Dövlət başçımızın İrəvana ünvanladığı mesaj aydın, konkret və birmənalı oldu
Məğlub tərəfə seçim imkanı verməyin özü siyasi mədəniyyətin göstəricisidir. Bununla Azərbaycan Prezidenti İlham Əliyev artıq neçənci dəfədir ki, ermənilərə sağlam düşüncəyə, beynəlxalq hüquqa və əlbəttə ki, xoş mərama söykənən çağırışlar edir. Bizi 30 il ərzində doğma yurdumuzda yaşamaqdan məhrum etmiş işğalçıların bir kəsiminin həmin torpaqlarda yaşamaq hüququnun tanınacağını həm də dünyanın diqqətinə çatdırır. Müharibədə məğlub olmuş tərəfə belə güzəşti indiyədək kim təklif edib? Tarix belə bir nümunə tanımır.
Avropanın nüfuzlu “Euronews” telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev Hayastan iqtidarını beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamağa çağırıb: “Onlar başa düşməlidirlər ki, əgər Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq”. Dünyada, o cümlədən Cənubi Qafqaz bölgəsində geosiyasi vəziyyətin çox kəskin şəkildə dəyişdiyini söyləyən dövlətimizin başçısı deyib: “Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır? Xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımız bir vaxtda? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm”. Azərbaycanın problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bir daha bəyan edən dövlətimizin başçısı “biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik” – dedi. Əlavə edib ki, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Hər şey aydın şəkildə, dolğun və başadüşülən tərzdə İrəvanın diqqətinə çatdırıldı. Bundan sonra qərar qəbul etmək onların öhdəsinə buraxılır: “Ermənistan hökumətinə çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır”.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə ünvanladığı mesajında İlham Əliyev onları qondarma liderlərin, yalançı “nazirlərin” arxasınca getməməyə çağırıb. Qeyd edib ki, liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, diqqətlə dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm. Cənab Prezident daim dediyi sözünün arxasında durması ilə hətta ermənilərin də etmadını qazanıb,– desək, heç də mübaliğəyə yol vermiş olmarıq. Nəyi nə vaxt edəcəyini dəqiq hesablayan strateq-diplomat müsahibəsində onu da qeyd edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidəki insanlar Azərbaycanda yaşayırlar: “Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi, Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”. Prezident İlham Əliyev müsahibəsində sadə ermənilərin reinteqrasiyaya hazır olduğunu, amma bu yolda süni maneələrlə üzləşdiklərini də açıq söyləyib: “Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda iki xalqın nümayəndələri arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan bizim işçilərlə erməni icması arasında ünsiyyət qurulub və onlar demək olar, dostlaşıblar”. Bu incə məqamla bağlı dövlətimizin başçısı qeyd edib ki, sadə insanların əksəriyyətinin ürəyində nifrət yoxdur. Yəni, sıravi ermənilər azərbaycanlılarla dinc yanaşı yaşamağa, mehriban qonşuluq münasibətləri qurmağa özləri meyillidirlər.
Dövlətimizin başçısı müsahibəsində tərəflər arasında gərginlik yarada biləcək xüsusi bir məqamın olmadığına diqqəti yönəldib: “Əsas məsələ Ermənistanın bizim ərazi bütövlüyümüzü tanıması idi. Ermənistan baş naziri Nikol Paşinyan və digər rəsmilər bunu dəfələrlə dilə gətiriblər. Növbəti məqam isə nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Bu məsələ ilə bağlı da rəsmi İrəvanın müsbət açıqlamalarını bir neçə dəfə görmüşük”. Bundan sonra Azərbaycan Qarabağla bağlı hansı addımları atacağını özü seçəcək. Seçimlərdən biri də rus sülhməramlılarının nəzarətində olan ərazimizdə revanşist-separatçıların mümkün silahlı təxribatına cavab olaraq növbəti antiterror əməliyyatının reallaşdırılması ola bilər. Məhz Ermənistan silahlı qüvvələrinin tör-töküntüsü Qarabağ iqtisadi rayonumuzdan çıxarıldıqdan sonra “Qordi düyünü”nün açılması da avtomatik asanlaşacaq. Əslində, tərəfləri sülh sazişinə aparan yolda ən böyük maneənin bu amilin olduğunu deməklə səhvə yol vermiş olmarıq. Əks-təqdirdə münaqişənin dinc yolla həllində çoxsaylı vasitəçilərin göstərdiyi təşəbbüslərin, bir-birini əvəzləyən dialoq raundlarının müsbət sonluqla bitəcəyi sual altındadır. Bakı qarşı tərəfə doğru atacağı xoşməramlı addımları ilə bu skeptik proqnozun reallaşmasına imkan vermək fikrində deyil. İndi hamıya aydındır ki, Azərbaycan sülh razılaşmasından öncə Qarabağda yaşayan etnik ermənilərlə məsələni köklü şəkildə həll etməkdə qərarlıdır. Onlar ya vətəndaşlığımızı qəbul etməli, cəmiyyətimizə reinteqrasiya olmalı, ya da torpaqlarımızı tərk etməldirlər. Yalnız bu məsələ öz həllini tapandan sonra sülhdən danışmaq mümkündür.
