Mariya Zaxarova hansı həqiqətləri açıqladı?
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi ənənəvi brifinqdə Azərbaycan – Ermənistan münasibətlərinin son durumuna münasibət baxımından ölkəsinin mövqeyini dörd vacib istiqamət üzrə izah edib.
Birincisi, Rusiya XİN-in təmsilçisi Azərbaycanın, guya, Qarabağı blokadada saxlaması ilə bağlı Ermənistan hakimiyyətinin və ermənipərəst dairələrin qaldırdıqları məsələyə münasibətini açıqlayıb. Bildirib ki, Moskva tərəflərlə işləyir və ictimai müraciətlərin nəticə vermədiyi söylənildiyinə baxmayaraq, Laçın dəhlizinin təcili olaraq açılmasının və yerli əhalinin normal yaşayış şəraitinin təmin edilməsinin zəruriliyini bir daha təsdiqləyir. Ən əsası isə Zaxarovanın fikrincə, çox şey siyasi iradədən və kompromis addımlara hazır olmaqdan asılıdır və bu halda, gərginlik aradan qaldırıla bilər. Rusiya tərəflərlə mövcud istiqamətdə işləyir.
Qısaca bildirək ki, hazırda güzəştə getməli olan tərəf nə Ermənistandır, nə də Azərbaycan. Bakı otuz ilə yaxın müddətdə çox şeyi güzəştə gedib. İrəvan üçün güzəşt yox, razılaşmaq və reallıqlarla barışmaq məntiqi əsasdır. Ermənistanın siyasi dairələrinin bunu anlaması isə daha vacibdir. Yəni, İrəvanın nəyisə güzəştə getməsinə Bakının ehtiyacı əsla yoxdur.
İkincisi, Rusiya XİN-nin rəsmi nümayəndəsi Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistan – Azərbaycan münasibətlərinin normallaşması çərçivəsində Rusiyanın danışıqlardakı fəallığının azalması ilə bağlı fikirlərinə münasibət bildirib və deyib ki, Paşinyanın söylədikləri ilə razılaşmır.
Qeyd edək ki, Nikol bu qənaətini əsaslandırarkən, Moskvanın başının Ukraynada qarışdığını və Bakı – İrəvan münasibətlərinin tənzimləməsinə zəruri diqqəti ayıra bilmədiyini vurğulamışdı. Zaxarova isə Paşinyanın məntiqini “qaranlıq” adlandırıb: “Əlbəttə, məntiq qaranlıqdır. Adamda belə bir hiss yaranır ki, 2022-ci ilə qədər bu istiqamətdə Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən hər şey “heç bir problem olmadan” olub, yoxsa nə?”
Zaxarovanın sözlərinə görə, Ukraynadakı xüsusi hərbi əməliyyat fonunda xarici siyasətin müəyyən sahələrinin Moskva üçün daha az prioritet olduğunun bildirilməsi, sadəcə olaraq, faktiki əsaslara malik deyil. Onun dediklərindən belə çıxıb ki, Paşinyanın gəldiyi qənaət özünün şəxsi mühakiməsi, rəyi, emosiyalarının məhsuludur.
Rusiya XİN sözçüsü onu da bildirib ki, Rusiya Ermənistan – Azərbaycan münasibətlərinin normallaşması prosesinin irəliləməsində tam maraqlı idi və bundan sonra da maraqlıdır. “Biz regionda davamlı sülh və harmoniyaya nail olmaq üçün hər şeyi edirik. Cənubi Qafqazda öz öhdəliklərimizi tam şəkildə yerinə yetiririk. Son bir neçə ay ərzində Rusiya Federasiyasının iştirakı ilə ən yüksək səviyyədə bütöv bir silsilə təmaslar baş veribsə, hansı fəaliyyətin azalmasından danışmaq olar? Əsas olanları sadalayaq: mayın 25-də Moskvada üçtərəfli görüş, iyunun 2-də nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun on ikinci iclası, mayın 19-da və iyulun 25-də Moskvada Rusiya Federasiyası, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar. Bu azalmadır?”, – deyən xanım sözçü Paşinyanın iddiası ilə bağlı sualı cavablandırarkən, bir qədər də konspriativ tonda fikir bildirməsi ilə yadda qalıb. O deyib ki, əsas olan həqiqətlərlə üz-üzə qalmaqdır, eyni zamanda, Bakı və İrəvanın əldə etdiyi razılaşmanın ardıcıl şəkildə həyata keçirilməsidir. Bu məsələdə Rusiya tərəflərə hər cür kömək göstərməyə hazırdır.
Bu yerdə vurğulayaq ki, razılaşmanı yerinə yetirməyən tərəf Ermənistandır. Yaxşı olardı ki, Zaxarova bunu açıqdan-açığa bildirərdi. İndiki Rusiyanın bir sıra rəsmiləri həqiqətləri yalnız üzərlərində Ermənistan tərəfindən təzyiq hiss edəndə dilə gətirirlər. Elə Zaxarova kimi.
***
Həqiqətləri dilə gətirməkdən söz düşmüşkən, M.Zaxarova Azərbaycanın Qarabağa Ermənistandan gələn humanitar yüklərin keçməsinə, guya, icazə verməməsinə və mövcud xüsusda Rusiya sülhməramlılarının fəaliyyətsizliyinə dair erməni jurnalistlərin suallarını cavablandırarkən maraqlı məqama toxunub. Deyib ki, İrəvanın bölgəyə humanitar karvan göndərilməsi məsələsini Azərbaycan hakimiyyəti ilə razılaşdırmamasına baxmayaraq, Rusiya sülhməramlı kontingenti problemin həlli yollarının axtarışına fəal qoşulub və hər iki tərəflə daimi əlaqə qurub. Eyni zamanda, “bütün bunların fonunda biz hesab edirik ki, Rusiya sülhməramlılarına qarşı hər hansı ittihamlar düzgün deyil”.
Bəli, Zaxarovanın fikirlərindən belə nəticəyə gəlmək olar ki, Moskva Ermənistandan Qarabağa humanitar yüklər göndərilməsinin Azərbaycanla razılaşdırılmalı olduğu məntiqini qəbul edir. Hesab edirik ki, Rusiya XİN sözçüsünün ənənəvi brifinqə damğasını vuran fikir məhz budur.
M.Zaxarovanın Vaqif Xaçatryan adlı terrorçu və caninin Azərbaycan tərəfindən saxlanılması ilə bağlı sualı cavablandırarkən söylədiklərinə gəlincə, o, ölkəsinin Bakı ilə Xankəndi arasında danışıqların başlanmasının tərəfdarı olduğunu vurğulayıb və bildirib ki, Rusiya sülhməramlıları əvvəllər iki nümayəndə heyətinin görüşlərinin təşkilinə kömək ediblər və bundan sonra da buna lazımi yardım göstərməyə hazırdırlar. “Rusiya heç bir ilkin şərt irəli sürmür. Hazırda Qarabağda gərginliyin artması fonunda, mövqeləri ciddi şəkildə bir-birindən fərqlənən tərəflərin yanaşmalarını yaxınlaşdırmaq üçün əzmlə çalışır”.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

