Azərbaycan ədəbiyyatının bəxti onda gətirib ki, Ulu Yaradan bir əsrdə iki dəfə həm ölkənin idarəetməsini, həm də milli mədəniyyətimizin inkişafını bu sahəyə ürəkdən bağlı olan Heydər Əliyevə həvalə edib. Bu gün ədəbiyyata dövlət qayğısından danışanda öncə gözlərimiz önündə məhz Ulu öndərin işıqlı obrazı canlanır. Təsadüfi deyil ki, Heydər Əliyev böyük siyasətçi, dövlət adamı olmaqla bərabər, xatirələrimizin ən əziz guşəsində qərar tutub, ədəbi əsərlərimizin baş qəhrəmanı olub.
Heydər Əliyev obrazı mənim nəzərimdə ədəbiyyata qayğını ifadə edir. Onun ədəbiyyat qarşısındakı xidməti saymaqla bitən deyil. Yazıçılar, şairlər hər zaman Ulu öndərin diqqət mərkəzində, himayəsində idilər. Yubileylər, mükafatlar, qələm sahiblərini karyerist nadanların şərindən, böhtanından qorumaq halları, hər bir istedad sahibinin dəyərini vermək kimi cəhətlər Heydər Əliyevin xarakterində başlıca yer tuturdu. Yazıçı hiss edirdi ki, onun təəssübünü çəkən, arxasında duran var. Bir sıxıntısı, ehtiyacı olan şair və yazıçıların müşkülünü həll edir, onlara maddi, mənəvi dayaq olurdu. Özü də tək ədəbiyyatçılara deyil, bütün sahələrdə çalışan sənətkarlara qarşı diqqətli idi.
Fenomen şəxsiyyət olan Ümummilli lider çıxışlarının birində demişdi: "Ədəbiyyatı o qədər sevirəm ki, ədəbiyyatla, şeirlə, bizim mədəniyyətlə görüşmək mənim üçün həmişə çox xoşdur". Görkəmli siyasətçininki adi sevgi deyildi, o, eyni zamanda ədəbiyyatla nəfəs alırdı. Bizi yanına salıb görüşlərə aparırdı. Onunla bürolara gedirdik. Sanki bizimlə olanda özünü daha rahat hiss edirdi, ovqatı təzələnirdi. Unudulmaz dahi şəxsiyyətin yüksək natiqlik qabiliyyəti vardı. Şeiri, dram əsərini duymaq bacarığı onun geniş mütaliəsinin bəhrəsi idi.
Bir dəfə büroda oturmuşduq. Dedi ki, mənə elə gəlir, bizdə Puşkin mövzusunda Mirzə Fətəli Axundovun “Puşkinin ölümünə Şərq poeması” əsərindən başqa əsər yoxdu. Mən dedim ki, var, yoldaş Əliyev, mən Puşkinlə bağlı poema yazmışam o dövrlə bağlı. Gecə saat 1-də Yazıçılar İttifaqının birinci katibi İmran Qasımov mənə zəng elədi ki, bəs, Heydər Əliyev poemanı istəyib. “Zümrüd quşu” idi poemanın adı, səhəri hazırlayıb göndərdim.
Heydər Əliyev hər zaman vaxt tapıb teatr tamaşalarında, premyeralarda iştirak edirdi, sonda böyük həvəslə yaradıcı heyətlə görüşürdü. Tamaşanın bədii məziyyətlərini təqdir edir, hər kəsi yeni uğurlara həvəsləndirirdi. 1982-ci ilin martında Sumqayıt teatrının truppası mənim “Nəriman” poemam əsasında səhnələşdirilmiş “Bütün Şərq bilsin” tamaşasını Akademik Milli Teatrın səhnəsində uğurla oynadı. Baxışdan sonra Ulu öndər düz 40 dəqiqə səhnədə yaradıcı heyətlə söhbət elədi. Nərimanov obrazının bədii əsərlərdə, teatr tamaşalarında belə yüksək səviyyədə yaradılmasının vacibliyini əsaslandırdı. Eyni zamanda, Ulu öndər Sumqayıt aktyorlarının təklifini diqqətlə dinlədi və sonra gənclik şəhərində teatra ayrıca bina tikilməsinə göstəriş verdi.
Orasını da deyim ki, mən hələ Nərimanov haqqında poemanı yazan vaxt müəyyən arxiv materiallarını əldə etməyimə o zaman Dövlət Təhlükəsizlik Komitəsində işləyən Heydər Əliyev böyük köməklik göstərmişdi. Məsələ belə olmuşdu: 1957-ci ildə həmin materiallarla tanış olmaq üçün Azərbaycan DTX-nın sədri, rus generalı Semyon Semiçastnının adına ərizə yazmışdım. Oraya getdim. Məni Heydər Əliyev qarşıladı. Ucaboylu, şaxyerişli, möhkəm bədənli, təbəssümlü, eyni zamanda, da çox ciddi bir insan idi. Əyninə çox yaraşan qara kostyum geyinmişdi. Özü də Azərbaycan dilində danışdı, halbuki o vaxt idarələrdə hamını rus dilində qarşılayır, rusca da yola salırdılar. Narahatlığım ondan idi ki, Nəriman Nərimanova milli təəssübkeşliyinə görə “millətçi” adı qoymuşdular, bu isə sovet dövründə ağır ittiham idi. İllah da ki, bu ad biz türklərə, biz azərbaycanlılara deyiləydi. Bu səbəbdən də Nərimanova aid arxiv materialları gizlədilirdi. Respublikamızdakı dövlət arxivlərinin müdirləri, işçiləri də ki, ermənilər, ruslar, yəhudilər idi. Bir sözlə, nigaran idim ki, mənə icazə verməyəcəklər. Ancaq bəxtimdən qarşıma əsl milli ruhlu bir DTK əməkdaşı çıxmışdı.
İkinci görüşümüzdə Heydər Əliyevin üzündə daha çox nur, gözündə daha çox mehribanlıq gördüm. Məni xeyli istiqanlı qarşıladı, alaqaranlıq dəhlizdən öz işıqlı kabinetinə apardı, oturmağa yer təklif etdi. Nərimanovun arxiv materialları ilə tanış olmaq istəyimi alqışlayan Heydər Əliyev dəyərli tövsiyələrini də əsirgəmədi. Bəlkə də o zaman Müsavatın arxivinə ilk daxil olan şair mən oldum. Əlbəttə, ulu öndərin sayəsində.
Bugündən dünənə baxanda çox aydın görünür ki, Heydər Əliyev hansı çətin mühitdə cəsarət göstərirdi, bizi də cəsarətə səsləyirdi.
...Azərbaycan KP MK-ya, Büro iclasına Yazıçılar İttifaqından da nümayəndələr dəvət olunmuşdu. Mən arada söz alıb “Nəriman” poemasının senzura tərəfindən ixtisar edildiyini dedim. Gördüm ki, narahat oldu. Çıxışı zamanı göstəriş verdi ki, poema necə yazılıbsa, eləcə də çap edilsin. Mən yerdən razılığımı bildirdim. Ancaq ixtisarlar “qlavlit”də yox edilmişdi. Yadımda qalan misraların bəzilərini bərpa edə bildim.
Ulu öndər elə həssas şəxsiyyət idi ki, hətta bir yazıçını qələmdaşlarının nahaq hücumlarından da qoruyurdu. Onun prinsipi belə idi ki, müəllifin mövqeyi aydındırsa, əsərin dəyəri varsa, müdafiə edirdi. Yeri gəlmişkən, onu da deyim ki, mənim “Bütün Şərq bilsin” əsərim SSRİ üzrə keçirilən pyes müsabiqəsinə təqdim olunmuşdu və 600 pyesdən Moskvada tamaşaya qoyulmaq üçün seçilən 11 əsərin sırasında idi. Pyes 1983-cü ildə Moskvanın Mayakovski adına Akademik Dövlət Dram Teatrında oynanıldı və rus mətbuatı müsbət qiymətləndirdi. Onda fəxr etdim ki, DTK-dakı ilk görüşümüzdəcə ürəyimə girmiş Heydər Əliyevin şəxsində mən Nərimanovun prototipini görürdüm və ona həsr olunmuş əsər Moskva mətbuatında təqdir edilmişdir.
Səhnə təcəssümü tapmış başqa bir əsərim haqqında. Bu, “Atabəylər” mənzum pyesimdir. Ulu öndər Akademik Teatrda “Hamlet” tamaşasının fasiləsi zamanı çay süfrəsi arxasında səmimi söhbət əsnasında dedi ki, “Atabəylər” əsəri hər gün göstərilməlidir. Fərəhlə deyim ki, bu tamaşa dəfələrlə “Azdrama”da oynanılıb və Naxçıvan teatrının repertuarından bu gün də düşməyib. Naxçıvan Muxtar Respublikasının 80 illiyində "Atabəylər" tamaşası göstərildi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tamaşaya baxdılar. Bu da mənim taleyim idi...
Ulu öndərin sayəsində klassik yazıçılarımız, böyük şəxsiyyətlərimiz bir-bir pyedestallara qalxır, heykəlləşirdilər. Onlar da təzədən minlərə, milyonlara qarışdılar, millətimizin sayı artdı. Hüquqşünas dostum İkram Kərimov danışırdı ki, Xalq rəssamı Cəlal Qaryağdı hönkür-hönkür ağlayırmış ki, Nəriman Nərimanovun abidəsi 10 ildir hazırdır, emalatxanada toz içində qalıb. Heydər Əliyev məsələni bilincə göstəriş verib ki, o heykəli həm Bakının ən görkəmli yerində, həm də Rusiyanın Ulyanovsk şəhərində ucaltsınlar. Elə də olub. Elə klassiklərimizin ilboyu keçirilən yubileyləri, onların əsərlərinin kütləvi nəşri də məhz Ulu öndərin istəyi ilə baş tuturdu.
Elə bir tanınmış yazıçı, şair olmadı ki, Heydər Əliyev onun üzərindən sükutla adlasın. İkinci dəfə hakimiyyətə gələn kimi, 1994-cü ildən başlayaraq M.Füzulinin, Mirzə Cəlilin yubileylərinin keçirilməsi haqqında fərmanlar verdi. 1999-cu ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsini təşkil etdi. Klassik abidələrə, sənətkarlarımızın irsinə ona görə xüsusi həssaslıqla yanaşırdı ki, xalqımızın çoxəsrlik, zəngin, tarixi mədəniyyətə malik olduğunu dünyaya çatdırmaq istəyirdi.
Ulu öndərin çox yayılan bir fikri var: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bunu bizlərə demirdi, başqalarına eşitdirirdi. Amma biz də hər eşitdikcə böyük fəxarət duyuruq. Dövlət dili haqqında fərmanlar imzalamışdı müxtəlif vaxtlarda. Bunun da səbəbi vardı. Rəhbər kimi dərk edirdi ki, xalqın milli varlığını müəyyən edən başlıca amil onun dilidir.
Hüseyn Cavidin nəşini uzaq Sibirdən Vətənə gətirmişdi. Cavidi niyə Bakıda yox, Naxçıvanda dəfn etmək istədi? Mən yanında durmuşdum, kimlərləsə söhbət edəndə dedi: “Elə Naxçıvan yaxşıdı ki, Təbrizdən gələndə onu ziyarət eləyib gələcəklər”. Bax, bu dərəcədə dərin düşünürdü Heydər Əliyev.
Ümummilli liderin haqqında xatirələrə dalanda ilk olaraq yadıma onun təyinatı ilə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifəsinə getməyim düşür. Deməli, gecə saat 1 radələrində Yazıçılar İttifaqının birinci katibi İmran Qasımov evə zəng vurdu ki, Birinci şəxs, yəni, Heydər Əliyev sabah səni qəbul edəcək. Bir məsələdə rəyini bilmək istəyir. – Sənə etimad göstərəcək, - dedi. O vaxt Yazıçılar İttifaqında həm partiya təşkilatının katibi, həm "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri işləyirdim. Ədəbiyyat fondunun direktoru vəzifəsini də katiblik mənə tapşırmışdı.
Səhərisi Heydər Əliyevin qəbulunda oldum. Söhbətimiz çox səmimi keçdi. Heydər Əliyev təklif etdi ki, bəlkə Yazıçılar İttifaqının partiya katibliyində də qalıb işləyəsən? – Ürəyimdə düşünürdüm ki, iki vəzifədə işləmək ağır olar mənə. Yazıçılar İttifaqının mürəkkəb bir yaradıcılıq təşkilatı olduğunu rəhbər özü bilirdi. Odur ki, yalan vəd verə bilməzdim. “Hə” deməkdə çətinlik çəkirdim, “yox” da deyə bilməzdim. Elə bil ürəyimi eşitdi. "Yaxşı, onda get qəzetdə işlə", - dedi. Ardınca mənə qəzet barədə, ədəbi orqanı yaxşılaşdırmaqla bağlı qiymətli tapşırıqlar verdi. Həmin tövsiyələr uzunmüddətli yaradıcılıq proqramım oldu. Belə şeylər heç vaxt unudulmur və təbii ki, zaman-zaman yada düşür. Mənim üçün dəyərli tezislər olan 41 bəndlik həmin tövsiyələri olduğu kimi 10 il əvvəl çap etdirdiyim “Mənim ədəbi taleyim. Zamanla, tarixlə görüş” adlı kitabımda vermişəm. O kitabda içimdən gələn bir faktı da xüsusi vurğulamışam ki, biz əvvəllər Azərbaycanda millətə bu qədər yaxın olan nə siyasi rəhbər, nə də ziyalıları duya bilən, başa düşən, qoruyan “KQB” rəhbəri görmüşdük.
“Ədəbiyyat və incəsənət” qəzeti sürətlə yaxşılaşmağa, necə deyərlər, əl-əl gəzməyə başladı. Tiraji da xeyli artdı. Düz 16 il həmin qəzetə rəhbərlik edərək ulu öndərin etimadını doğrultmağa çalışdım.
Yadıma gəlir, Bərdəyə zona müşavirəsinə getmişdik. Pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Tərlan Musayeva ilə görüşdük. Mən o görüşdən sonra bir şeir yazıb qəzetdə çap etdirdim. Gecə saatlarında bir də gördüm Emin Sabitoğlu zəng eləyir. Dedi o şeiri göndər mənə, rəhbər tapşırıb ki, ona mahnı bəstələyim. Bir neçə gündən sonra Emin o şeirə elə gözəl musiqi bəstələdi ki, mahnı dillərə düşdü. Heydər Əliyev bütün sahələrə, bax, bu cür diqqətli idi. Ümumiyyətlə, Heydər Əliyev düz işin yanında idi, düz adamla dost idi. İşini yaxşı tutan hər adama böyük hörmət göstərirdi. Yazıçılarla, alimlərlə görüşlərində tariximizin elə məqamlarına toxunur, yazılmamış, lakin millət üçün çox vacib olan elə qatlarını qaldırırdı ki, onun genişmiqyaslı mütaliəsinə heyran qalmamaq mümkün olmurdu.
Onunla hər görüşüm indiki kimi yadımdadır. Amma bəzi xatirələrim daha unudulmazdır. 1985-ci ilin avqust ayında Heydər Əliyevlə Moskvada, “Novo-deviçye” qəbiristanlığını ziyarət zamanı görüşəndə ona Zərifə xanıma həsr etdiyim şeiri oxumuşdum. O da əlyazmamı alıb qoltuq cibinə qoymuşdu.
Bizim orada görüşümüz isə tamam təsadüfən olmuşdu. Mən axşamüstü saat 6 radələrində bir dəstə qızılgüllə məzarı ziyarətə getmişdim. Bir saat sonra Ulu öndər də oraya gəldi. Beləcə, biz gözlənilmədən görüşdük. Moskvaya gəlməyimin səbəbini soruşdu. Dedim, Sara (həyat yoldaşım) ağır xəstədir. Moskvada yatır. Xəstəxananın adını da dedim. Dinmədi. Qolundakı saata baxdı. Hiss etdim ki, getməlidir. Beləcə ayrıldıq.
Səhəri gün saat 12 radələrində xəstəxanaya, Saranın yanına gedəndə gördüm ki, məni axtarırlar. Dedilər ki, Heydər Əliyev dünən xəstəxananın baş həkimi, akademik Trapeznikova zəng vurub, xəstənin vəziyyətilə maraqlanıb. Bu kifayət idi... Sara deyirdi, qalxan kimi özüm gedib Heydər Əliyevə minnətdarlıq edəcəyəm. Ona dualar edirdi. O minvalla Sara həkimlərin dediyindən bir il artıq yaşadı...
Bu yaxınlarda Vaqif Poeziya Günləri keçiriləndə bir daha 1982-ci ilin qarlı günündə Şuşada mütəfəkkir şairin əzəmətli məqbərəsinin açılışında iştirakımızı xatırladım. Quşbaşı qar yağırdı. Möhtəşəm tədbir oldu. Heydər Əliyev yazarları yaxşı tanıdığından çıxış üçün söz verəndə heç bir siyahıya baxmırdı. Təbiətdə qış olsa da, Heydər Əliyev və onun ətrafındakı ziyalıların fonunda yaz idi. Hamı sevincək olmuşdu.
Növbəti dəfə cənab Prezident İlham Əliyevlə 30 illik işğaldan azad edilmiş Şuşaya gedəndə, həmin günün xatirələrini onunla bölüşdüm. Dedim ki, o tədbirdə gənc İlham Əliyev, haqq dünyasına qovuşmuş Zərifə xanım da iştirak ediblər. Həmin tarixi gün unudulmazdır. “Xarıbülbül” lirik poemasında belə bir parça var:
Şeir-sənət axşamıydı,
Şeirə hörmət, sözə hörmət axşamıydı,
Heydər özü söz verirdi şairlərə,
“Sağ ol”, “Əhsən”, axşamıydı.
Şairlərə qoşulmuşdu, şairləşən axşamıydı.
Qarın belə yağdığını görməmişdik,
Qarda belə sel axını görməmişdik,
Qar tökürdü göy yer üstə,
Varaq üstə, dodaq üstə, şeir üstə.
Kirpik üstə, eynək üstə.
Çiçək, çiçək, çiçək üstə.
Hava qarala bilmirdi,
Qarabağda ağ gecəydi,
Allah-Allah, o necəydi?!
Şuşa canlı heykəl idi,
Qar altında hərəmiz bir qartopuyduq.
Qarlı alqışlar altında Molla Pənah şairlərin yaşıdıydı
Şuşalılar onda hələ Şuşadaydı...
Bu gün biz yenə də Şuşadayıq. Həmişəlik qayıtmışıq. Mədəniyyət paytaxtımızda bir-birindən maraqlı, yaddaqalan tədbirlər, görüşlər keçirilir.
Heydər Əliyevin əsrdaşı olan hər bir sənətkarın yaradıcılıq taleyində onun pak ruhu yaşayır. Bu gün fəxr edirik ki, Ulu öndərin şeirə, sənətə yüksək diqqət vermək ənənəsini müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev layiqincə davam etdirir.
Nəriman HƏSƏNZADƏ, Xalq şairi