“Euronews” telekanalına müsahibəsində münasibətlərin tənzimlənməsi prosesindən danışan Prezident İlham Əliyev sülh sazişinin əsas bəndlərinin nazirlər tərəfindən tərtib edildiyini bildirib. Azərbaycan lideri, həmçinin Ermənistan tərəfindən konstruktiv yanaşma görünəcəyi, ən vacibi isə onların Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bütün iddialarını kənara qoyacaqları təqdirdə tezliklə, bəlkə də, ilin sonunadək sülh sazişinin imzalana biləcəyinə ümid etdiyini söyləyib.
Prezident İlham Əliyev müsahibəsində həm İrəvandakı revanşistlərə, həm də Qarabağdakı separatçılara öz ismarıclarını verib. Bundan nəticə çıxarmaq və düzgün qərar qəbul etmək qalır qarşı tərəfin öhdəsinə. Amma qərar qəbul etməzdən əvvəl yaxşı-yaxşı düşünsünlər. Bu şans onlara bir daha verilməyəcək.
Tofiq ABBASOV,
politoloq
– Cənab Prezident “Euronews”a müsahibəsində Qarabağ deyilən problemin qalmadığını, onun Azərbaycanın daxili məsələsi olduğunu bir daha bəyan etdi. O ki qaldı, 25-30 min erməninin cəmiyyətə reinteqrasiyasına, bəli, dövlət başçımız bu yolda heç bir maneənin, çətinliyin olmadığını nəzərə çatdırdı. Əvvəllər olduğu kimi, indi də bu məsələdə cənab Prezidentin sözü də, əməlləri də həmahəngdir. Bildirildi ki, yol açıqdır, yaşıl işıq yandırılıb və Qarabağ erməniləri bu prosesdə heç nədən qorxmayaraq bu addımı ata bilərlər.
Amma bu zaman İlham Əliyev oradakı qondarma müdirlərin, “prezidentlərin”, “nazirlərin” pozucu fəaliyyətini əbəs yerə xatırlatmır. Biz həmin fəaliyyətlərdən xəbərdarıq, indi də “Euronews”un çoxmilyonluq auditoriyası bu barədə birinci şəxsin dilindən düzgün və dolğun məlumat aldı. Ona görə Prezident açıq şəkildə bildirdi ki, erməni icması əgər separatçıların, “özfəaliyyət dövləti” yaradan “rəislərin”, “liderlərin” əsarətindən qurtulmaq istəyirsə, bunu etsinlər. Onların çətinliyi həm də ondadır ki, əlisilahlı quldurlar sadə insanları qorxu altında saxlayır, seçim imkanı vermirlər. Təsadüfi deyil ki, dövlət başçımız üzünü onlara tutub deyir ki, taleyiniz öz əlinizdədir. Əlbəttə, bu prosesin müxtəlif aspektləri var. Həmin “rəislər” öz “imtiyazlarını” itirmək istəmirlər. Ora xaricdən qaçaqmalçılıq yolu ilə silah-sursat gəlirdi, maliyə dəstəyi də alırdılar. Artıq onların bu “biznes-projelərinə” son qoyuldu. Vaxt da tükənir. Dörd tərəfləri Azərbaycandır. Heç bir dəhliz-filan söhbəti ola bilməz. Bakı onlara Laçın yoluna alternativ Ağdam yolunu təklif edib. Bəs “blokada” məsələsini ortaya atanlar kimlərdir? Əlisilahlı qeyri-qanuni dəstələr, həmin o “müdirlər”dir. Bunlar hətta dinc soydaşlarının qanını tökməyə belə hazırdırlar ki, dünyaya “etnik təmizləmə”, “soyqırımı” qışqıra bilsinlər və bunu Azərbaycan hakimiyyətinin ayağına yazsınlar. Ancaq, bu, yalnız o zaman baş tuta bilərdi ki, biz bütün yolları bağlayıb, erməniləri dörd divar arasında saxlayardıq. Xeyr, Azərbaycan onlara yol da verir, alternativ təkliflər də. İlham Əliyev “Euronews”a müsahibəsində bütün bu reallıqlar barədə dünya birliyində, beynəlxalq ictimaiyyətdə düzgün təsəvvür yaratdı.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”


