Azərbaycan–Macarıstan: qədim tarixə bağlı dostluq

post-img

Özlərini Şərqi Avropada Atillanın yadigarları sayan macarların Azərbaycanla çoxtərəfli əməkdaşlığı yüksələn xətlə inkişaf edir 

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycana əsl dostlarının kim olduğunu göstərdi. Axı müharibə dinc dövrdən fərqli olaraq həm də sınaq anıdır. O çətin günlərin sınağından üzüağ çıxaraq Azərbaycanın yanında duran ölkələrdən biri də Macarıstandır. 

2021-ci il martın 10-da cənab İlham Əliyevin Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu vide­oformatda qəbul edərkən dediyi söz­lər iki ölkə arasındakı səmimi dostluq münasibətlərini dəqiq xarakterizə edir: “Əminəm ki, Macarıstan şirkətlərinin də Azərbaycanın işğaldan azad edil­miş ərazilərində bizimlə birlikdə çalış­maqla bağlı çoxlu imkanları olacaq”. 

Avqustun 20-də Budapeştdə Maca­rıstanın Milli bayramı – Müqəddəs Ste­fan Günü münasibətilə silsilə tədbirlər keçirildi, yüksək qonaqların şərəfinə zi­yafət verildi. Həmin tədbirlərdə Avropa və Asiyanın bir çox ölkələrindən dövlət və hökumət başçıları, siyasətçilər və biznesmenlər iştirak edirdilər.

Bu münasibətlə Budapeştdə işgüzar səfərdə olan Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Budapeştdə bayram tədbirinə qatılıblar. Həmin gün Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub. Görüşdə Baş nazir ölkəsinə səfərə dəvə­ti qəbul etdiyinə görə İlham Əliyevə min­nətdarlığını bildirib. Dövlətimizin başçısı, öz növbəsində, V.Orbana Macarıstanın Milli bayramı münasibətilə təbrikləri­ni çatdırıb və onu Azərbaycana səfərə dəvət edib. 

Görüş əsnasında iki ölkə arasında enerji, o cümlədən, neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vur­ğulanıb. Eləcə də qida sənayesi sahəsin­də Macarıstanın Azərbaycana sərmayə qoyması, əczaçılıq sahəsində əməkdaş­lıqla bağlı əldə olunmuş müsbət dinami­ka qeyd edilib. Söhbət zamanı, həmçi­nin Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı–Budapeşt reyslərinin həyata keçiril­məsinin önəminə toxunulub, ümumilikdə, ikitərəfli əlaqələrin inkişafından məmnun­luq ifadə olunub.

Macarıstanın Milli bayramı müna­sibətilə Tatarıstanın başçısı Rustam Minnixanovun, Qətər əmiri Təmim bin Həməd Al Saninin Budapeştə gəlməsi, ümumiyyətlə, bayram tədbirlərinə qa­tılan ölkələrin coğrafiyası onu göstərir ki, Macarıstan Şərqi Avropada üstün mövqelərə çıxan ölkə statusunu qaza­nıb. 

Əməkdaşlıqda etibarlı, dostluqda sədaqətli 

Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan–Macarıstan münasibətləri dostluq, qardaşlıq prinsiplərinə əsasla­nır. Macarıstan Azərbaycanın müstəqil­liyini ilk tanıyan dövlətlərdən olub və iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin əvvəlindən qurulub. 

Həm müharibəyəqədərki, həm də postmüharibə dövründə Azərbaycan Ma­carıstanla Türk Dövlətləri Təşkilatı (TDT) və digər beynəlxalq platformalarda uğur­la əməkdaşlıq edir. 2018-ci ildən TDT-də müşahidəçi statusuna malik, təşkilatla əlaqələrinin inkişafına böyük əhəmiyyət verən rəsmi Budapeşt milli bayrağının məhz türkdilli dövlətlərin bayraqlarının yanında dalğalanmasını istədiyini giz­lətmir. Macarıstan paytaxtında qurumun nümayəndəliyi fəaliyyət göstərir. 

Bir maraqlı məqamı da xatırlatmağı­mız yerinə düşər. Baş nazir Viktor Orban 2018-ci ildə verdiyi bəyanatında bildir­mişdi ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və ma­car xalqı hun-türk köklərinə əsaslanır. Tə­sadüfi deyil ki, 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (o vaxt TDT belə adlanırdı – red.) VII Zirvə görüşünə Macarıstanın Baş Naziri Viktor Orban da qatılmışdı. Baş nazir çıxışında ölkəsinin Türk döv­lətləri ilə həmrəy olduğunu açıq şəkildə nümayiş etdirdi. 

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi istər ikitərəfli əmək­daşlıq çərçivəsində, istərsə də təmsil olunduqları beynəlxalq təşkilatlarda daim bir-birinə qarşılıqlı dəstək verirlər. Yeri gəlmişkən, Azərbaycan və Macarıs­tan arasındakı çoxspektrli sıx əlaqələr Avrasiya qitəsi üçün də böyük əhəmiy­yət daşıyır. 

Qarabağ münaqişəsində haqqın, ədalətin tərəfdarı kimi çıxış edən Maca­rıstan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Yuxarıda qeyd etdi­yimiz kimi, işğaldan azad olunmuş Qa­rabağ torpaqlarında aparılan bərpa-qu­ruculuq işlərində yaxından iştirak edən Budapeşt, eyni zamanda, minatəmiz­ləmə fəaliyyətinə dəstək məqsədilə ölkə­mizə 25 min avro ianə ayırıb. Onu da qeyd edək ki, iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün işlər sis­temli şəkildə aparılır. 

Strateji tərəfdaşlığa keçid

İki ölkə arasında strateji əməkdaşlı­ğa təkanverici amil İlham Əliyevin dövlət başçısı kimi bu ilin yanvar ayında Ma­carıstana rəsmi səfəri oldu. Həmin səfər qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlığı yeni mərhələyə daşı­mağa xidmət edirdi. Səfər zamanı Azər­baycanın dövlət başçısı və Macarısta­nın Baş nazirinin imzaladıqları sənədlər arasında ən mühümü iki ölkə arasında Strateji tərəfdaşlığın möhkəmləndirilməsi barədə Birgə Bəyannamə oldu. İqtisa­di sahəni də əhatə edən həmin bəyan­namə, eləcə də digər sənədlər əməkdaş­lığın daha da genişləndirilməsi üçün baza rolunu oynayır. Budapeşt Bakı ilə enerji sahəsində də əməkdaşlığa böyük önəm verir və Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirir. Dost ölkənin Orta dəhliz layihəsini də dəstəkləməsini, ona qoşulmaq niyyətini bildirməsini ayrıca qeyd etmək lazımdır. 

Əldə olunmuş razılığa əsasən, Azər­baycan qazı interkonnektorlar vasitəsilə Bolqarıstana, oradan Rumıniyaya, on­dan sonra Macarıstana, daha sonra di­gər Avropa ölkələrinə çatdırılacaq. 2023-cü ilin dördüncü rübündə Macarıstan Azərbaycandan 100 milyon kubmetr qaz almalıdır. Bununla bağlı Macarıstanın MVM CEEnergy şirkəti ilə Azərbaycanın SOCAR neft-qaz şirkəti arasında 2023-cü ilin sonuna qədər Macarıstana ildə 2 milyard kubmetrə qədər mümkün artımla 100 milyon kubmetr qaz tədarük edilməsi barədə saziş imzalanıb. Budapeşt uzun müddətdir ki, Azərbaycanla əməkdaşlı­ğı inkişaf etdirir və enerji daşıyıcıları ilə bağlı imzalanan saziş qaz tədarükünün daha da artırılmasına, onun həcminin bir milyard kubmetrə çatdırılmasına imkan verəcək. Bundan başqa, Macarıstanın daxili rezervuarlarında 50 miyon kub­metr Azərbaycan qazının saxlanmasına dair razılıq əldə edilib. 

