Sülhdən qaçan hədəfə çevrilər

post-img

İrəvan üzdə sülhdən dəm vurur, ortada “şou-tamaşa” düzəldir, arxada isə müharibəyə hazırlaşır

 

Tarix hələ belə şou-tamaşaya şahidlik etməyib. Müharibədə rüsvaycasına məğlub olan tərəf sülhə gəlmək əvəzinə, qalibin üzərinə “hücum çəkir”, onu ağlagəlməz cinayətlərdə günahlandırmağa, beynəlxalq ictimaiyyətin gözündə yolkəsən, qəddar dövlət imicini formalaşdırmağa çalışır. Və yalan – böhtanlarla müşayiət olunan bu ideoloji təxribatında özünə tərəfdaşlar toplamağı da “bacarır”. 

Humanitar şounun oyunçuları

Bu gün İrəvandan Laçın yoluna göndərilən yük maşınları ilə bağlı humanitar şounun arxasında hansı qüvvələrin dayandığının fərqindəyik. Xankəndiyə guya yardım gətirən 19 “Spayka” tırı təşkil olunmuş təxribatdan başqa bir şey deyil. Bu, həm də hayların baş nazirinin ikiüzlülüyünün növbəti əyani sübutudur. Nikol Paşinyan bir tərəfdən deyir ki, Qarabağ erməniləri düşdükləri vəziyyətdən özləri çıxmalıdırlar, digər tərəfdən isə “humanitar böhrandan əziyyət çəkənlərə yardım” göndərir. “Yeməyə çörək tapmayan” Qarabağ erməniləri üçün nəzərdə tutulan humanitar yadım karvanını isə Avropa İttifaqının bu ölkədəki mülki missiyası müşayiət edir. Onlara “diplomatik müşayiəti” isə Fransa XİN öz qərəzli bəyanatı ilə təşkil etməyə çalışır. İrqçi Makron hakimiyyətinin ermənipərəst siyasətinə həmin Aİ-nin xarici diplomatiya komitəsinin sədri Jozef Borrell “züy” tutur. Parisin rejissorluq etdiyi bu “humanitar şou”ya gerçək çalarlar verməkdən ötrü bu ölkənin Azərbaycandakı səfiri Ann Buyona da şouda önəmli rol ayrılır. Madam Buyon Bakını “Laçın dəhlizi” ilə təhlükəsiz və sərbəst keçidi təmin etməyə borclu çıxarır. 

Əlbəttə, rəsmi Bakı bir “pultdan” idarə olunan, öncədən düşünülmüş ideoloji təzyiq şousunun müəlliflərinə beynəlxalq norma və prinsiplərə söykənən prinsipial və kəskin cavabını verdi. Həm də artıqlaması ilə verdi. 

Yeni müharibəni kim arzulayır?

Ermənistan baş naziri Nikol Paşinyan yenə öz ampluasındadır. İki gün əvvəl hökumətin iclasında sülhdən, bütün dünyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından bəhs etdi. Üstəlik, yaxın qonşularla əlaqələri təcili surətdə normallaşdırmağın vacibliyindən ağızdolusu danışdı. O, hətta əks-təqdirdə “Ermənistanın gələcəyi yoxdur” kimi bəyanat da səsləndirdi. Əgər dediyi kimidirsə, onda Paşinyanın Bakının Qarabağ müharibəsində qələbəsini etiraf etməsi, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatları ilə danışıqlar masasında sərgilədiyi tərs mütənasib mövqeyini nə cür başa düşək? 

Dünya görür, biz də bilirik ki, Ermənistan Azərbaycan əleyhinə silahlandırılır. Rəsmi İrəvanın Bakı ilə sülh oyunbazlığının arxasında altdan-altdan silahlandığı artıq gizlədilməsi mümkün olmayan faktdır. Təsdiqlənmiş son məlumatlara görə, İrəvan İran ərazisi ilə Hindistandan silah-sursat daşıyır. “Caliber.az” bunu təsdiqləyən videogörüntü yayıb. Məlumatda silah-sursatla dolu TIR karvanının İranın Nurduz sərhəd məntəqəsindən keçdiyi qeyd edilir. Hindistanla yanaşı, İranın da Ermənistanın silahlanmasında maraqlı olduğu sirr deyil. Məğlub ölkənin müdafiə naziri Suren Papikyanın son vaxtlar səfər elədiyi ölkələrin coğrafiyası hər şeyi deyir: Fransa, Hindistan və İran. Hindistandan Ermənistana növbəti silah partiyasının göndərilməsi xarici işlər naziri Ararat Mirzoyanın Moskvada üçtərəli görüşdən bir gün əvvəl Tehran səfərindən sonra baş tutmuşdu. Həqiqətə çevrilmiş bu faktı açıq söyləməyin məqamı yetişib. Nə qədər səy göstərsə də, yardım üçün yüz qapını döysə də, silahlanma yarışında Azərbaycanla ayaqlaşmaq üçün Ermənistan yetərli maddi, texniki və insani resurslara malik deyil və bundan sonra da olmayacaq. Bundan az əhəmiyyət kəsb etməyən ikinci amil ölkəmizin qardaş Türkiyə ilə hərbi müttəfiqliyini durmadan gücləndirməsidir. Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə (NATO) tipli orduya keçidi uğurla davam etdirilir, büdcədən hərbiyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. Son faktın özü xüsusilə İrəvana və ona hərbi təchizat baxımından yardımçı olmağa çalışan Hindistan kimi ölkələrə ciddi siqnal rolunu oynamalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Hindistanın ölkəmizdəki səfiri ilə iki gün əvvəlki görüşündə dövlətimizin rəsmi narazılığını onun diqqətinə çatdırıb. Prezidentin köməkçisinin “oyun bitdi” mesajı isə təkcə İrəvana deyil, onu “karvan-şou” kimi təxribatlara itələyən arxa plandakı aktorlara da ünvanlanıb.  

Siçovullar “gəmini” tərk edir 

Artıq Xankəndidəki daşnak-separatçı quldur dəstəsinin sıralarına çaxnaşma düşüb. Batmaq ərəfəsində olan “gəmi”ni tərk etməyə tələsənlər peyda olub. Qondarma rejimi gözləyən real təhlükəni ilk hiss edənlərdən biri “DQR-in parlament sədri” Artur Tovmasyandır. O, sosial şəbəkədə bu gün “postundan” istefa verəcəyini açıqlayıb. Bakı ermənisi olan Tovmasyan bildirib ki, “şəxsi qərarımla siyasi məsuliyyəti öz üzərimə götürərək, “Artsax milli məclisinin sədri” vəzifəsindən istefa verirəm”. Bu zaman “son nəfəsimə qədər Ermənistana və Qarabağa xidmət edəcəyəm”, – deməyi də unutmayan Tovmasyan istefası ilə hansı “siyasi məsuliyyəti” boynuna götürdüyü barədə heç nə yazmayıb. 

Zəfərimizlə başa çatmış Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar kontekstində Prezident İlham Əliyevin fərmanı ilə işğaldan azad olunan ərazilərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı. Azərbaycan “Dağlıq Qarabağ” teoreminin həllini gələcəyə saxlamaq fikrində deyil. Bakının prinsipial mövqeyi ortadadır: heç kəs daxili işlərimizə qarışmasın, separatçı rejim maliyyələşdirilməsin və Qarabağ ermənilərinin reinteqrasiyasına əngəllər törədilməsin. 

Maraq doğuran məsələlərdən biri də Ermənistanın Laçın yolu üzərində qurduğu “karvan-şou”ya Moskvanın hələlik reaksiya verməməsidir. Biz səbirli xalqıq, gözləyərik. Az sonra Kremlin haqqın və ədalətin yanında olacağı, yoxsa avropalılar kimi, “karvan-şou” siyasi tamaşasına baxmağa üstünlük verəcəyi bilinəcək?

İrəvan nə qədər gec deyil, faydasız və nəticəsiz soulara son verməli, seçimini eləməli, üzdə sülhdən dəm vurub, arxada özünü “müharibə partiyası” cildində aparmaq taktikasından əl çəkməlidir. Çünki qoca tarix göstərir ki, sülhdən dönənin son aqibəti yaman olur.

Rasim MUSABƏYOV, 

Milli Məclisin deputatı, politoloq

Bunun adı ənənəvi erməni cığallığıdır. Hərbi müstəvidə Azərbaycanla toqquşmaq onlar üçün sadəcə, xam xəyaldır. Diplomatik cəbhədə də heç nə bacarmırlar. Yeganə yolları ağlaşma qurmaq, özlərini dünyaya zavallı, yazıq kimi təqdim etməkdir. Məqsəd, guya, özlərinin əzilməsinin qarşısının alınması tələbi üzərində şou göstərməkdir. Onlar, doğrudan da, Qarabağ ermənilərinə humanitar yardım çatdırmaq istəyirlərsə, bunun yolu var. Hansı dövlət digər dövlətin ərazisinə icazəsiz yardım daşıya bilər? Bunun bir qaydası var, yoxsa hara nə istəyirəm daşıyacam, - olmaz! Zəhmət çək, müraciət elə, hansı yardımı gətirəcəyini göstər və əsaslandır. Razılıq alınandan sonra qaydalar çərçivəsində hərəkət etməlidir. Yəni, Azərbaycanın Laçın yolunda, Həkəri çayının üstündəki sərhəd məntəqəsinin qanuniliyini etiraf etməyə məcbur olacaq. Bununla İrəvanın üfürüb şişirdiyi dezinformasiya köpüyü dağılacaq.                

Düşünürəm ki, Paşinyan danışıqların gedişində Azərbaycana təzyiq göstərə biləcəyini hiss edib. Qarabağdakı ermənilərə, guya, kömək etmək niyyəti ilə belə bir üsula əl atan İrəvan hər bir halda Bakıya rəsmi müraciət ünvanlamalıdır. Siyasi şou hesabına heç nəyə nail ola bilməyəcəklər. Bəli, Qərbdəki ermənipərəst dairələrin Bakıya sözlə təzyiqini görürük. Amma dövlət başçımız onların konkret cavabını verdi. Dedi ki, siz məsələnin həllinə çalışırsınız, yoxsa başağrısı istəyirsiniz? Ağrıyan baş sizin başınız olacaq. Yox, əgər dinc yolla həllinə razısınızsa, onda Azərbaycanın tələblərini qəbul edin. Onsuz da ermənilər “miatsum”u cəmiyyətə yedirə bilmədilər. Hətta, Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə keçirməyə cəhdlər göstərib, amma alınmayıb. Əgər indi informasiya dəstəyi ilə Bakıdan hansısa güzəşti qoparacağına ümid edirsə, bu, qətiyyən mümkün deyil. 

Yeganə HACIYEVA, 

siyasi şərhçi

Azərbaycana diplomatik təzyiqin bir neçə səbəbi var. Birinci səbəbi Avropa İttifaqı qurumlarına qarşıda nəzərdə tutulan seçkilərdə axtarmaq lazımdır. Hazırda Aİ-də riyakar və korrupsioner siyasilər, kriminal erməni lobbisinin çirkli pullarından faydalanmaq üçün Aİ postlarına iddia edən beynəlxalq məmurlar sıraya düzülüblər. Aİ mülki missiyasının tır təxribatında rol alması da təəccüblü deyil. Çünki bu missiyanın əsas hədəfinin Ermənistanı müdafiə etmək olmadığı onun rəhbərinin Avropanın media subyektlərinə verdiyi müsahibələrdən aydın olmuşdu. Diğər tərəfdən, görünən mənzərə belədir ki, Ermənistan Aİ mülki missiyanın müşayiəti ilə Azərbaycanın sərhədindən Qarabağa “humanitar böhran” bəhanəsi altında soxulmaq istəyir. Yəni, İrəvan əksəriyyəti istefada olan fransız hərbiçilərdən ibarət Aİ-nin mülki missiyasının dəstəyi sayəsində Azərbaycanın suveren sərhədlərini pozmağa cəhd göstərir. Azərbaycan üçün nə Aİ-nin şübhəli motivlərlə tır təxribatında iştirak edən nümayəndələrinin, nə erməni lobbisinin züytutanı rolunda çıxış edən siyasətçilərin, nə də Bakıda oturub Ermənistanın vəkillik edən xarici ölkələrin səfirlərinin fikri önəmli deyil.                                                   

Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsi öz qərarını çıxarıb. Həm bu yol, həm də onun ətrafında hərəkətin tənzimləməsi Azərbaycanın daxili məsələsi və suveren hüququ sayılıb. Amma sərhəddə təşkil edilən bu “karvan şantajı”, ermənilərin bu təxribatı bizə, beynəlxalq hüquqa əsasən, legitim özünü müdafiə haqqımızdan istifadə etmək presendentini yaradır. Əslində, bu, həm də region üçün yeni hədəflər formalaşdırır. İndiki vəziyyətdə isə proseslərin bu yöndə inkişafının məsuliyyəti məhz İrəvanın üzərinə düşür.   

 

Şair RAMALDANOV, 

hərbi ekspert 

Bu, ermənilərin yeni təxribat üsuludur. Onlar Qarabağda yaşayan ermənilərin guya blokadada olması, Bakının humanitar yükləri ora buraxmaması ilə bağlı hay-küy salıblar. Azərbaycan həm erməni icmasına, həm də sülhməramlı qüvvələrə alternativ, rahat, logistik cəhətdən sərfəli və təhlükəsiz marşrut təklif edib. Bu təklifə Avropa Şurasının rəhbəri də müsbət yanaşıb. Amma onlar humanitar yükü Laçın yolundakı postumuzdan keçirməyə çalışırlar. Prinsip etibarı ilə bu yol dinc əhalinin üzünə açıqdır və Bakı onların təhlükəsizliyinə tam təminat verir. Sadəcə, erməni separatçılarının törətdiyi silahlı insidentlərdən, BQXK-nın qaçaqmalçılıq hərəkətindən sonra bu yolla hərəkət məhdudlaşdırılıb. Hazırda bölgəyə humanitar yükü gətirən həmin nəqliyyat şirkətinin adı Ermənistandan Azərbaycana silah-sursat daşınmasında hallanırdı. Ona görə yüklər hərtərəfli yoxlanmalıdır. On doqquz TIR postda gözləyir, ermənilər də beynəlxalq təşkilatlara müraciətlər göndərir, Bakını humanitar böhran yaratmaqda günahlandırmağa çalışırlar. Azərbaycan bütün hallarda beynəlxalq hüquqa uyğun hərəkət edəcək. Təklif olunan alternativ yolu bağlayan, bloklayan məhz erməni separatçıları özləridir. 

Sülh müqaviləsi imzalanandan sonra qüdrətli Türkiyə və güclənən Azərbaycanla əməkdaşlıqdan daha çox qazanan Ermənistan olacaq. İrəvandakı hərbi-siyasi rəhbərliyə, revanşistlərə, xunta rejiminə gəldikdə isə məhz onlar xalqı bu vəziyyətə gətiriblər. Əlbəttə, İrəvandakı Paşinyan iqtidarı, Qarabağ iqtisadi zonamızdakı separatçı rejim hakimiyyətinin ömrünü uzatmaq üçün bütün vasitələrə əl atır. Bakı isə onların siyasi, hərbi, iqtisadi təxribatlarına anındaca cavab verməyə hazırdır. Müharibə son addımdır. Bəli, sülh olmayanda silahlar danışır. Digər resurslar tükənərsə, Azərbaycan Ordusu öz sözünü deməyə hazırdır və buna qadirdir.          

 

İmran BƏDİRXANLI, 

“Xalq qəzeti”







Siyasət