Ermənistan üçüncü müharibə axtarışındadır

post-img

Diplomatiya müstəvisində ümidləri tükənmiş İrəvanın davranışları bundan xəbər verir

Günlərin birində dovşanın balasını ayı döyür. Bala dovşan anasının üstünə şikayətə gəlir. Anası balasını götürüb ayının yanına yollanır və çatan kimi ayıya, guya, hədə-qorxu gəlməyə başlayır. Üzünü-gözünü turşudub balasını ayının qabağına qoyub ondan bir dəfə də vurmağı tələb edir. Ayı vurur, dovşan balası şil-küt olur. Anası balasını qaldırıb yenidən qoyur ayının qabağına və təkrar vurmasını istəyir. Ayı yenə də bir şapalaq endirir. Üçüncü dəfə ana dovşan eyni hərəkəti edəndə ayı vurmaqdan imtina edir. Dovşan geri qayıdanda balası yolda anasından nə üçün onu ayıya döydürdüyünü soruşur. Ana dovşanın cavabı belə olur: ayının hünəri var idisə, səni üçüncü dəfə də vuraydı, gör, ona neynəyərdim... 

Azərbaycan – Ermənistan münasi­bətlərindəki duruma nəzərə salanda, yada həmin lətifə düşür. Sanki kimlər­sə istəyir ki, Azərbaycan Ermənistanı yenə döysün. Belələri baş nazir Nikol Paşinyanı “övladlığa” götürüblər, öz yerində, bütövlükdə, Ermənistan özünü bala dovşan kimi aparır. Ancaq yalnız şikayət etməklə kifayətlənmir, habelə əda nümayiş etdirir. Sanki 44 günlük müharibədə darmadağın olan ölkə bir başqasıdır. Ümumən, Ermənistan cə­miyyəti İkinci Qarabağ müharibəsinin acınacaqlı nəticələrini unudub kimi gö­rünür. Bu unutqanlığın isə əlamətləri çoxdur və bir yandan artmaqda davam edir.

***

BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilmiş iclasında Qarabağda humanitar böhran şousu dəstək qazanmadıqdan sonra, Ermə­nistan cəmiyyətində isterik depressiya yaranıb. Durumun müxtəlif təzahürləri var və həmin təzahürlər göstərir ki, İrə­van düz yola gəlmək niyyətində deyil. Ermənistanda Azərbaycanın reinteqra­siya təkliflərini heçə sayan, bu təşəbbü­sün qeyri-səmimi olduğunu vurğulayan fikirlər tirajlanmaqdadır. Belə səfsəfələ­rin fonunda yeni müharibə dalğasını görənlər də var. 

Belə rəy formalaşdırılır ki, guya, Bakı Qarabağ ermənilərinə vətəndaş olaraq yanaşa bilməz, reinteqrasiya oyundur, məqsəd erməniləri Qarabağ­dan tamamilə çıxarmaqdır. Əlbəttə, erməni ictimai rəyi məsələyə soyqırımı və etnik təmizləmə kimi libaslar da ge­yindirməkdədir. Mövcud xüsusda, dün­yaya müraciətlər sıralanır, hətta bəzən beynəlxalq aləm Qarabağ ermənilərinin taleyinə biganə yanaşmaqda ittiham olunur da. 

Bu sayaq isterikanın formalaşma­sında həlledici “rol” Ermənistan haki­miyyətinə məxsusdur. Rəsmi İrəvan BMT müstəvisindəki uğursuzluqdan sonra özünə yer tapa bilmir. Yaxşı an­layır ki, diplomatik platformada Azər­baycana qarşı fəaliyyət heç bir nəticə verməyəcək. Amma cəhdlərini davam etdirir və bu davamiyyət üçün Bakını dünyanın gözündən salmaq meyili ak­tualdır. 

Bəli, hələlik tipik erməni baxışla­rındakı Azərbaycan aqressiyası güc metodunun tətbiqindən uzaqdır. Daha doğrusu, gücün yerini isterika tutub. Bu isterika üçün bir neçə xarakte­rik məqsəd var. Bunlardan birincisi, daxildə mütərəqqi düşünmək, Azər­baycanla sülh müqaviləsinin bağlan­masını istəyən azsaylı kəsimin səsini batırmaqdır. İkinci məqsəd isterikanın davamlılığı fonunda azərbaycanlılarla ermənilərin heç zaman birgə yaşaya bilməyəcəyi görüntüsünü formalaşdır­maqdır. Üçüncüsü, mövcud status-kvo­nu saxlayaraq vaxt udmaq. Əlbəttə, vaxtın udulmasındakı hədəf güclənmək və yeni müharibə ilə itirilmiş mövqeləri bərpa etməkdir. 

