi köklərə və dəyər­lərə malik olan ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etməsinə mühüm töhfə verir, Azərbaycanla iqtisadi-ticarət tərəfdaş­lığı güclənir. Bildirilib ki, əməkdaşlığın genişlənməsi fonunda sahibkarlar ara­sında işgüzar görüşlərin təşkili, yeni əməkdaşlıq istiqamətlərinin və imkan­larının araşdırılması, birgə layihələrin icrası önəm kəsb edir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti Öz­bəkistan sahibkarları üçün cəlbedicidir və tərəfdaşlıq stimulunu artırır.

Tədbirdə Azərbaycan Respublika­sının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Özbəkistanın İnves­tisiyalar, Sənaye və Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin direktoru Murat Mirzayev Azərbaycan və Özbəkistanın, Ələt Azad İqtisadi Zonasının səlahiy­yətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov azad iqtisadi zonanın investisiya və ticarət imkanlarına dair təqdimatlarla çıxış ediblər. Həmçinin İq­tisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmə­dov rəhbəri olduğu qurumun fəaliyyəti, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları, Özbəkistanın Ticarət və Sənaye Pala­tasının sədri Davron Vahabov biznes əlaqələrinin inkişaf etdirilməsi, müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahib­karların cəlb edilməsi ilə işgüzar şura yaradılması barədə fikirlərini bildirib. “Uzbektekstilprom” Assosiasiyasının rəhbəri İlxom Haydarov qurumun fəaliy­yəti və Azərbaycanda birgə həyata ke­çirilən layihələr barədə məlumat verib.

Biznes-forum çərçivəsində Azərbay­can və Özbəkistan qurumları arasında metallurgiya, akkreditasiya, energetika və əczaçılıq sahələri üzrə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.

Tədbir B2B formatında görüşlərlə davam etdirilib.

“Xalq qəzeti”



Siyasət