Ermənistanda siyasi məhbusların sayı getdikcə artır

post-img

Smbatyanlara qarşı cəza tədbiri Paşinyan rejiminin gerçək simasını ortaya qoyur

Ermənistan hakimiyyətinin ölkəmizi dünyada nüfuzdan salmaq, ləkələmək üçün istifadə etdiyi narrativlərdən (ingilis və fransız dillərində “narrative” sözü nəql etmək, nağıl danışmaq mənasını verir-S.H.) biri də, guya, Azərbaycanda insan hüquqları vəziyyətinin dözülməz olması ilə bağlıdır. Xüsusilə, özünü demokrat adlandıran, “məxməri inqilab” nəticəsində iqtidara gəldiyini vaxtaşırı vurğulayan, əslində isə hakimiyyəti qəsb edən Nikol Paşinyan bu iddiadan gen-bol istifadə edir. Düzdür, Vətən müharibəsindən – “dəmir yumruğun” zərbəsini hiss edəndən sonra Paşinyanın məlum istiqamətdə böhtanları bir qədər səngiyib. Buna baxmayaraq, İrəvan ölkəmizin daxili işlərinə qarışmağa ara-sıra uğursuz cəhdlər edir.

Ermənistanın digər yalanı isə Qa­rabağdakı ermənilərin insan hüquq­larının pozulacağı səbəbindən Azər­baycana reinteqrasiya etmələrinin mümkünsüzlüyüdür. Halbuki, Qara­bağdakı ermənilər xunta rejiminin gi­rovluğunda olmağın, necə deyərlər, dərdini çəkməlidirlər.

Ermənistanda insan hüquqlarının pozulduğunu, siyasi məhbusların oldu­ğunu mərkəzi ofisi Vaşinqtonda yerləşən ABŞ-nin “GALLUP International Associ­ation” analitika və məsləhət şirkətinin Er­mənistan nümayəndəliyinin sorğusu bir daha təsdiqləyib. Şirkətin cari ilin iyulun 27-dən 31-dək keçirdiyi sorğuda iştirak edən respondentlərin 47,7 faizi ölkədə siyasi məhbusların olduğuna əminliyini bildirib, 22,7 faizi cavab verməkdə çə­tinlik çəkib. “GALLUP”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Nava­sardyan keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanda siyasi məhbus­ların mövcudluğu ilə bağlı sorğuda heç vaxt bu qədər yüksək faiz göstəricisi qeydə alınmayıb.

Eyni zamanda, respondentlərin ək­səriyyəti – 43,9 faizi müxalifətdə olan Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyanı, 23,7 fa­izi “İctimai səs” partiyasının sədri Artak Qalstyanı, 24,5 faizi isə Vanadzor şəhə­rinin sabiq meri Mamikon Aslanyanı si­yasi məhbus hesab etdiklərini bildiriblər.

***

Təxminən, 20 gün öncə Ermənis­tanda daha bir səs-küylü həbs həyata keçirilib. Söhbət Ermənistanın Rusiya və İsraildə fövqəladə və səlahiyyətli sə­firi olmuş Armen Smbatyanın və onun oğlu Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Sergey Smbat­yanın həbsindən gedir. Onların həbsi ilə bağlı Ermənistan baş prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda Smbatyanların dələduzluqda şübhəli bilinərək saxlanıldıqları qeyd olunub. Prokurorluq bu dələduzluq nəticəsində dövlətə 966 milyon dram (2,5 milyon dollar) maddi ziyan vurulduğu qənaə­tindədir. Bu cinayətdə Armen Petrosyan adlı iş adamının da adı keçir.

İşin materiallarına görə, təqsirlən­dirilən şəxslər 2012-ci ildə 800 milyon dram (2 milyon ABŞ dolları) dəyərində çoxfunksiyalı “Kitab dünyası” komplek­sinin tikintisi üçün hökumətə saxta in­vestisiya proqramı təqdim edərək dələ­duzluq yolu Çaykovski adına Musiqi Məktəbinə məxsus 300 kvadratmetrlik ərazini ələ keçiriblər. İstintaq müəyyən edib ki, Armen Smbatyan keçmiş mə­dəniyyət naziri Asmik Poqosyanın qo­humu, iş adamı Armen Poqosyanı “So­hocenter” şirkətini yaratmağa razı salıb. Bundan sonra şirkət meriyaya investisi­ya layihəsi təqdim edib, şəhər rəhbərliyi layihəni mədəniyyət nazirinə göndərib, o isə etiraz etməyib. “Sohocenter” şirkə­tinin direktoru – A.Poqosyanın qardaşı olan Çaykovski adına Musiqi Məktəbinin direktoru da bu proqrama razılıq verib. Nəticədə hökumət investisiya proqramı­nı təsdiqləyib, nazir isə şirkətlə müvafiq müqavilə bağlayıb. Müqaviləyə proqra­mın həyata keçirilməsi öhdəliyinə dair bənd daxil edilməyib. Beləliklə, şirkətin səhmdarları heç bir öhdəlik götürmədən daşınmaz əmlakı özəlləşdiriblər.

Cinayət işinə nəzarət edən prokuro­run qərarı ilə Armen Smbatyan xüsusilə külli miqdarda dələduzluğun təşkilində, Sergey Smbatyan və Armen Poqosyan isə xüsusilə külli miqdarda dələduz­luqda ittiham olunurlar. Bu günlərdə İrəvan məhkəməsi adları çəkilən şəxs­lərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı və­satətlərin rədd edilməsi haqqında qərar qəbul edib. Beləliklə, onların barəsində çıxarılmış 2 aylıq həbs-qətimkan tədbiri qüvvədə qalıb.

Smbatyanların həbsi iqtisadi sə­bəblərlə əlaqələndirilsə də, Ermənis­tan müxalifəti və müstəqil mediası bu həbsin siyasi xarakter daşıdığını bildirir. Onlar qeyd edirlər ki, Armen Smbatya­na qarşı təzyiqlər onun Paşinyan iqtida­rını tənqid etməsindən sonra başlayıb. Qeyd olunur ki, Paşinyan əzəli rəqibi Robert Koçaryan tərəfindən 2002-ci ildə Rusiyaya səfir təyin edilmiş və Serj Sar­kisyanın prezident olduğu dövrdə də işi­ni davam etdirmiş keçmiş diplomatdan bu yolla intiqamını alır. 

***

Ermənistanda kifayət qədər məşhur olan ata-oğul Smbatyanların həbsi ge­niş əks-səda doğurub. Tanınmış erməni idmançılar, həkimlər, mədəniyyət və in­cəsənət xadimləri onların barəsində se­çilmiş həbs-qətimkan tədbirinin yenidən nəzərdən keçirilməsi xahişi ilə Ermənis­tanın baş prokuroruna müraciət ediblər. Onların arasında dirijor Vladimir Spiva­kov, xor dirijoru Ovannes Çekidcyan, bəstəkar Tiqran Mansuryan, xalq mah­nılarının ifaçısı Ruben Matevosyan, opera müğənnisi Asmik Papyan, piano­çu Ayk Melikyan, Dövlət Caz Orkestrinin rəhbəri Armen Usnunts, rəssam Tiqran Dzitoxtsyan, yunan-Roma güləşi üzrə Olimpiya çempionu Artur Aleksanyan, boksçular Vik Darçinyan və Artur Abra­ham və başqaları var. Onlar yaydıqları müraciətdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş ediblər.

Dirijor Vladimir Spivakov “Sputnik Ermənistan” agentliyinə açıqlamasında deyib ki, Smbatyanlar erməni cəmiyyəti üçün təhlükə yaratmır, xüsusilə Sergey Smbatyanın həbsi mənfi rəy doğurur: “Armen və Sergey Smbatyanların həbs edilməsi və xüsusilə böyük miqyasda mütəşəkkil dələduzluqda ittiham olun­ması xəbəri məni şoka saldı. 40 ildir birlikdə olduğum sevimli erməni ictima­iyyəti ilə bölüşməyə bilməyəcəyim dərin kədər hissi keçirirəm. Bu, təkcə yara­dıcılıq deyil, həm də insani, qohumluq əlaqəsidir, ona görə də günün günorta çağı baş verən haqsızlıq qarşısında səssiz qala bilmərəm”.

