İki min il əvvəldən gələcəyə uzanan Böyük İpək Yolu

post-img

Böyük İpək Yolu Azərbaycanın inkişafında tarixən təkcə iqtisadi deyil, həm də ictimai-siyasi, mənəvi və elmi dünyagörüşü, sülh şəraitinin, dinc-yanaşı yaşam tərzinin qorunub saxlanması baxımından mühüm önəm daşıyıb. Bununla belə bu yolun mənəvi-mədəni, sosial nəticələri, eyni zamanda tranzit cəmiyyətlərin də tərəqqisində xüsusi rol oynayıb. Ümumiyyətlə, Böyük İpək Yolu ölkələri quru və dənizlər vasitəsilə yaxınlaşdırmaqla, mövcud əlaqələri genişləndirməklə bərabər, ticarət münasibətləri əsasında konkret iqtisadi-maddi tələbat və ehtiyacları gerçəkləşdirib. 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi ilə ölkə­mizin Böyük İpək Yolunun bərpasında iştirakı diqqət mərkəzində saxlanıl­dı. Respublikamızın iqtisadi qüdrətinin yüksəlməsində, regional və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində, dün­ya birliyinə daha geniş şəkildə inteqrasi­yanın reallaşmasında bu amil həyati zə­rurətə çevrildi. 

Keçmiş SSRİ-nin dağılması nəticəsin­də pozulmuş iqtisadi, xüsusi ilə nəqliyyat əlaqələrinin daha geniş coğrafiyada bər­pası zərurəti Böyük İpək Yolunun müasir şəraitdə yeni elmi əsaslarla qurulmasını mühüm və təxirəsalınmaz vəzifələrdən biri kimi önə çəkdi. Bu işdə Avropa Ko­missiyasının hazırladığı və Azərbaycanın iqtisadi inkişaf strategiyasında əsas yer tutan Tarixi İpək Yolunun bərpası, "Avro­pa-Qafqaz-Asiya" (TRASEKA) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi mü­hüm rol oynadı. 

Prezident İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korpo­rasiyasına müsahibəsində müxbirin “Azərbaycanın “Bir kəmər, bir yol” kimi nəhəng infrastruktur layihəsini qısa müd­dətdə–307 günə icra etməsinə necə nail olub?” sualına cavabında da bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı belə bir təşəbbüsün inkişafımızın sürətlənmə­sində mühüm rol oynadığını xatırladaraq Azərbaycanın belə bir regional bağlan­tının mərkəzində dayanmasının önəmli üstünlüklərini diqqətə çatdırıb. Ölkə rəh­bəri daha sonra deyib: “Xəritəyə baxsa­nız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şi­mal-Cənub nəqliyyat marşrutları üzərin­də yerləşir. Lakin nəqliyyat infrastrukturu­nun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrast­rukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq…”. 

Ötən müddətdə dövlətimizin baş­çısının vurğuladığı kimi, ilk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə geniş həcmdə investisiya qo­yuldu, qonşularla bağlantı körpülərinin qurulması diqqətdə saxlanıldı. Beləliklə, “Bir kəmər, bir yol” layihəsi ilə bağlı ölkə­daxili infrastruktur sistemi qısa zaman­da gerçəkləşdi. Bununla da, sözügedən istiqamətdə sonrakı proseslərin sürətlə aparılmasına əlverişli zəmin yarandı. 

Prezident İlham Əliyev belə bir fikir səsləndirərkən, hazırda görülən işləri nəzərdə tutur. Məsələn, indi Yeni Bakı Ti­carət Limanı genişləndirilir, çünki bununla Şərqdən Qərbə daşınan yüklərin həcmi­nin artacağı təqdirdə yükaşırma problem­lərinin qarşısı alınır. Başqa sözlə, Azər­baycanın mövcud ticarət infrastrukturu bir neçə il əvvəl fəaliyyətə başlayanda onun yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə Yeni Bakı Ticarət Lima­nının imkanlarını 25 milyon tona qədər çatdırmaq qarşıya mühüm vəzifə kimi qoyulur. Bundan başqa, Xəzər dənizində daha çox gəmi tikintisi diqqətdə saxlanı­lır. İndi gəmiqayırma zavodunun ildə 20-dək gəmi inşa edəcəyi planlaşdırılır. Bu həm Azərbaycanda, həm də Xəzər dəni­zində yükdaşımaya tələbatın artması ilə bağlıdır. Ümumiyyətlə, hazırda Azərbay­can Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahibdir. Bu, ölkəmizin daha çox yük da­şımaq imkanından xəbər verir. 

Azərbaycan indi mövcud dəmir yo­lunun müasirləşdirilməsini də qarşıya mühüm vəzifə kimi qoyub. Məqsəd qa­tarların sayının və sürətinin artırılması ilə bağlıdır. Çünki Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Eyni zamanda, tariflərlə bağlı vahid si­yasətin reallaşması istiqamətində də da­nışıqlar aparılır. Gömrük qaydaları sahə­sində daha geniş qarşılıqlı əlaqələndirmə qurulması da diqqətdə saxlanılır. 

Prezident İlham Əliyev müsahibədə müxbirin “Azərbaycan “Transxəzər Bey­nəlxalq Nəqliyyat Marşrutu” layihəsinin təşəbbüskarıdır. Bu, nə dərəcədə əhə­miyyətlidir?” sualını da cavablandırıb: “Əslində, bu, “Bir kəmər, bir yol” layihəsi­nin bir hissəsidir. Çünki bizə məlumdur ki, hazırkı geosiyasi vəziyyətdə Transxəzər marşrutu Mərkəzi Asiya ölkələri üçün ən əhəmiyyətli marşruta çevrilib. Dediyim kimi, xəritəyə baxanda aydın olur ki, Av­ropaya və əks-istiqamətdə yüklərin da­şınması üçün Mərkəzi Asiya ölkələrinin seçimi o qədər də geniş deyil”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çindən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük axınının artırılması­na xidmət etməklə region ölkələrinin ti­carət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azər­baycan, Qazaxıstan və Gürcüstanın mü­vafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda Çin–Qazaxıs­tan sərhədindən başlayan marşrut Qa­zaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropa­ya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prin­sipi tətbiq olunur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Orta Dəh­lizlə artacaq yüklərin optimal ötürülməsi məqsədilə zəruri infrastrukturun geniş­ləndirilməsi, dəhliz boyu ölkələrin vahid tarif siyasətinin formalaşması istiqamə­tində aparılan məsələlərin beynəlxalq sə­viyyədə uğurla müzakirə edilməsi, eləcə də bu istiqamətdə ölkəmizdə vahid nəq­liyyat sistemi və gömrük əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi istiqamə­tində aparılan uğurlu işlər gələcəkdə bu dəhlizlə daşımaların sürətlə artmasına səbəb olacaq. Eyni zamanda Orta Dəh­lizin potensial imkanlarından səmərəli is­tifadə edilməsi əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın iqtisadiyyatının dayanıqlı və davamlı inkişafına mühüm töhfə verəcək.

Orta Dəhlizdən keçən blok qatarı Çin­dən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Hazırda 10 milyon metrik ton və ya hər 200 min kon­teynerlə qiymətləndirilən bu marşrutun potensialının Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən genişləndirilməsi istiqamətində mühüm işlər görülür. 

Yeri gəlmişkən, Transxəzər marşru­tunu gəmilərsiz təsəvvür etmək mümkün deyil. Son dövrlər ölkə başçısı İlham Əli­yevin təşəbbüsü ilə Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanmasının tərkibinin yenilənməsi dəniz nəqliyyatının rəqabətqabiliyyətini yüksəldərək bu dəh­lizin potensial imkanlarından istifadəni xeyli genişləndirib. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ilin yanvar-iyun ayla­rında dəniz nəqliyyatında yükdaşımaların həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisə­də 21,7 faiz artaraq 4 milyon 514 min 700 ton təşkil edib. Ölkəmizin dəniz limanları tərəfindən isə 2023-cü ilin birinci yarımilli­yində 6 milyon 328 min ton yükaşırma iş­ləri həyata keçirilib ki, bunun da 82,4 faizi tranzit yüklərin payına düşüb.

Rusiya–Ukrayna müharibəsi başla­yandan indiyədək dünyanın ən böyük yükdaşıma şirkətləri tərəfindən Azərbay­can üzərindən daşımaları şərtləndirən Orta Dəhlizdən istifadəyə start verilib. Bu isə ölkəmizin ərazisindən tranzit yükda­şımaların həcmində kəskin artıma gətirib çıxarıb. 

Orta Dəhliz Bakıda aparılan işlərlə yekunlaşmır. Layihə çərçivəsində Xəzə­rin şərq sahilində inkişaf etdirilən və ge­nişləndirilərək modernləşdirilən limanlar arasında Kurık (Qazaxıstan) və Türk­mənbaşı (Türkmənistan) da var. 

Kurıkın illik emal gücü 4,1 milyon ton və ya 20 futluq ekvivalentdə 240 min konteyner idisə, hazırda həcm təxminən 6 milyon tona çatdırılıb. 

Türkmənbaşı limanının gücü isə 4 milyon ton və 20 futluq ekvivalentdə 400 min konteyner olduğundan, ilk baxışdan real daşıma həcmləri üçün kiçik sayıla bilər. Lakin Orta Dəhliz sürətlə inkişaf et­diyindən, Türkmənistanın layihədəki yeri və rolu da dəfələrlə artacaq.

“Xalq qəzeti”

Siyasət