Bəli, Azərbaycan və Macarıstan TDT-də, eləcə də digər nüfuzlu bey­nəlxalq təşkilarlarda uğurlu əməkdaşlıq ənənəsinə malikdir. TDT-də müşahidəçi ofisinə malik Budapeşt türkdilli ölkələrlə münasibətlərin inkişafına böyük əhə­miyyət verir. Macarıstanla əməkdaşlıq Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində xüsusi yer tutur. Son iyirmi ildə Bakı və Budapeşt arasında ikitərəfli əlaqələrin dinamikası­na diqqət yetirsək görərik ki, bu əlaqələr yalnız yüksələn xətt üzrə gedir. Macarıs­tan Azərbaycanın strateji tərəfdaşı, Av­ropa İttifaqında ən etibarlı müttəfiqlərin­dən biridir. İki ölkə arasında əməkdaşlıq TDT ilə yanaşı, çoxtərəfli platformalarda, o cümlədən BMT, ATƏT, NATO, Şərq Tərəfdaşlığı kimi təşkilatlarda inkişaf et­məkdədir. 

Böyük Turan Qurultayının ev sahibi

Bu gün Macarıstanda xeyli sayda azərbaycanlı yaşayır. Dost və qardaş ölkənin universitetlərinə üz tutan gəc­lərimizin sayı ilbəil artmaqdadır. Onu da qeyd etməliyik ki, təhsil sahəsində əməkdaşlığın səmərəsi hiss olunmaqda­dır və müsbət nəticələr var. Hazırda 200 azərbaycanlı gənc Macarıstan hökumə­tinin dəstəyi ilə (tələbə təqaüdləri) bu ölkədə təhsil alır. Aydın məsələdir ki, bu fakt respublikamızda çağdaş tələblərə cavab verən kadr potensialının yaradıl­ması istiqamətində çox önəmli hadisədir. Buna qarşılıq olaraq Azərbaycan Uni­versitetində Macar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 

Macarlar özlərinin soykökünə sa­diq, əcdadları ilə qürur duyan xalqdır. Avropanın ortasında qərar tutmalarına baxmayaraq dillərini yad təsirlərdən hifz etməyi bacarıblar. Macarlar hunların nəslindən, Atillanın nəvələri olduqlarına inanırlar. Deylənlərə görə, böyük Türk ailəsinin Qərbdə məskən salmış bir qolu hesab olunan macarların əcdadları Orta Asiyadan, Güney Uraldan və Qafqazdan gələndir. 

İyirminci əsrdə 45 il “sosialist düşər­gəsi”ndə qalmalarına rəğmən, heç vaxt keçmişini, soykökünü unutmayan macar­ların tarixlərinə sayğı və sadiqliklərinin bir örnəyi də Dünya Hun-Türk Qurulta­yının məhz Macarıstanda keçirilməsidir. 2008-ci ildən etibarən iki ildən bir təşkil olunan, həm də Böyük Turan Qurultayı adlanan tədbir açıq havada düzənlənir. Bu möhtəşəm yarışa dünyanın müxtəlif yerlərindən türkdilli xalqların nümayən­dələri təşrif buyurur və özlərinə məxsus milli adət-ənələri nümayiş etdirirlər. Son­da qədim türk tayfalarına məxsus atüstü yarışlarda güclərini sınayırlar. Amma, həmin yarışların axırında qalib-məğlub olmur. Hamı – süvarilər də, piyadalar da yan-yana düzülüb, çiyin-çiyinə dayanıb Atillasayağı hayqırırlar. Böyüməkdə və bütövləşməkdə olan Türk dünyasının səsini Avropaya, eləcə də bütün dünya­ya duyurmaqdan ötrü qələbəni bərabər bayram edirlər. 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət