“Millət atası” olmaq istəyirdi...

post-img

Söhbət Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyandan və onun “dərin siyasi-fəlsəfi” mülahizələrindən gedir

Onu Azərbaycanda praqmatik siyasətçi, təcrübəli diplomat, ta­rixdən, fəlsəfədən xəbərdar ağıllı erməni kimi qəbul edənlər az de­yil. Zatən Hayastanın ilk prezidenti kimi işğaldan sonrakı mərhələdə ikitərəfli danışıqlarda sülhə meyil­li, bundan ötrü müəyyən güzəşt­lərə getməyə hazır tərəf-müqabil olaraq da normal siyasi imicə ma­lik idi. Onda erməniliyə xas xarak­terik cizgilərin formalaşmaması, bəlkə də, Suriyada (Hələb) dün­yaya gəlməsi, gəncliyində “miat­sum” dumanlı daşnak ideologiya­sına bulaşmaması ilə bağlıdır. Hər halda, 78 yaşlı filologiya elmləri doktoru Levon Ter-Petrosyanın hadisələrə və insanlara baxış və yanaşmasıında milli şovinizm zə­minindən deyil, elmi-metodoloji prizmadan çıxış etməsi gözdən yayınmayıb. İntəhası, acı reallıq bütöv şəxsiyyətləri xırdaladığı kimi, yerli şərait də mühitə uyğun­laşmağı tələb edir. Necə ki, Ermə­nistanda yaşayan etnik erməninin gec-tez “həqiqi erməniyə” çevril­məməsi mümkün deyildi... 

* * * 

“Kim kimə çox qazandırıb – Ermə­nistan Qarabağa, yoxsa Qarabağ Er­mənistana?”. Bu sual Ter-Petrosyanın siyasi-fəlsəfi ritorikasının “məhsuludur”. Hayastanın birinci prezidenti sosial şə­bəkədəki bu paylaşımında 2017-ci ildə dediyi sözləri bir daha soydaşlarına xatırlatmağı vacib sayıb. Həmin Ha­yastanda bəzilərinin “millət atası” kimi fəxri titula layiq bildiyi erməni siyasətçi­nin fikirlərinin ardıcıllığına və məntiqinə diqqət edin: “Qarabağı azad edərkən ermənilərin məhrum olduqları, itirdikləri indi qarabağlıları söyməyə, onları naşü­kürlükdə, tənbəllikdə və müftəxorluqda ittiham etməyə əsas vermir”.

Bu cür “dərin düşüncəli” mülahizələ­rindən dərhal sonra sanki, qəflət yuxu­sundan ayılıbmış kimi, Ter-Petrosyan vaxtilə səlahiyyət sahibi olmuş bütün er­məni siyasətçiləri kimi, “milli mövqeyə” sadiqliyini nümayiş etdirməyə tələsir: “Ermənistan və Qarabağ bizim ümumi vətənimizdir və onun övladları qələbə və məğlubiyyət kimi, məhrumiyyət və əzabları da bölüşməyi bacarırlar”. Milli təəssübkeşliyi “fontan” vuran suriyalı hay Ter-Petrosyan sözünü bu formada yekunlaşdırır: “Eyni zamanda, unut­maq lazım deyil ki, qarabağlılar Ermə­nistan-Azərbaycan qarşıdurmasının ön cəbhəsində, sərhəd toqquşmalarının və atışmaların daimi qorxusu altında yaşa­yır, reallığı üzərlərində hiss edirlər. Bu isə Ermənistan sakinlərindən onlara is­tisna yanaşma tələb edir”.

Qarabağ ermənilərinə bu cür həs­sas yanaşma sərgiləyən Ermənistanın ilk prezidenti bu qeydləri altı il əvvəl qələmə aldığını xüsusi olaraq xatırladır. 

Üstündən bu qədər vaxt keçdikdən sonra keçmiş tezislərini birdən-birə ic­timailəşdirməyə sabiq dövlət başçısını məcbur edən səbəb nə imiş? Bəlkə, bu, onun erməni xalqı qarşısında yenidən “müdrik ağsaqqal”, hətta “millət atası” statusunda boy qaldırmaq cəhdidir? Axı o 25 il əvvəlki və indiki Ermənistan Res­publikasının vətəndaşları ilə Azərbayca­nın Qarabağ iqtisadi rayonunda qanun­suz yaşayan formal rəiyyət arasındakı böyük fərqin mövcudluğunu bilməmiş deyil. Yəqin onun İrəvan ermənilərinin, hətta iqtidarda olan partiya daxil, bir sıra sağçı təşkilatların başbilənlərinin qarabağlı soydaşlarının ölkələri üçün iqtisadi, siyasi, hərbi yükə çevrildikləri­ni açıq söylədiklərindən də xəbəri var. 44 günlük müharibədə və ondan sonra Ermənistan cəmiyyətinin bu kəsiminin dilindən “biz niyə onları yemləməliyik?”, “niyə övladlarımız onları müdafiə etməli­dir?” kimi ifadələr eşidilirdi. Belə qınayıcı tənələr elə indi də səslənməkdədir. De­diyimizə misal olaraq “Epress.am” say­tının son paylaşımlardan birindən sitat: “İrəvanlı taksi sürücüsü Qarabağ ləhcə­sində danışdığına görə erməni qadını maşından yarı yolda düşürüb...” 

* * * 

Bəli, Levon Ter-Petrosyan bu qeyd­ləri ilə 2017-ci ildəki kimi, yenə də Qa­rabağ klanının tərəfində oynamaqla, deyəsən, “millət atası” statusunun ta­rixin arxivinə göndərilməsini ləngitməyə çalışır. О, elə altı il əvvəl də millətinin xilaskarı rolunda çıxış etməyə cəhd­lər edirdi. Bəs axırı nə oldu? Qarabağ klanı tarixin zibilliyinə göndərildi və Ermənistanda hakimiyyətə Nikol Pa­şinyan gəldi. Taxta təzə oturan zaman Nikolu Ter-Petrosyanın ardıcılı sayır­dılar, amma reallıqda heç də deyilən kimi olmadı. Siyasi yetirməsi tərəfin­dən rədd edilən Levon Akopoviç iki il bundan əvvəl özü kimi iki eks-liderə – Robert Koçaryana və Serj Sarkisyana vahid seçkiqabağı blokda birləşməyi təklif elədi. Taleyin ironiyasına baxın ki, onun bu təşəbbüsü hər iki qarabağlı eks-prezident tərəfindən rədd olundu. Səbəb kimi qoca “patriotun” ağzına yiyəlik etmədiyi, “məxfi görüşün detal­larını yaydığı” göstərildi. Buna görən də hər cinahdan tənqid atəşinə tutuldu. Azərbaycan torpaqlarının 20 faizi iş­ğal olunanda Ermənistanın prezidenti Levon Ter-Petrosyan idi. Xocalı soyqı­rımı məhz onun idarəçiliyi dövründə törədilmişdi. O, bu etnik qətliamda özünün günahkar olduğunu boynuna almasa da, fakt faktlığında qalır. Bir də ki, reallıqda o cəmiyyətdə “miat­sum” ideyasından və ölkəmizə qarşı ərazi iddialarından vaz keçməyə hazır siyasətçi tapmaq qeyri-mümkündür. Levon da bu mənada istisna deyil. İndi isə rəsmi İrəvan “Laçın dəhlizinin” açılması tələbi ilə Bakıya beynəlxalq təzyiq göstərməyə çalışır. Fəqət iflasa namizəd bu cəhdlər Ter-Petrosyanın “millət atası” rolunda “poza vermək” səyləri kimi faydasızdır. Belə bir xül­yaya dalmış ilk prezident hazırda tərk edilmiş primitiv haylardan birinə çev­rildiyi kimi, Paşinyan da “şou”nun so­nunda sözəbaxan, boynu bükük quzu kimi sülh sazişini imzalamağa müntəzir olacaq. Bunu da bizdən proqnoz kimi qəbul edin... 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət