Hayastan hökumətinin və zombiləşdirilmiş erməni kütləsinin düşdüyü vəziyyət miskin mənzərədən başqa bir şey deyil. Qismətimizə qonşuluq düşmüş bu məmləkətin halı daha çox mücərrədləşmiş başıpozuq kütləni, saxta qeyri-hökumət təşkilatını xatırladır. İnqilabi və tarixi dəyişikliklər dalğasında Ermənistanda hakimiyyətə yiyələnmiş Qərbyönümlü məhz “qeyri-hökumət qüvvələrin” atdığı ilk addımlardan azı üç onillik ərzində çətiri altında gizləndiyi Rusiyanın vassallığından qurtulmaq, forpostluqdan qopmaq cəhdləri erməni dövlətçiliyi ideyasının özünü təhlükə girdabına sürükləyib. Əzəldən mifləşdirilmiş tarixə malik bu toplum yarımvəhşi qəsbkarlıq xislətindən XXI əsrdə xilas olmağın ağrısını yaşayır.
Qozbeli heç qəbir də düzəltmir
Fikrimizcə, hayların ən böyük problemi çağdaş dövrün tələbləri ilə ayaqlaşa bilməmələri, yeni ictimai-siyasi düzənin özəyini təşkil edən effektiv metodologiyadan məhrum olmalarıdır. Doğrudur, ayrı-ayrı təşəbbüslər var, amma bu, istənilən nəticəni vermir, cəmiyyətdə sağlam sabitliyin əldə edilməsi üçün kifayət deyil. Ermənistanın dövlət siyasəti dəyişməz problemlərlə, bunun nəticəsində aldığı ağır zərbələr və acı dərslərlə, sistemli qüsurlarla, sosial-psixoloji dağıntılarla 31 ildir böhranlı durumdadır. Ələbaxımlılıq hay cəmiyyətinin, az qala, milli-etnik xarakterinə çevrilib.
Əllərini hara uzatsalar da, kimlərə dil-ağız etsələr də, heç bir faydası olmayacaq. Otuz illik işğalçı-cinayətkat fəaliyyətiniz məntiqi sonluğa yaxınlaşıb. Əgər İrəvan və Xankəndidəki separatçı-daşnak rejim sonunun çatdığına hələ də inanmırsa, onda günah bizdə deyil... Onları bu aqibətdən hər cür təzyiq və təsir vasitələri ilə separatizmi alovlandırmağa çalışan şərqli-qərbli dəstəkçiləri də qoruya bilməcəklərinə əmin olsunlar. Bu əminlik üçün qarşılarında tarixin onlara “bəxş elədiyi” nümunələr mövcuddur. Baxın, düşünün və ibrət götürün. Yoxsa, reallıqla barışmayan, yel dəyirmanının üzərinə qılıncla hücum çəkən idealist Don Kixot kimi rişxənd və gülüş obyektinə çevrilməyi hədəfləyiblərsə, özləri bilsin...
“Əgər həqiqəti deyən yoxdursa, heç kim öz ölkəsinin mövqeyi ilə bağlı baş verənlərə obyektiv yanaşma göstərmirsə, insanlar necə oyansınlar?”. Türkiyədə yaşayan erməni bloger, ictimai fəal İşxan Verdiyan sosial şəbəkədə soydaşlarına bu sualı ünvanlayıb. Bu məntiqli sualın müəllifi Nikol Paşinyanı, onun siyasətini amansız tənqid atəşinə tutur, “Azərbaycan torpaqlarında bir dənə də olsun erməni silahlısı qalmamalıdır!”– yazır. Praqmatik erməni bloqerin fikirlərinə diqqət yetirin: “Onun (Paşinyanın – red.) Ermənistandakı siyasəti heç vaxt uğur qazanmayacaq. Azərbaycan isə yaşayacaq, çiçəklənəcək. Füzulidə yeni şəhər salınır. Ermənilərdən qalan xarabalıqlar üzərində o şəhəri sıfırdan ucaltdıqları kadrlar paylaşılıb. Bəzi axmaqlar isə deyirlər ki, bu, piardır. Şəhərlərini dirçəltmək piar sayılırsa, həmin şəhərləri dağıtmaq da qara piar idi. Bəs biz hansı təbliğatı apardıq? Heç olmasa indi hamı bunu görəndə susun. Susmağa vicdanınız olsun!”
“Pir” qələbələrdən başgicəllənmənin fəsadları
İndi “Paşinyanın komandası” ciddi strateji səhvlərə yol verdiyini etiraf edir. Buraxdıqları səhvlərdən ən böyüyü isə Qarabağ problemini “həll edilmiş” saymaqları oldu. Daha dəqiqi, Birinci Qarabağ döyüşlərindəki “pir”qələbələri ilə qürurlanan hay generalları kimi, “sorosçu gənc diplomatlar” da münaqişənin donunun açılacağını, Qərbə inteqrasiyada gündən-günə güclənən neft-qazlı Azərbaycan tərəfindən qətiyyətli zərbəyə məruz qalacaqlarını və müharibədə biabırcasına uduzacaqlarını təsəvvürlərinə belə gətirmirdilər. Bundan savayı, İrəvanın yeni iqtidarı Cənubi Qafqazda əsən fərqli geo-siyasi ruzgarı, neosovet revanşizmini və dünyanın xəritəsinin yenidən cızılmağa başlandığını hiss etmirdilər.
“Pir” qələbələrinin eyforiyasından on illərlə başları ayılmayan generalitet isə Qarabağla bağlı siyasi hakimiyyəti yetərincə arxayın salmışdı. Planetdə tarixi silkələnməni qulaqardına vuran bir ölkənin aqibəti məhz indiki kimi olmalıydı və oldu. Başlanğıcda cəmiyyətin alqışlarla taxta çıxardığı “demokratik hakimiyyət” 2020-ci ilin 10 noyabrından sonra siyasi parçalanma və sosial kollapsla üz-üzə qaldı. Haylar reallığın yaratdığı bu tarixi sınaqdan hələ də çıxıb qurtara bilməyiblər. Çünki Ermənistan deyilən bir dövlət “himayədarın qanadı” olmadan heç vaxt üzləşdiyi çətinliklərə təkbaşına duruş gətirə biməyib.
Ardınca koronavirus aqoniyası, Ukrayna müharibəsinin Avropa evinə sızdırdığı böyük yanğın Ermənistan kimi sınaqdan çıxa bilməmiş, sürüşkən müttəfiqi arxa plana itələdi. Bəs indi bu “atılmış uşağ”ın tərəfində kim vuruşmaq istəyər? Bəlkə sualın bu formada qoyuluşu daha düzgün olar: “Onlar kiminlə vuruşacaq?”. Özlərinə strateji müttəfiq saydıqları Azərbaycanla? Yoxsa Şimali Atlantika Hərbi Alyansındakı tərəfdaşları Türkiyə ilə? Hər ikisi və üçüncü də ritorik sualdır: Cənubi Qafqazda ikinci cəbhə Qərbin nəyinə lazımdır?
Bakı hər şeyi detallarına qədər hesablayıb
Xarici siyasətdə maraqların balanslaşdırılması konsepsiyasını özünə novator diplomat taktikası kimi seçən Azərbaycan Prezidenti İlham Əliyev nəyi nə vaxt edəcəyini hərtərəfli hesablayaraq addım atır. Qəfil və kəskin hərəkətlərə yol vermədən dünyanın bütün aparıcı aktor-oyunçuları ilə möhkəm və qarşılıqlı faydalı münasibətləri səliqə ilə ipə düzən dövlət başçımız Cənubi Qafqazda unikal geo-siyasi və geo-coğrafi situasiyanı yaratmağı bacardı. İndi sınıdırılmış və heydən düşmüş rəqib küncə sıxışdırılmış siçanın vəziyyətindədir. Qalır ona sarsıdıcı və sonuncu zərbəni endirmək. Amma cənab Prezidentin dediyi kimi, biz məqsədimizə dinc yolla nail olmaq istəyirik.
İntəhası, indiki vəziyyətin ən qəribə tərəfi ondan ibarətdir ki, darmadağın edilmiş, azsaylı ordusu pərən-pərən düşmüş Ermənistan qalib tərəfə öz şərtlərini diktə etməyə özündə “cürət” tapıb. Başqa bir ölkənin vətəndaşları üçün xüsusi status, ayrıca imtiyazlar, xaricə “suveren dəhliz” iddialarını irəli sürür. Axı belə olmur, beynəlxalq hüquq və müharibələr tarixi buna bənzər presendent tanımır! Həm döyüş meydanında, həm də diplomatik cəbhədə sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan aşkar görünən həqiqətləri qəbul etməyə cığallıq edir.
Bəli, hayların qulaqlarına tıxamalı, gözlərinə təpməli reallıq odur ki, bu qarşıdurmada İrəvanın heç bir şansı yoxdur. Onlara indi kömək edəcək kim qaldı? Rusiya? İrəvanda bu sualı bir-birinə çox verirlər. Bəs Qərb necə davranacaq? Ermənistanda keçirilən növbəti etiraz aksiyasının bu suala cavab tapmayan iştirakçıları güman və ehtimalların cəngində başlarını itiriblər.
Tarixdən ibrət götürməyən haylar bu dəfə də səhvə yol verdilər. Erməni siyasətçiləri doğrudanmı özlərinin siyasi illüziyalarında bu qədər sadəlövhdürlər ki, hər cəhətdən iki baş üstün olan Azərbaycanın oyuncaq iqtidara malik İrəvana hansısa güzəştə gedəcəyini xəyal edirlər? Yenə hay xisləti yada düşür.
Hayastan sadəcə müharibəni deyil, çox şeyini uduzub. Məşhur filmimizdə deyildiyi kimi: “Sən hər şeyini uduzmusan, bəy! Keçmişini, bu gününü, gələcəyini, hər şeyini!”. Sadəcə, bunu anlamaqdan ötrü tor örtmüş gözlərini açıb boş ovuclarına baxmaları kifayət edər...
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Ermənilərin vaxtilə bəyan etdikləri “miatsum” ideologiyası kökündən yanlış və uçuruma aparan bir hərəkat idi. Amma onlar bunu etdilər və nə oldu? Nəticədə, yüz minlərlə, milyonlarla azərbaycanlı, o cümlədən ermənilərin özləri böyük əzab-əziyyətlərə düçar oldular. Elə indiyə kimi bu əziyyətin içindədirlər. Bunların beyinlərini utopik ideyalarla zəhərləyən siyasətçiləri, ideoloqları durub səhvlərini etiraf etmək, üzr istəmək əvəzinə, öz millətlərini həmin yanlış və zərərli yolla bədbəxtliyə sürükləməkdədirlər. Müstəqilliklərini elan etdikləri 1991-ci ildə üç milyon yarım əhalisi olan Ermənistanın əhalisi son otuz ildə azı dörd milyon yarıma çatmalı idi. Amma indi bu marionet dövlətin əhalisinin sayı heç iki miyon yarım eləmir. Onların əldə etdikləri “uğur” bax, budur. Qonşu ölkələrin bir çoxu ilə ya düşməndirlər, ya da küsülüdürlər. Əbədi fəryad qoparan, zarıyan, “əzabkeş” bir topluma çevriliblər. İndi onlar reallığı olduğu kimi qəbul və etiraf etməyi bacarmalıdırlar.
Düzdür, onların cəmiyyətində bu istiqamətdə müəyyən dəyişikliklər müşahidə olunur. Təəssüf ki, reallığı, düşdükləri durumu doğru qiymətləndirən insanlar azdır. Amma belələri yanlış yolun yarısından qayıtmaq üçün çağırışlar edirlər. Əgər onların da səsini eşitmirlərsə, deməli, bu ölkə, bu millət qəflət yuxusundadır, hələ ayılmayıb.
Azərbaycan, Türkiyə öz yolları ilə gedir və biz öz hüquqlarımızı, milli maraqlarımızı qorumaq iqtidarındayıq. Ermənilər yalnız özlərinə zərər gətirəcək bu yoldan dönmək istəmirlərsə, həyat gec-tez onları əlhəd daşı ilə rastlaşdıracaq.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”