Pakistan ölkəmizə düyü ixracını 10 dəfə artırmağı planlaşdırır

post-img

Son günlər beynəlxalq mediada Hindistanda hökm sürən quraqlıq nəticəsində düyü istehsalının azalmasının, bununla bağlı məhsulun bahalaşmasının qarşısını almaq, daxildə qiymətlərin sabit saxlanılmasına nail olmaq üçün hökumətin “basmatı” növü istisna olmaqla, təmizlənən düyü ixracına qadağa qoyması barədə məlumat yayılıb. 

Hindistanın düyü ixracına qadağa qoyması dünyanın bir neçə ölkəsinin də analoji addım atması ilə nəticələnib. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya cari ilin sonunadək ölkədən düyü ixracı və reixracını dayandırıb. Ekspertlər bildirirlər ki, qlobal düyü ixracının 40 faizi Hindistan tərəfindən reallaşdırılır və bu, adıçəkilən ölkənin ümu­mi ixracının 25 faizini təşkil edir.

 Yeri gəlmişkən, hələ ötən ilin sentyabrında Hindistanda eyni növ düyünün ixracına 20 faiz əlavə rü­sum tətbiq olunmuşdu. Məqsəd qeyd etdiyimiz kimi, ixracın azalma­sını gerçəkləşdirmək, qiymətlərin sürətli artımının qarşısını almaq idi. Lakin belə bir qadağa tədbiri–rüsum əlavəsi, həmçinin dünya bazarın­da düyünün qiymətində müşahidə olunan bahalaşma (son bir ildə bu məhsulun qlobal bazar qiymətinin 11,5 faiz artması) ixraca heç bir təsir göstərmədi: cari ilin aprel-iyun ayla­rında ölkədən təmizlənmiş düyü ix­racı 2022-ci ilin eyni dövrü ilə müqa­yisədə 35 faiz çox qeydə alındı. 

“Fitch Solutions” agentliyinin yaydığı məlumatda da ilin əvvəlin­dən düyünün orta qiymətinin 100 funt (45,4 kiloqram) üçün 17,3 dol­lar təşkil etdiyi bildirilib və gələn ilə qədər qiymətlərin indiki ən yüksək həddə yaxın olacağı proqnozlaş­dırılıb. Məlumatda, eyni zamanda, 2024-cü il ərzində şəraitin yaxşılığa doğru dəyişəcəyi, dünya bazarında vəziyyətin düzələcəyi və məhsulun qiymətinin, təxminən, 10 faiz ucuz­laşacağı diqqətə çatdırılıb. 

İndi hamını bir sual düşündürür: qlobal düyü bazarında baş verən­lər Azərbaycana təsir edə bilərmi? Dünyanın bir parçası olan ölkəmiz­də bu məhsulun istehsalının ge­nişləndirilməsi istiqamətində hansı tədbirlər görülür? Bu suallarla bağlı, ilk növbədə, onu deyək ki, düyü res­publikamızda bir sıra dənli bitkilərlə müqayisədə az istehlak edilir. Lakin buna baxmayaraq, ölkənin ərzaq təhlükəsizliyində önəmli yer tutur. “Azərbaycan Respublikasında çəl­tikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilməsinin, çəltiyin əkin sahəsinin (10 min hektara qədər) və məhsul­darlığın (hər hektardan 2,5 dəfədən çox – 40 sentnerə qədər) əhəmiy­yətli dərəcədə artırılmasının düyü istehsalının diqqət mərkəzində sax­lanılmasından irəli gəlir. Fermerlərin onun becərilməsinə marağını artır­maq üçün onlara hər hektar çəltik əkininə görə 360 manat subsidiya verilməsi də hökumətin əhalinin bu məhsula olan tələbatının yerli isteh­sal hesabına ödənilməsi zərurətini dəyərləndirməklə bağlıdır. Azərbay­canın düyüyə illik tələbatının 40 min tondan artıq olması da vəziyyətin nə qədər ciddi olmasından xəbər verir. 

İndi isə son illərdə çəltik əkini ilə bağlı vəziyyəti statistik rəqəmlər əsasında nəzərdən keçirək. Xatırla­daq ki, respublikada ötən ilə qədər çəltik əkini sahəsi 3 min hektar olub, 12 min tona yaxın düyü istehsal olu­nub. Keçən il isə respublikanın 9 rayonunda çəltik əkini aparılıb. Çəl­tik əkinlərinin ümumi sahəsi 3 min 194 hektar təşkil edib. Həmin vaxt ən çox Lənkəran (802,3 hektar), Ağ­daş (681 hektar) və Ucar (678 hek­tar) rayonlarında çəltik əkilib. Orta məhsuldarlıq hektar üzrə 36,2 sent­ner təşkil edib. Bu, 2021-ci ilin orta məhsuldarlıq göstəricisindən hektar üzrə 1,4 sentner çox olub. Eyni za­manda, həmin dövrdə respublikada 2021-ci ilə nisbətən 858 ton daha çox məhsul istehsal olunub.

Məlumat üçün qeyd edək ki, cari il respublikada 3 min 171 hektarda çəltik əkilib. Ötən il isə həmin göstə­rici 3 min 129 hektar təşkil edib. 

Göründüyü kimi, son illərdə çəl­tikçiliyin əkin sahələrinin genişləndi­rilməsi ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərveri­cilərə davamlı sortlarının yaradıl­ması, introduksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işlərinə başlanılıb, həmçinin institutda “Çəl­tik bitkisinin seleksiyası və becər­mə texnologiyası” şöbəsi yaradılıb. Eyni zamanda, çəltiyin seleksiyası və toxumçuluğuna dair tədqiqat iş­lərinin aparılması üçün Lənkəran ra­yonu ərazisində lazımi infrastruktur qurulub.

Bütün bunlarla bərabər, çəltikçi­liyin geniş yayıldığı ölkələrdən Azər­baycana yüksək məhsuldar toxum sortlarının gətirilməsi də diqqətdə saxlanılıb. Məsələn, Kənd Təsərrü­fatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu tərə­findən Pakistan İslam Respublika­sından respublikamıza gətirilən yeni çəltik sortları istixanalardan açıq sahələrə köçürülüb. 

Xatırladaq ki, Pakistandan ölkə­mizə gətirilən “KS-282”, “KSK-133”, “PK-383” və “Chenab Basmati” tezyetişən, məhsuldar olan çəltik sortlarının vegetasiya müddəti 100-110 gündür. Bitkinin məhsuldarlığı hektara 10 ton təşkil edir. Sortların xəstəliklərə qarşı davamlılığı da yüksəkdir.

Hazırda Əkinçilik Elmi–Tədqiqat İnstitutunda 2023-2024-cü illər üçün çəltiyin seleksiyasına dair təsdiq olunmuş mövzu planına əsasən Lənkəran bölgəsində seleksiya tə­dqiqatları həyata keçirilir. Lənkə­randa hər il 1–1,5 hektar sahədə toxumluq məqsədi ilə “Avanqard” sortunun superelit reproduksiyalı əkini aparılır və 2,5-3 ton elit toxu­mu istehsal edilərək bölgə fermerlə­rinə verilir.

 

Eyyub KƏRİMLİ,

iqtisadçı-ekspert

Dünyada düyü istehsalının azalması, onun qiymətinin baha­laşması daxili bazara da təbii ki, təsirsiz ötüşmür. Azərbaycanda is­tehlak edilən düyünün 70 faizdən çoxu başqa ölkələrdən gətirilir. Respublikamıza hər il təxminən 34 milyon dollar dəyərində düyü idxal olunur və bu, böyük məbləğdir.

Əgər əvvəllər düyü əsasən, Hindistandan idxal edilirdisə, ha­zırda Pakistandan tədarükə üstün­lük verilir. Ötən ilin sonunda hö­kumət bu dost ölkədən gətirilən düyünü 2027-ci ilə qədər idxal rüsumundan azad edib. Şübhə­siz ki, belə bir hal vəziyyətin kəs­kinləşməsinin qarşısını alacaq və respublikamızda düyünün baha­laşmasını ləngidəcək. 

Qeyd edək ki, Pakistan şirkət­ləri Azərbaycana düyü tədarükünü təxminən 10 dəfə artırmağı plan­laşdırır. Amma təbii ki, idxaldan asılılığı azaltmaq üçün mümkün olan bütün tədbirlər həyata keçiril­məlidir. 

“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqra­mı”nda da yerli düyü istehsalının daxili bazarın tələbatının 90 faiz ödənilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Artıq bu istiqamətdə müsbət nəticələr müşahidə olunur. Belə ki, ölkədə bu məhsulun isteh­salının artması sayəsində düyü idxalı 2021-ci ildə 18 faiz azalıb.

Düyü əkini sahələrinin artırıl­ması məsələsinə gəlincə, Azər­baycanda bu məqsədlər üçün ki­fayət qədər ərazi var. Lakin çəltik rütubəti sevən bitkidir və hazırda ölkədə su ehtiyatları ilə bağlı çətin vəziyyət müşahidə olunur. Amma başqa ölkələrin, məsələn, İsrailin təcrübəsini mənimsəyərək yeni suvarma texnologiyaları tətbiq edilsə, çəltik istehsalında daha yüksək göstəricilərın əldə olunma­sı mümkündür. 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”





İqtisadiyyat