O, qanun qarşısında hamının bəra­bər olduğuna diqqət çəkib. Amma qeyd edib ki, dünyanın heç bir ölkəsində heç kim təqsirsizlik prezumpsiyasını ləğv et­məyib.

Oxşar bəyanatla Rusiya Prezidenti­nin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da çıxış edib. O, baş nazir Nikol Paşinyana Ermənistanın Rusiya və İsraildəki keç­miş səfiri A.Smbatyanla bağlı həbs-qə­timkan tədbirinə yenidən baxılması xa­hişi ilə müraciət ünvanlayıb.

Edilən çoxsaylı çağırışlara, mü­raciətlərə baxmayaraq, Ermənistan hakimiyyəti ata-oğulu ev dustaqlığına buraxmağa tələsmir. Bu isə özünü de­mokrat, humanist kimi təqdim edən Nikol Paşinyan rejiminin gerçək siması­nı bir daha ortaya qoyur. Paşinyan və onun hökumətindəki bəzi şəxslər Azər­baycanı nələrdəsə ittiham etməzdən əvvəl özlərinin anti-demokratik mahiy­yətlərinə nəzər yetirsələr, daha yaxşı olardı.

Yeganə HACIYEVA,
politoloq

– Nikol Paşinyanın demokrat ruh­lu şəxs olmaması ilə bağlı təəssürat­lar onun hakimiyyətinin elə ilk günlə­rindən yaranmışdı. Onun aid olduğu Soros şəbəkəsi Paşinyanın adının ətrafında demokrat imici formalaş­dırmışdı. Həmin şəbəkə hansı ha­disələrin yaşanmasından asılı olma­yaraq, baş nazirin imicinin qorunub saxlanılması üçün dəridən-qabıqdan çıxırdı. Ermənistan insan hüquqları­na dair bütün əsas göstəricilərdə ge­rilik nümayiş etdirir. Paşinyan Kons­titusiya Məhkəməsi başda olmaqla məhkəmə sistemini faktiki olaraq rəqibləri ilə hesablaşma yerinə çe­virib. Daha sonra hüquq-mühafizə sisteminə öz adamlarını yerləşdirib. Ötən ilin oktyabr ayından indiyə­dək Ermənistan Ali Məhkəməsinin 20-yə yaxın hakimi bu və ya digər səbəblərlə, bəzən isə çox primitiv bəhanələrlə işdən uzaqlaşdırılıblar. Bu da onların hakim kimi Paşinya­nın xoşuna gəlməyən müstəqil qə­rarlar çıxarmaları ilə bağlıdır. Amma beynəlxalq təşkilatların demokratiya indekslərinin heç birində bu məqam­lar nəzərə alınmır. Çünki ölkə daxi­lində bu faktları ümumiləşdirib xaricə ötürən şəbəkə yoxdur. Üstəlik, hə­min təşkilatlarda çox sayda erməni əsilli şəxs çalışır. Bu mənada Ermə­nistan tənqidlərdən kənarda qalır və demokratiya göstəriciləri üzrə haqq etmədiyi yerlərdə qərarlaşır. Azər­baycanlılara qarşı kütləvi qırğınlar törədən bir xalqın demokratik göstə­ricilərinin yüksək olması öz-özlüyün­də inandırıcı deyil.

Ermənistanın Rusiya və İsrail­dəki sabiq səfiri Armen Smbatyanın həbsi də onun Paşinyanın əleyhinə çıxması ilə əlaqədardır. Paşinyan iqtidarı son vaxtlar bu istiqamətdə belə deyək, sistemli iş aparır və sil­silə həbslər həyata keçirilib. Yeganə səbəb isə qeyd etdiyim kimi, onların baş nazirin rəqibləri olmalarıdır.

Səxavət HƏMİD, “Xalq qəzeti”





Siyasət