Ancaq indilik Ermənistan Azər­baycandan sadəcə qorxur. Ona görə haqqında söz açdığımız güclənmək və yeni müharibə məqsədi perspektiv üçün nəzərdə tutulur. Daha çox, Azər­baycanın, guya, Ermənistanın üzərinə hücuma keçəcəyi ritorikasına baş vu­rulur. 

Dördüncü və ən vacib məqsəd Azərbaycanla sülh gündəliyindən ya­yınmaqdır. Diqqət yetirək, artıq Bakı – İrəvan danışıqları sanki yoxmuş kimi bir mənzərə var. Əlbəttə, Azərbaycan cə­miyyətinin yekdil qənaəti budur ki, Er­mənistanla sülh müqaviləsi imzalansa belə, ölkəmiz hər zaman, necə deyər­lər, əli tətikdə dayanacaq. Nəzərə alaq ki, Ermənistan kimi qonşumuz varsa, əli tətikdə dayanmağa sadəcə məhku­muq.

Qeyd edək ki, əvvəllər Ermənistan dövləti, eləcə də ölkənin siyasi dairələri Azərbaycan hakimiyyətinin Qaraba­ğın erməni icmasının nümayəndələri ilə danışıqlar təşəbbüsünə qarşılıq, Bakı – Xankəndi dialoqu kimi bir format təklif edirdilər. Bu təqdimat bölgədəki separatçı rejimə mənəvi leqallıq statu­su qazandırırdı. Aydın idi ki, belə ma­nipulyasiyalar Bakının siyasi-diplomatik mövqeyini zəiflətməyə hesablanmışdı. Lakin hazırda bu məsələ gündəmdən çıxıb. Dialoqun mümkünsüzlüyü üzə­rində dayanılarkən isə haqqında söz açdığımız isteriya ön plana keçir. 

***

Ermənistan üçün bala dovşan obra­zını canlandırdıq. Ölkə həm də tutduğu pis əməl səbəbindən döyüləcəyini başa düşən uşaq kimidir. Onun rəhbərliyi və siyasi dairələri bar-bar bağırırlar ki, dö­yülməsinlər. Amma onu da deyək ki, bu uşaq son dərəcə sırtıq və həyasızdır. Həyasızlıq salanlardan biri də siyasi müşahidəçi Arman Abovyandır. O de­yir ki, Ermənistana və Qarabağa qarşı gözlənilən hərbi eskalasiyanın əlamət­ləri görünür. 

Müharibə məsələsi gündəmə gəlir­sə, bir qayda olaraq, Türkiyə amili də qabardılır. Ermənistanda artıq bu, adət halını alıb. Ölkənin bir sıra siyasi eks­pertləri, o cümlədən Abovyan da köhnə boqajdan çıxış edir. O, Türkiyə – Azər­baycan tandeminin Ermənistana qarşı gözlənilən hərbi eskalasiyasının işar­tılarını Türkiyə rəsmilərinin fikirlərində axtarır. Bu baxımdan qardaş ölkənin Xarici işlər naziri Hakan Fidanın de­diklərinin üzərində dayanır. Abovyanın sözlərinə görə, H.Fidanın Zəngəzur dəhlizinin açılması ilə regional kom­munikasiyaların şaxələndirilməsinə dair baxışı Sünikin (Zəngəzurun – red.) işğalını nəzərdə tutur və bu, Ermənis­tanın suveren ərazisinin bir hissəsinin ekstraterritorial statusu deməkdir.

***

Göründüyü kimi, Ermənistan ictimai mühitinin təmsilçiləri, elə hakimiyyət nü­mayəndələri də, necə deyərlər, hər şeyi öz arşınları ilə ölçməkdə həvəslidirlər. Onlar Bakını təcavüzkar olaraq qələmə verməklə, sanki onunla danışıqların əhəmiyyətsizliyini göstərirlər. Əslində, isə danışıqlardan, sülhdən yayınmaq yolu tutan özləridirlər. Onlar, həmçinin, hazırda tutduqları mövqenin nəyə doğ­ru apardığının da fərqindədirlər. 

Əlbəttə, Ermənistan üçün müharibə gözləntisi də bir məqsəddir, elə müha­ribənin özü də. Yəni, uşaq ona görə döyülmək istəyir ki, müharibə qlobal konfrantasiyalar, ziddiyyətlər meydanı­na çevrilsin. Görünür, Ermənistan belə riskli gedişdə nikbin perspektiv axtar­maq niyyətinə köklənib. Deməli, onun son günlər təmas xəttində təxribatlar törətməsi, atəşkəsi pozması halları heç də təsadüfi deyil.

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət