Erməni təəssübkeşliyi: “Laçın dəhlizi” məntiqi və beynəlxalq hüquqa etinasızlıq

post-img

Qarabağ ermənilərinin nicatı Ağdam–Əsgəran yolundadır

 

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel haqlı idi. Azərbaycan hakimiyyətinin Ağdam vasitəsilə Qarabağa humanitar yüklərin çatdırılmasına hazır olduğunu diqqətə çatdırmış Borrel düz deyirdi ki, Ağdam yoluna Laçın dəhlizinin alternativi kimi baxmaq olmaz. 

Əlbəttə, avropalı ali nümayəndənin məsələyə hansı prizmadan baxdığını mübahisələndirmək niyyətindən uza­ğıq. Yəni, demək istəmirik ki, Aİ-nin rəsmi nümayəndəsi belə fikir bildirmək­lə, Azərbaycanın təklif etdiyi variantın məqbulluğuna dair subliminal mesaj vermişdi. Nə də cənab Borrelin xam xəyala düşdüyündən, Laçın yolunun açılmasının qaçılmazlığını nəzərdə tut­duğundan söz açmaq fikrindəyik.

 Əsas məsələ, ümumən, artan er­mənipərəstlik dalğası fonunda Azər­baycanın mövqeyinin hansısa formada gündəmə gətirilməsidir. Hesab edirik ki, dünya həmin dalğadan xilas olduqca tərdricən Bakının baxışlarına köklənə­cək. Bunun bir qədər zamana ehtiyacı var. Zamana və dirənişə. Qətiyyətlə demək olar ki, ötən həftə həmin zamanı udmaq üçün göstərdiyimiz dirəniş baxı­mından əlamətdar oldu. 

Bəli, Azərbaycan dirənir. Ölkəmiz prinsiplərində qətiyyətli və ardıcıldır. Prinsip isə budur ki, qanuni əraziləri­mizə yiyələnməliyik. Əzmimiz qarşı­sında dayanacaq güc yoxdur. Bu isə o deməkdir ki, erməni təbliğat maşınının təsiri ilə anti-Azərbaycan mövqe tutan tərəflər tədricən arxa plana keçəcəklər. Zamanla hay-küy, mənasız pafos öz yerini soyuq reallıqlara və faktlara verə­cəkdir. Hələlik isə böyük şairimiz Xəil Rza Ulutürkün təbirincə desək, “davam edir 37.” 

Əslində, şairin fikirlərini əbəs yerə xatırlamadıq. Ermənistan hakimiyyəti, onun havadarları, ermənipərəst dairələr 30-cu illərin repressiyası havasına kök­ləniblər. Azərbaycanı dünyaya Qarabağ ermənilərinə qarşı repressiya aləti qis­mində təqdim edirlər. Etnik təmizləmə, soyqırımı və sair iddialar da öz yerində. Erməni təbliğat maşını hazırda bütün hüquq normalarına tüpürməklə məş­ğuldur. Beynəlxalq ictimaiyyətin bəzi qütbləri isə bunu ana südü kimi qəbul edirlər.

Məsələn, Avropa Şurasının baş katibi Mariya Peyçino­viç-Buriç. Bu xanım bəyanat yayaraq Laçın dəhlizi boyunca sərbəst hərəkətin bərpasına çağırıb. Niyə? Nə üçün? Avropa Şurası Azərbaycanı qu­ruma hansı ərazilərdə qəbul edib? Yenə həmin ərazidir də. Bu ərazinin Ermənis­tanla sərhədi olmamalı idi? Azərbaycan öz sərhədinə nəzarəti həyata keçirib, qanunlarını tətbiq etməli deyildi? O za­man biz nə üçün Avropaya şengen viza­sı ilə gedirik?..

Digər yandan, Azərbaycan başqa qonşuları ilə də quru sərhədlərini açma­yıb. Oktyabradək ölkəmizdə xüsusi ka­rantin rejimi qüvvədədir. Nə üçün Ermə­nistan istisna olmalıdır? Amma ölkəmiz bu istisnanı etdi. Bir çox şeyləri nəzərə aldı. Sərhəddə normal-gediş gəliş oldu. Erməni təbliğat maşını isə həmin müd­dətdə də blokada məntiqini sürdürdü. Mariya Peyçinoviç-Buriçin dostları isə ermənilərə züy tutmaqla məşğul oldu­lar. Nəticədə, Azərbaycanın adı yenə pis çıxdı. Madam ki, hər bir halda ölkə­mizə qarşı qarayaxma davam edəcək, o zaman nə üçün sərhədi açaq? Onsuz da ermənipərəstlər öz oyunlarından çə­kinmirlər. 

Başqa bir yandan, Avropa Şurası­nın baş katibi nə üçün təmsil olunduğu qurumun erməni işğalını pisləyən bəya­natlarını yada salmır? İşğal ölkəmizin 86,6 min kvadratkilomertlik ərazisinə qarşı həyata keçirilmişdi. O əraziyə ki, onunla Azərbaycan quruma daxil ol­muşdu. Laçın dəhlizi də həmin ərazi­dədir. Görəsən, xanım Peyçinoviç-Buriç bunu bilmirmi? Bilməmiş olmaz. Elə isə nə üçün obyektiv ola bilmir? Məsələn, o, deyə bilər ki, Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərini özü təmin et­məlidir. Ancaq bölgədəki separatçı rejim Ağdam-Əsgəran yolunu kəsərək buna maneçilik törətməkdədir. Yox, deməz axı. Bəs, ermənipərəstlik damarını kim işə salsın? Kim erməni mənafeləri üçün çalışsın? 

Xanım Buriç bildirir ki, Qarabağdakı ağır humanitar və insan haqları vəziyyə­tindən son dərəcə narahatdır. O zaman vaxtilə Xankəndidə, Ağdərədə yaşamış, indi ora gedə bilməyən azərbaycanlıla­rın da insan hüquqlarından məhrum ol­duğundan narahatlığını ifadə etməlidir. Edirmi? Xeyr! Demək ki, gedib işi ilə məşğul olmalıdır. Yox bir, narahat imiş! 

Avropa Şurasının baş katibi öz alə­mində, guya, balans yaratmağı da yad­dan çıxarmır. O deyir ki, hər iki tərəfi Laçın dəhlizindən azad və təhlükəsiz keçidi sürətlə təmin etmək məqsədilə həqiqi dialoqa çağırır. Bəli, yaxşı çağı­rışdır. O anlamda ki, həmin keçiddən azərbaycanlılar da keçsinlər. Keçsinlər və gedib vaxtilə qovulduqları dədə-ba­ba torpaqlarında məskunlaşsınlar. Do­ğulub boya-başa çatdıqları Qərbi Zən­gəzuru, İrəvanı, Göyçəni və sair yerləri görsünlər. Belə olduqda, xanım Buriçin də üzərində əsdiyi insan hüquqları özünün təntənə anını yaşayar. Ancaq təəssüf ki, dünya bu təntənəni görmək istəmir, erməni avantürizminin yenidən təcəllisi üçün çalışır. İnsan haqlarını tapdama da məhz mövcud kontekstdə baş verir.

Ötən həftə insan haqlarına saymazdan gələn, ermə­nipərəst mövqe tutan daha bir beynəlxalq kəsim Almaniya Bun­destaqının deputatları oldu. Onların bir qrupu bəyanat yayaraq Azərbaycan­dan Laçın dəhlizinin açılmasını tələb edib. Bu “nemeslərin” fikirlərini ifadə edən isə Bundestaqın İnsan Haqları Komissiyasının sədri Renata Alt idi. O, Almaniya hökumətinin Cənubi Qafqaz, Moldova və Mərkəzi Asiya ilə cəmiyyət­lərarası əməkdaşlıq üzrə koordinatoru, Bundestaqın deputatı, Bundestaqın ATƏT-in Parlament Assambleyasında­kı nümayəndə heyətinin rəhbəri Robin Vaqener, Bundestaqın deputatı, Xarici Əlaqələr Komitəsinin üzvü Merle Şpe­lerberq və başqaları daş atıb başlarını tutdular ki, bəs insan həyatı geosiyasi faktor ola biməz. Əslində, bu fikir son dərəcə yerindədir. Bəli, insan həyatının geosiyasi amilə çevrilməsi yolverilməz­dir. Ancaq indiki durumda bunu edən Ermənistan hakimiyyətidir. 

İnsanların həyatları üzərində oyun quranlar, eyni zamanda, Ermənistanın havadarları, ölkəyə dəstək olan qütb­lər, həmçinin bu vaqnerlər, renata altlar, robin vaqnerlərdir. Onlar rəsmi İrəvan­la birləşib Qarabağın erməni əhalisinin durumunu ağırlaşdırmaq yolu tuturlar. Bu qəddarlar hazırda dünya ermənili­yinin, ekstremist erməni millətçiliyinin “Azərbaycanın hakimiyyəti altında ol­mayan Qarabağ”, bu alınmadıqda isə “ermənilərsiz Qarabağ” formulunu ger­çəkləşdirməyə çalışırlar. 

Birinci halda Qarabağda separat­çılıq saxlanılır, ikinci halda isə erməni avantürizmi niskilə çevrilir. Bu gün baş verənlər, o cümlədən Ermənistanın Azərbaycanla şərti sərhəddə, Həkəri körpüsü üzərindəki buraxılış məntəqə­si zonasında düzənlənmiş “tır şousu” birinci planın tərkib hissəsidir, bu is­tiqamətdəki müqavimətin son akkordla­rıdır. Amma diqqət edək ki, ikinci “pla­nın” da anonsu indidən verilməkdədir. Söhbət Azərbaycanı Qarabağda etnik təmizləmə aparmaqda, soyqırımı törət­məkdə günahlandırmaqdan gedir. 

Dediyimiz kimi, birinci “plan” alınmasa, ikinciyə keçiləcək. Erməni millətçiliyi bu işdə “peşəkardır”. Vaxtilə xalqlar arasında ədavəti qızışdırmaq üçün Sumqayıt er­mənilərini qətlə yetirənlərin nəsillərinin indi eyni əməlləri Qarabağda reallaş­dırmaq istəyəcəklərinə şübhə yoxdur. Bu azğınlar belə qəddarlıq edib Azər­baycanı ittiham edəcək təbiətdədir­lər. 44 günlük müharibənin sonlarına yaxın da oxşar qeyri-insani davranışı gerçəkləşdirmək fikrinə düşmüşdülər. Xankəndidə və digər əraziləridəki sıravi erməniləri qırmaq, Azərbaycanı soyrıqı­mında günahlandırmaq istəmişdilər. Bu mənfur ssenarini reallaşdırmaq üçün bölgəyə xaricdən jurnalist ordusu da gətirmişdilər. Media təmsilçiləri “soyqırı­mı barədə” dünyaya məlumat ötürməli, hadisə yerindən canlı yayımlar etməli idi. 

İndi də Azərbaycana ittiham üzərin­də irəli sürülən soyqırımı, etnik təmiz­ləmə kimi fikirlər, əslində, Bakının şantaj etməkdən başqa bir şey deyil. Demək istəyirlər ki, sadə erməni əhalini məhv edib günahı Azərbaycanın üstünə at­maq “potensialındadırlar”. Qarabağdakı erməni silahlıları ona görə ərazini tərk etməyiblər. Aydındır ki, onlar Azərbay­canla döyüşəcək gücdə deyillər. Gücləri yalnız əliyalın insanlara çatar.

Bəli, belə görünür, buriçlər, vaqe­nerlər, renata altlar, robin vaqnerlər və digərləri məhz buna görə çalışırlar. Ermənistan hakimiyyəti belələrinin sı­rasını geniş tutmağa can atır. Mövcud istiqamətdə müəyyən şəxslərin dilindən saxta bəyanatlar səsləndirilir, interp­retasiyalara yol verilir. Birincisi, heç bir halda Laçın yolu açılmayacaqdır. Həm də ona görə ki, dəhliz məntiqi qəbule­dilməzdir. Ermənistan bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qəra­rına istinad edirsə, nəzərə almalıyıq ki, həmin məhkəmə bir müddət əvvəl Er­mənistanın Həkəri körpüsündə sərhəd nəzarət-buraxılış məntəqəsinin ləğvi ilə bağlı iddiasını rədd edib. Belə olan hal­da dəhliz məntiqinin heç bir əhəmiyyəti qalmır. Rəsmi İrəvan, eləcə də digər ermənipərəstlər hay-küy qaldırarkən, mövcud məqamı da nəzərə almalıdırlar. 

İkincisi, Azərbaycan çeşidli təzyiqlər qarşısında özünün haqlı mövqeyindən geri çəkilən deyil. Əgər Qarabağda hu­manitar böhran və ya humanitar fəlakət yaşanırsa, ölkəmiz bu durumun aradan qaldırılmasına kömək göstərməyə ha­zırdır. Yəni Qarabağ ermənilərinin nicatı “Laçın dəhlizi”ndə yox, Ağdam-Əsgəran yolundadır. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət