Hindistan nədən qorxur ki, Ermənistana silah yardımı edir?

post-img

Böyük Britaniyanın keçmiş SSRİ üzrə siyasi ekspertinin yazdıqları

Hindistan və Pakistan arasındakı rəqabət Kəşmir münaqişəsi ilə bağlıdır. Bu ölkələr Ermənistana və Azərbaycana silah verməklə, öz strateji maraqlarını qoruduqlarına inanırlar. Onları etdiklərinin Qarabağ münaqişəsinin dərinləşməsinə səbəb olduğu az maraqlandırır. Siyasi ekspert Sven Petersenin “Eurasianet”dəki məqaləsində bununla bağlı fikirlər əksini tapıb.

Ekspert Qarabağ məsələsini Kəş­mir münaqişəsinin davamı kimi xarak­terizə edib. Onun fikrincə, Pakistan və Hindistan döyüşən tərəfləri–Ermə­nistanı və Azərbaycanı silahla təmin etməklə, özləri arasındakı rəqabət plasdarmında təmsilçilik həyata ke­çirirlər. Eyni zamanda, müəllif rəsmi İslamabadın uzun müddət Azərbay­canın tərəfində olduğu halda, İrəva­nın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Hindistanın Ermənistanın silah tədarükçüsünə çevrildiyini vurğulayıb.

S.Petersen, həmçinin Pakista­nın Azərbaycana dəstəyində Tür­kiyə amilini də önə çəkib. Bildirib ki, İslamabadın Bakının əsas dəstək­çisi olan Ankara ilə əlaqələri sıxdır. Müəllif mövcud xüsusda Pakistan hökumətinin 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olmasına diqqət çəkib. Onun diqqət çəkdiyi başlıca məqamlardan biri isə İslamabadın Ermənistanın müstəqilli­yini hələ də tanımamasıdır. 

Pakistan və Azərbaycan hərb­çilərinin 2016-cı ildən birgə təlimlər keçirdiklərindən, geniş strateji təh­lükəsizlik təmaslarını saxladıqların­dan söz açan müəllif bəzi digər mü­şahidəçilərin də fikirlərinə istinad edib və İslamabadın Bakıya özünün Çinlə birgə istehsalı olan “JF-17” qırıcıla­rını sata biləcəyinə toxunub. S.Pe­terson bununla yanaşı, Hindistanın 2022-ci ilin payızında Ermənistana 245 milyon dollar dəyərində artilleriya sistemləri, tank əleyhinə raketlər və döyüş sursatları verdiyini yada salıb. O, eyni zamanda, bu ilin mayında İrə­vanın Yeni Dehlidəki səfirliyinə hərbi attaşe təyin etməsinin üzərində da­yanıb və bildirib ki, bu tədbir ikitərəfli hərbi əməkdaşlığın dərinləşdirilməsi məqsədini daşımaqdadır.

Müəllifin fikrincə, Hindistanın Er­mənistana dəstəyini artırması ikinci üçün həlledici ola bilər. İrəvanın Ba­kının Qarabağdakı strateji təzyiqinə qarşı durmağa çalışdığını vurğula­yan Petersen Ermənistanın ənənəvi strateji tərəfdaşı olan Rusiyanın Uk­raynada bataqlığa düşdüyü və indi Qarabağ nizamlanmasında böyük rol oynamağa resurslarının və iradəsinin çatmadığı fikrindədir. İrəvan isə ümid bəsləyir ki, Hindistan Azərbaycanın Türkiyə, Pakistan və İsraildən aldığı dəstəyi kompensasiya etməkdə ona kömək göstərəcək. Əlbəttə, müəllifin məsələyə Ermənistanın əlinin Rusiya­dan üzüldüyündən Hindistana pənah apardığını düşünməsi prizmasından yanaşması mübahisələndirilə bilər.

S.Petersen yazısının davamında Hindistanın Qarabağ münaqişəsinə müdaxilə qərarını iki amillə əsaslan­dırır – strateji və iqtisadi. Yazır ki, Azərbaycanın 2020-ci ildəki Qələbəsi Yeni Dehlidə həyəcan yaradıb. Ölkə türk-müsəlman təsirindən qorxur. Ona görə də yenidən regional gücə çevrilə biləcəyinə ümid bəslədiyi Er­mənistanla əməkdaşlığı intensivləş­dirməyi zəruri sayır. Ümumən Hindis­tan yerli əhəmiyyətli münaqişələrdə qeyri-müsəlman tərəfin yanında olur. Ölkənin qorxduğu bir məsələ də var– Azərbaycanın Qarabağdakı strateji məqsədlərinə çatdıqdan sonra Anka­ra–Bakı–İslamabad qrupunun səylə­rini Kəşmirə yönəltməsi.

Digər tərəfdən, müəllif bu qənaət­dədir ki, Hindistanın Qarabağ mü­naqişəsində iştirakı izahını həm də Türkiyə və Azərbaycanın Xəzər höv­zəsində təsirini azaltmaq istəyində tapa bilər. Habelə, Ermənistanla güc­lü əlaqələr Yeni Dehlinin İranla əmək­daşlığına töhfə verir. Eyni zamanda, Hindistan Ermənistanın silah tədarük­çüsünə çevrilməklə, Rusiyanın vaxtilə malik olduğu statusa sahiblənmək, iqtisadi qazanc əldə etmək istəyir. Bununla belə, Petersenin yazdığı­na görə, Hindistanın özü də Rusiya silahlarının əsas idxalçısıdır. İkinci­nin isə hərbi texnikasının, təxminən, dörddə üçü Ukraynadakı müharibəyə yönəlib və bu səbəbdən ixrac sifariş­lərini yerinə yetirməkdə çətinlik çəkir.

Hindistanın Qarabağ müstəvisin­də informasiya müharibəsinə də gi­rişdiyindən söz açan Petersen hindis­tanlı döyüşçülərin muzdla bölgədəki döyüş əməliyyatlarında iştirak etmək üçün cəlb edilməsinə də diqqət ayı­rıb. Doğrudur, o, bu fikri deyərkən, Azərbaycan mediasına istinad etdiyi­ni bildirib.

S.Petersen onu da bildirib ki, Pa­kistanın və Hindistanın aktivləşməsi­nin Qarabağdakı hadisələrin gələcək inkişafına necə təsir göstərəcəyini söyləmək hələ tezdir. Lakin o, yeni ge­osiyasi konfiqurasiyada ATƏT, NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi ənənəvi aktorların təsi­rinin zəiflədiyi düşüncəsindədir.

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət