Meşəli qatilini “millətin fədaisi” obrazında təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar
Qanunsuz erməni silahlı birləşmələrinin üzvlərinin 1991-ci ilin dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində törətdikləri qətliamda iştirak etməkdə ittiham olunan Vaqif Xaçatryanın iyulun 29-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılması Ermənistanda və Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər arasında yeni isterika dalğasının yaranmasına səbəb olub.
Ermənistanın dövlət qurumları, o cümlədən xarici işlər nazirliyi, fəaliyyətdə olan və keçmiş ombudsmanı, parlamentdəki fraksiyaların başçıları, deputatlar, siyasi partiya sədrləri və ictimaiyyət nümayəndələri olaya münasibət bildiriblər. Onlar ənənəvi iftira, böhtan atmaq yolunu tutaraq Azərbaycanı “adam oğurluğunda” (?) ittiham ediblər. Sosial şəbəkələrin erməni seqmenti Azərbaycana nifrəti körükləyən paylaşımlarla dolub-daşır. Onların bir ittihamı da Azərbaycanın, guya, beynəlxalq humanitar hüququ pozmasıdır.
Qarabağdakı haylar saxlanılma hadisəsinin baş verdiyi gün – iyulun 29-da günortadan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisinin qarşısında Xaçatryanın geri qaytarılması tələbi ilə aksiya keçiriblər. Özünü separatçıların “dövlət naziri” adlandıran Qurgen Nersisyan, “ombudsman” Qeqam Stepanyan, “daxili işlər naziri” Karen Sarkisyan BQXK-nın Qarabağdakı ofisinin rəhbəri Karlos Moratsani ilə görüşərək insidentlə bağlı müzakirələr aparıblar. Moratsani etirazçılara, Xaçatryanın qohumlarına vəziyyəti anladığını bildirib. Onun sözlərinə görə, həll yollarının tapılması istiqamətində işlər aparılır.
Aksiyada çıxış edən Qurgen Nersisyan maraqlı etiraf edib. Deyib ki, yaranmış vəziyyət heç bir beynəlxalq təşkilatın “Artsax xalqı”nın təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını bir daha sübut edir.
Aksiyada Xaçatryanın qızı və qardaşı da iştirak ediblər. Onlar BQXK-dan saxlanılan şəxsi geri qaytarmağı tələb ediblər. Bundan sonra iştirakçılar Rusiya sülhməramlı kontingentinin qərargahına doğru yola düşüblər.
Haylar dünən BQXK-nın İrəvandakı ofisi qarşısında da aksiya keçiriblər. Həmçinin günün sonuna yaxın Xankəndi ofisinin qarşısında yenidən toplaşıblar. Bundan əlavə, Los-Ancelesdəki erməni diasporunun nümayəndələri BQXK-nın ofisi qarşısında aksiya təşkil ediblər.
Vaqifə görə Ermənistanda haray-həşir salanların başında isə onun digər qızı dayanır. Dünən İrəvandakı aksiyadan sonra Vera Xaçatryan jurnalistlərə müsahibəsində bildirib ki, o, Laçın (ermənilər bu gözəl diyarımızı Kaşatağ yarlığı ilə tələffüz edirlər-S.H.) rayonundandır. Lakin üç ildir ki, məcburi köçkün kimi (?) Cermukda yaşayır: “Mən Həkəri körpüsünün bu tərəfində təkəm, bacım, qardaşlarım, anam, bütün qohumlarım “Artsax”da yaşayırlar. Bu gün mənim ümidim sizsiniz, sizlərin hər biridir. Xahiş edirəm məni tək qoymayın, mənə ana, ata, bacı, qardaş olun. Bu, təkcə mənim dərdim deyil, Vaqif Xaçatryan bütün erməni xalqını təcəssüm etdirir”.
Vera iddia edib ki, guya, Azərbaycan tərəfi reallığa uyğun olmayan məlumatlar təqdim edir: “Atam iyulun 29-da İrəvana aparılmalı idi, çünki onun ürəyində təcili əməliyyat lazımdır. Onu bacım müşayiət edirdi. Həkəri körpüsündə azərbaycanlılar atamın pasportunu götürüb bir daha qaytarmayıblar. Atam, əslində, qaçırılıb. Qohumlarından heç biri onunla əlaqə yarada bilməyib”. O, atasının işğalçı müharibənin fəal iştirakçısı, qondarma “dqr”in ilk “müdafiə naziri” Samvel Babayanın sürücüsü olması barədə məlumatları da təkzib edib: “Bu yaxınlarda dedilər ki, o, Samvel Babayanın sürücüsüdür. Hörmətli vətəndaşlar, bu məlumat yalandır”.
Qeyd edək ki, iyulun 29-da BQXK əməkdaşları V.Xaçatryana baş çəkiblər. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, həmin şəxsin Ermənistana müalicə məqsədi ilə getdiyini nəzərə alaraq, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib. BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə müvafiq şərait yaradılıb. XİN bildirib ki, Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və ölkə qanunvericiliyi çərçivəsində həyata keçirilib. Bu açıqlama öz-özlüyündə Veranın yalan danışdığını sübut edir.
***
Ermənilərin Xaçatryan şousu üzərindən Azərbaycana nifrət niqti yağdırmalarına İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva da münasibət bildirib. Ombudsman sosial şəbəkə hesabında etdiyi paylaşımda Ermənistanın Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyü davam etdirdiyini vurğulayıb.
Onun sözlərinə görə, son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən azərbaycanlılara qarşı təhqirləri əks etdirən mesajlar bir daha göstərir ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı çoxdankı nifrət siyasətini davam etdirir: “Əvvəlki açıqlamalarımızda da qeyd etdiyimiz kimi, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır. Ermənistan ombudsmanının vətəndaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir. Bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mediada hadisələrin qərəzli şəkildə şişirdilməsi və insanlar arasında nifaq salması regionda davamlı sülh prosesinə mane olur və eyni zamanda mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.
Qarabağ erməniləri dünən “blokada” şousundan növbəti etüdlər nümayiş etdirməyi də unutmayıblar. Bu şouda həssas təbəqə olan uşaqlardan gen-bol istifadə edən hayların lentə aldıqları videoda uşaqlar “blokada”nın nə olduğundan danışırlar. Onlardan biri qeyd edib ki, almanı çox sevir, amma yollar bağlı olduğundan (?) onlarda nə alma, nə də şəkər tozu var.
Bu mövzuda dünən Milli Məclisin deputatı Fazil Mustafanın “Facebook” hesabında etdiyi paylaşm diqqəti çəkib. O qeyd edib ki, Ermənistandan gələn TIR-lardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub: “Bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı gerçəkləşdirib Ümumdünya Səhiyyə Təşkilatını bölgəyə çağıracaqlar. Böyük ehtimalla bu maşınlara yığılanların hamısı vaxtı keçmiş ərzaq məhsullarıdır. Məsələ ilk növbədə suverenliyimizlə bağlıdır. Digər tərəfdən isə Azərbaycan dövləti heç vaxt razı ola bilməz ki, onun ərazisində məskunlaşan insanların, hətta erməni millətinə mənsub olsalar belə, sağlamlıqları təhlükəyə düşsün. O düşüncədəyəm ki, Zəngilandan Ermənistan sərhədinə bizim TIR-lar düzülməlidir. “Naxçıvana humanitar yardım üçün yol verin!” tələbini aktuallaşdırmalıyıq”.
Fazil Mustafa qeyd edib ki, Naxçıvanda da blokadanın götürülməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı mitinqlər keçirilməli və Azərbaycanda akkreditasiya olunmuş səfırlər, beynəlxalq təşkilatların nümayəndələri ora dəvət olunmalıdırlar. Millət vəkili qeyd edib ki, vaxtında atılmayan addımlar, diqqətsiz qalan faydalı təkliflər haqlı mövqelərimizi zəiflədə bilər.
***
Vaqif Xaçatryanın həbsi azərbaycanlılara qarşı deportasiya, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədən heç kimin cəzasız qalmayacağı, etdiyi əməllərə görə hər kəsin bir gün cavab verəcəyi həqiqətini üzə çıxardı. Belə canilərdən biri də yuxarıda adını çəkdiyimiz Samvel Babayandır. O, erməni bloger Albert İsakovun “Youtube” kanalına müsahibəsində V.Xaçatryanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanmasına münasibət bildirib. S.Babayan deyib: “Açığını desəm, bütün bu hadisələr baş verməmişdən qabaq mən bu məsələni qaldırmışdım. Demişdim ki, Azərbaycan 300-dən çox adamı həbs olunması üçün axtarışa verib. Mən qarşılıqlı etimada nail olmaq üçün azərbaycanlılarla danışıq aparmaq, dialoqa başlamaq lazım olduğunu deyəndə bunu nəzərdə tuturdum. Ancaq bir sıra axmaqlar dərhal dedilər ki, mən özümü düşünürəm, özüm haqqında danışıram. Onlar məsələyə ciddi yanaşmadılar. İndi isə səhvə yol verdiklərini anlayırlar. Ona görə də biz hər dəfə oxşar sürprizlərlə üzləşəcəyik. Bizim partiyanın hazırlayıb Arayik Arutyunyana təqdim etdiyi 45 bənddən ibarət layihədə Azərbaycandan amnistiyanın alınması da var idi. Ancaq onlar (qondarma rejim rəhbərliyini nəzərdə tutur-S.H.) bunu ciddiyə almadılar və iyulun 29-da ilk hadisə baş tutdu”.
Blogerin “Azərbaycanın axtarışa verdiyi şəxslərin siyahısında kimlər var?”, – sualına cavab olaraq S.Babayan “mən o siyahıda varam, başqalarını bilmirəm” deyib.
Beləliklə, aydın olur ki, Qarabağda azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin necə deyərlər, kürkünə birə düşüb. Hayların Xaçatryan olayını siyasiləşdirərək Bakıya təzyiq göstərmək cəhdləri fayda vermir. Ancaq dünya bir daha üstündən 30, 40, 50 il keçsə belə, hərbi cinayətkarların ədalət mühakiməsindən qaça bilməyəcəklərinə şahidlik edir. Eyni zamanda, bu cür hallara haqq qazandırmaq, cinayət törətmiş şəxsi təmizə çıxarmaq cəhdləri də cinayət törətməyə bərabər hərəkətdir.
Fuad ABBASOV,
siyasi şərhçi
– Altmış səkkiz yaşlı Vaqif Xaçatryanın saxlanılması çox ciddi hadisədir. Bu hadisə digər hərbi canilərlə bağlı bir presedent yaradacaq. Hazırda digər hərbi canilərin canına vəlvələ düşüb. İstər Xankəndidə, istər İrəvanda, istərsə də dünyanın digər yerlərində yaşayan qatillərin hesab vermək zamanı gəlib çatıb. Onlar Samvel Babayanın açıqlamasından sonra başa düşüblər ki, Azərbaycan 300-dən çox şəxsi beynəlxalq axtarışa verib. Bunlar dünyanın hansı ölkəsinin sərhədini keçməsindən asılı olmayaraq saxlanılaraq Azərbaycana təhvil verilməlidir. Biz bilirik ki, Qarabağda hələ də bu canilər yaşamaqdadırlar.
Azərbaycan Prezidenti mayın 28-də Laçına qayıdan əhali ilə görüş zamanı bildirdi ki, “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı amnistiyadan söhbət gedə bilər. Onlar Azərbaycanın danışıq aparmaqla bağlı iki təklifini qəbul etməyiblər. Bundan sonra hərbi cinayət törətmiş şəxslər sərhədi keçərkən saxlanılıb hüquq-mühafizə orqanlarına təhvil verilməlidirlər. Bu, gözəl presedentdir. İnşallah, Azərbaycanın cəzaçəkmə müəssisələrini bizə qarşı ağlasığmaz cinayətlər törətmiş canilərlə doldurmuş olarıq.
Səxavət HƏMİD, “Xalq qəzeti”