Arutyunyan–Vardanyan qarşıdurması açıq müstəviyə keçib

post-img

Deyəsən, Qarabağ separatçıları son güllələrini bir-birinə atacaqlar

Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyəti altında olan hissəsində yaşayan ermənilərin separatçı rejiminin tör-töküntüsünün başçısı Arayik Arutyunyanla sabiq “dövlət naziri” Ruben Vardanyan arasındakı qarşıdurma açıq müstəviyə keçib. R.Vardanyanın bugünlərdə yaydığı videomüraciət belə deməyə əsas verir. On bir dəqiqəlik müraciət “YouTube” videohostinqinə “Sən nə rəhbər, nə də baş komandan ola bildin” sərlövhəsi ilə yerləşdirilib.

Vardanyan həmin videoda Arut­yunyanı kəskin tənqid edib. Qeyd edib ki, Arutyunyanın dediyi heç bir sözün dəyəri qalmayıb: “Mən səmimi sözlərimi bu vəziyyətə görə məsuliyyət daşıyan şəxsə ünvanlamaq istəyirəm. Bu, hazır­kı “prezident” Arayik Arutyunyandır. Altı ay əvvəl vəzifədən gedəndə (qondarma rejimin “dövlət naziri” vəzifəsini nəzərdə tutur – S.H.) dedim ki, əgər “prezident” həqiqətən mübarizə aparmağa, “Artsax”­da və ondan kənarda – Ermənistanda və diasporda olan soydaşlarımızın lideri və baş komandanı olmağa hazırdırsa, biz hamımız onun yanında olmalıyıq. Hər şeyi etməliyik ki, o, həqiqətən, bizi irəli aparsın və biz bütün çətinliklərin öhdə­sindən gələk.

Bu gün Akobavəngdən (ləğv olun­muş Ağdərə rayonunun Kolatağ kəndi yaxınlığında yerləşən V-VII əsrlərə aid alban abidəsi–S.H.) çiyinlərində bö­yük yük, böyük məsuliyyət, məğlubiy­yət hissi daşıyan Arayik Arutyunyana demək istəyirəm ki, siz nə lider, nə də baş komandan ola bildiniz. Çox təəs­süf!”

O, əlavə edib ki, bir-birinə inam anlayışının Arutyunyan üçün heç bir əhəmiyyəti yoxdur: “Siz yalnız pul və vəzifə ilə hamını idarə etməyin müm­künlüyünə inanırsınız. Arayik, siz yanı­lırsız. Siz sözünüzün üstündə dura bil­məməklə, sözünüzü heçə çevirməklə səhv etmisiniz. Həftənin əvvəlində de­diniz ki, istefaya gedəcəksiniz və artıq qərar verdiyiniz üçün sizi yolunuzdan döndərməyə çalışmağa ehtiyac yox­dur. Birinci şəxsin sözünə artıq inamın olmaması ağırdır. Digər şəxslərə de­diniz ki, sizə təzyiq var və vəzifədən getmək istəmirsiniz. Siz hər dəfə fərqli insanlara fərqli şeylər deyirsiniz və bu, qəbuledilməzdir. Siz bizim bir yumruq­da birləşməyimizi istəmirsiniz və bu, adamı ağrıdır. Siz prinsipləri, dəyərlə­ri, ideologiyanı, insan münasibətlərini ikinci dərəcəli hesab edirsiniz. Bu, kə­dərlidir, mənim sizə yazığım gəlir – si­zin həyatınız dəhşətlidir”.

R.Vardanyan A.Arutyunyanın ötən həftə Qarabağ erməniləri ilə münasi­bətlərdə son qırmızı xətləri keçdiyinə əmin olduğunu bildirib. Daha sonra isə onu “dövlət qurumları”nı məhv etmək­də suçlayıb: “Siz “dövlət qurumları”nı məhv edirsiniz. Son 30 ildə müxtəlif insanların – istər yaxşı, istər pis – qur­duğu “dövləti” məhv edirsiniz. Sizin buna haqqınız yoxdur. Siz etdiklərinizə görə qarabağlılara cavab verməli ola­caqsınız. Mən onların yanında daya­nacağam. Əgər onlar bu sualı vermir­lərsə, bu, onların qərarıdır. Amma mən bir şeyə əminəm. Siz bir az sadəlövh, bəzən bir az hiyləgər, uşaqlarının Qa­rabağda böyüməsi üçün hər cür çə­tinliyə hazır olan “xalqımızın” ümid və inamını qırırsınız. İnsanlarda ən vacib olanı – bir-birinə olan inamı, milli və bəşəri dəyərləri məhv edirsiniz. Bu, qə­buledilməzdir, çünki bu, bizim hamımı­za, bizim nəsillərimizə vura biləcəyiniz ən böyük zərbədir”.

***

“Qolos Armenii” ictimai-siyasi qə­zetinin dünənki sayında dərc olun­muş “Arayik Arutyunyanın istefası çox şeyi dəyişəcək” sərlövhəli məqalə də diqqəti cəlb edir. Məqalədə bildirilir ki, BMT Təhlükəsizlik Şurasının iclası ermənilər üçün uğursuz olub: “Rejim lideri (Paşinyan rejimi nəzərdə tutu­lur – S.H.) “blokada”nın götürülməsi zərurəti ilə bağlı bütün bəyanatları öz aktivinə yazıb. Avqustun 16-dan sonra Paşinyanın xüsusi tapşırıqlar üzrə səfi­ri Edmon Marukyan bəyanat verməyə tələsib ki, BMT Təhlükəsizlik Şurasına müraciət heç də Ermənistanın sülh sa­zişi üzrə danışıqlardan çıxması demək deyil. Marukyan müqavilənin mətni üzrə işlərin sentyabr ayında davam etdiriləcəyinə ümid bəsləyib. Azərbay­can mediası sülhməramlıların Rusiya pasportu olan yerli sakinləri Qarabağ­dan evakuasiya etdiyi barədə məlumat yayır. Atəşkəs pozuntularının artması fonunda erməni mənbələrinin də təs­diqlədiyi bu məlumat təşviş doğurmaya bilməz”.

Politoloq Armen Badalyan vurğu­layıb ki, İrəvanda və Xankəndidə çox­ları ümidlərini Təhlükəsizlik Şurasının iclası ilə vəziyyətin yaxşılaşacağına bağlamışdı: “Ancaq Təhlükəsizlik Şu­rasının iclası bir daha sübut etdi ki, Ru­siyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra bütün məsələlər silahın gücü hesabına həllini tapır”. Onun sözlərinə görə, guya, yeni dünya nizamında BMT və digər nüfuzlu bey­nəlxalq təşkilatlar öz maraqlarından çıxış edərək qərarlar qəbul edirlər, heç kimə sirr deyil ki, bəzi hallarda bu təşki­latların sözləri əməldən xeyli fərqlənir. Badalyan Qarabağdakı vəziyyətin həl­lini birbaşa hakimiyyətin dəyişməsi ilə əlaqələndirib.

Onun sözlərinə görə, Qarabağda “parlamentin sədri”nin dəyişdirilməsi heç də təsadüfi deyildi. Lakin prosesə 50 faiz Paşinyanın, 50 faiz də Rusiya sülhməramlılarının təsiri altında olan A.Arutyunyanın istefasını tələb et­məklə son qoyulmalıdır. Badalyanın fikrincə, nə qədər ki, Qarabağda ikili hakimiyyət var, vəziyyətdən çıxış yolu olmayacaq: “Xatırladım ki, general Vitali Balasanyanı, guya, Qarabağ­dan tankları çıxarmaqda ittiham edən “Təhlükəsizlik Şurası”nın keçmiş katibi, general Samvel Babayan birbaşa danı­şıqların qəti tərəfdarıdır”.

Badalyan hesab edir ki, Qarabağ probleminin yekun həlli bilavasitə Ru­siyanın Ukraynadakı xüsusi əməliyya­tının nəticəsindən asılıdır. Qərb me­diasının 2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin növbəti əks-hücumunu proqnozlaşdırmasına baxmayaraq, Badalyan xüsusi əməliyyatın 2024-cü ildə başa çatacağı ilə bağlı proqnozlar səsləndirib. Onun sözlərinə görə, bun­dan 3-4 həftə sonra Moskva Qarabağ problemi ilə məşğul olacaq.

Təhlilçi Edqar Elbakyan, əksinə, hesab edir ki, bu cür bəyanatlar miflər­lə həmsərhəddir. Çünki onun fikrincə, Rusiya Federasiyasının xüsusi əməliy­yatın nəticəsinin necə olmasından asılı olmayaraq, Cənubi Qafqazda müasir strategiyası yoxdur. Elbakyan hesab edir ki, Qarabağdakı vəziyyətə təsir et­məyin yeganə yolu Ermənistanda haki­miyyət dəyişikliyidir.

***

Bu arada “Sputnik Ermənistan” agentliyinin dünən yaydığı məlumat da xüsusi maraq doğurur. Qeyd olunur ki, Rusiya sülhməramlıları avqustun 21-də 60 nəfərə yaxın şəxsi Qarabağ­dan çıxarıblar. Bunlar Rusiya vətən­daşları, həmçinin Ermənistan və digər ölkələrin ali məktəblərinə daxil olmuş tələbələrdir. Vətəndaşların daşınması iyunun 14-dən bəri ilk dəfə həyata keçi­rilir. Rusiya vətəndaşları bütün bu müd­dət ərzində Qarabağı tərk etmək üçün gözləyiblər. Sülhməramlı kontingentlə əldə olunan razılaşmalara əsasən, yaxın vaxtlarda Rusiya vətəndaşlarının və tələbələrinin çıxarılması davam et­diriləcək.

Erməni mənbələri çıxarılan şəxsləri sadəcə, Rusiya vətəndaşları və tələ­bələr kimi təqdim etsələr də, əslində, dünən Xankəndi–Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsin­dən sərbəst keçidi təmin edilən 60-a yaxın erməni əsilli şəxs adi insanlar de­yillər. Onların əksəriyyəti Rusiya vətən­daşlığını qəbul etmiş, RF pasportu da­şıyan, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir.

Göründüyü kimi, həm Vardan­yan–Arutyunyan qarşıdurmasının açıq müstəviyə keçməsi, həm erməni po­litoloqların hansısa möcüzəyə ümid etmələri, həm də Qarabağdan Rusiya vətəndaşlarının çıxarılması proseslərin geridönməz şəkil aldığını göstərir. Ar­tıq ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiyadan başqa çıxış yollarının qalmadığını aydın dərk edirlər. Azər­baycan dövlətinin addım-addım öz hə­dəflərinə çatmaq istiqamətində yürüt­düyü siyasət öz bəhrəsini verməkdədir.

Fikrət SADIXOV,
politoloq

– Azərbaycan Qarabağdakı ermənilərə təhlükəsiz həyat tək­lif edir, bunu istəməyənlərə qapı açıqdır, çıxıb gedə bilərlər. Ölkə­mizin mövqeyi beynəlxalq prak­tikaya uyğundur. Hər bir dövlət ərazisində yaşayan azlıqlara öz maraqlarını qoruyaraq, ərazi bü­tövlüyünü üstün tutaraq, hüquq­lar verir, onların təhlükəsizliyini təmin edir. Biz də bunu edirik və bundan sonra da etməyə hazırıq. Ermənilər Laçın yolunu vaxtilə tamamilə başqa məqsəd üçün istifadə ediblər. Oradan silah-sur­sat, terrorçular, qeyri-humanitar yardımlar daşınırdı. Təbii ki, biz buna razı ola bilməzdik. Ona görə də dinc şəkildə torpaqları­mızda yaşamaq istəməyənlərə qapı açıqdır, ərazimizi tərk edə bilərlər, bu məsələdə heç bir ma­neə yoxdur.

Azərbaycan Qarabağda yer­ləşən 10 min nəfərlik qeyri-qa­nuni silahlı dəstənin çıxarılması­na nail olmalıdır. Bizi daha çox narahat edən məsələ onların Qarabağdakı varlığıdır. Bizim onları ərazimizdən çıxarmaqdan başqa yolumuz yoxdur və mütləq çıxaracağıq. Oradakı separat­çılar hələ ki regionda maraqları olan havadarlarına arxalanırlar. Amma zaman göstərir ki, biz bir çox məsələlərlə hesablaşmırıq, bizim üçün əsas məsələ öz ma­raqlarımızdır və bu maraqlar çər­çivəsində hərəkət edəcəyik. Əgər bu xəttə gəlib çatmışıqsa, sona­dək getməliyik. Hələlik diplomatik müstəvidə ciddi şəkildə xəbər­darlıq edirik. Dünya birliyi, bey­nəlxalq təşkilatlar, Ermənistan və Qarabağda yaşayan etnik ermə­nilər bunu bilsinlər ki, Qarabağın erməni sakinləri Azərbaycan qa­nunları ilə yaşamalıdırlar.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət