Bir bezin iki qırağı

post-img

Yaxud Oskanyanla Paşinyan nəyi alıb-verə bilmirlər?

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan baş nazir Nikol Paşinyanın ünvanına yeni ittihamlar səsləndirib. 44 günlük müharibənin başlanmasına görə Ermənistan hakimiyyətini ittiham edən Oskanyan Paşinyan rejiminin ölkəni yeni müharibəyə sürüklədiyini bildirib. Paşinyana xitabən “ya sus, ya istefa ver” çağırışı səsləndirən Oskanyan, Nikol hökumətinin anklavlar məsələsindəki mövqeyini də tənqid edib. Maraqlıdır, Vardan Oskanyanın Paşinyana ünvanladığı tənqidlər nə dərəcədə əsaslıdır? Onun Erənistanın nicatı kimi irəli sürdüyü ideyalar doğrudanmı ermənilərin xilasına hesablanıb?

Kor kora kor deməsə... 

Vardan Oskanyanın hazırkı iqtidara yönəlik  tənqidlərinin kökündə əsasən Ermənistanın mənafeyinə yetərincə müdafiə edə bilməmək ittihamı dayanır. Oskanyan iddia edir ki, Paşinyan hökuməti rəsmi Bakı ilə münasibətdə həddən artıq təslimçi mövqeyində dayanır və çox böyük güzəştlərə gedir. Keçmiş xarici işlər nazirinin fikrincə, Paşinyan rejiminin mövcud siyasəti Azərbaycanla yeni qarşıdurmalar üçün ciddi əsaslar yaradır.                                                                      

Oskanyanın özünü  erməni xalqının xialskarı kimi təqdim etməsinə baxmayaraq, mövcud faktların təhlili bu təqdimatın cəfəngiyyatdan başqa bir şey olmadığını göstərir. Hər şeydən öncə qeyd edək ki, Vardan Oskanyan Ermənistanın xarici işlər naziri olduğu 1998-2008-ci illərdə Azərbaycan–Ermənistan münasibətlərinin yaxşılaşmasına, Qarabağ probleminin sülh yolu ilə həllinə iynə ucu boyda töhfə verməyib. Əksinə, həmin dövrdə Azərbaycan–Ermənistan münasibətləri gərgin olaraq qalıb, hər iki dövlət problemin hərbi yolla həllinə köklənib.  Hansı ki, bu siyasət sonda 44 günlük Vətən müharibəsinin başlanmasına gətirib çıxardı ki, bu da Ermənistan ordusunun darmadağın olması ilə nəticələndi.

İkincisi, Vardan Oskanyan Bakı ilə münasibətlərdə “sərt xətt” tərəfdarıdır. Halbuki, qalib Azərbaycanla təhdid dili ilə danışmağın mümkünsüzlüyü göz önündədir. Belə olan halda Oskanyanın Paşinyanı Bakı ilə zor dilində danışmağa təhrik etməsi siyasi avantüradan başqa bir şey deyil. Bu, onu göstərir ki, Oskanyan nəinki Paşinyandan mümkün olmayanı istəyir, həm də onu yeni qarşıdurma və məğlubiyyətə doğru çəkir. Başqa sözlə desək, vaxtilə özü Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına heç bir fayda verməyən Oskanyan Paşinyanı eyni bacarıqsızlığa görə ittiham edir və ona qondarma “xilas yolları”nı göstərir. Oskanyanın  Paşinyana olan bu münasibəti istər-istəməz “kor kora lağ eləməsə, bağrı çatlar” məsəlini yada salır. Görünür, zamanında heç bir uğura imza ata bilməyən Oskanyana bu gün döyüş çox asan görünür.

İki səriştəsizin bir sifəti: Riyakarlıq!

Oskanyan və Paşinyan bir-birini qəbul etməyən iki fərqli düşərgənin təmsilçiləri olsalar da, əslində, onların hər ikisini birləşdirən bir ortaq amil mövcuddur. Bu, riyakarlıqdır. Oskanyan xarici işlər naziri olan zaman Azərbaycana münasibətdə nə qədər qeyri-səmimi idisə, Paşinyan  da dövlətimizə, ümumilikdə, sülh prosesinə münasibətdə bir o qədər qeyri-səmimidir. Vaxtilə Oskanyan sülh danışıqları ilə bağlı necə imitasiya edirdisə, bu gün Paşinyan eyni imitasiyanı təkrarlamaqdadır. Bu gün özünün erməni xalqının xilaskarı adlandıran Oskanyan kimi, Paşinyan da zamanında özünü Ermənistanın xilaskarı kimi təqdim etmiş,  nəticə ­etibarilə erməni toplumunu fəlakətlə üz-üzə qoymuşdur. Bir sözlə, həm Oskanyan, həm də Paşinyan erməni toplumunu, eləcə də beynəlxalq ictimaiyyəti aldatmaqdan çəkinməmiş, öz siyasi ambisiyaları naminə toplumun hiss və duyğularını istismar etmişlər. Məhz bunun nəticəsidir ki, bu gün erməni cəmiyyəti həm Oskanyanın, həm də Paşinyanın vədlərini eyni dərəcədə etibarsız hesab edir. Bu gün sadə bir vətəndaşın sözü erməni toplumu üçün bu iki siyasətçinin sözündən daha dəyərli və daha etibarlıdır. Odur ki, Oskanyanın Paşinyanı, Paşinyanın isə Oskanyanı  “xərcləmək” hesabına cəmiyyətdə inam qazanmaq cəhdləri səmərəsizdir. Çünki cəmiyyətin hər iki siyasətçiyə olan inamsız münasibəti göstərir ki, əslində, Oskanyan da, Paşinyan da çoxdan “xərclənib” və onları yenidən bir tam kimi görmək heç kimə nəsib olmayacaq.

 

Seymur ƏLİYEV 

 

Siyasət