Ərdoğan: Ankara müdafiə sənayesinə böyük əhəmiyyət verir

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı bildirib ki, embarqolara baxmayaraq, Türkiyə hökuməti müdafiə sənayesinin inkişafına böyük əhəmiyyət verir. Türkiyə Prezidenti İstanbulda keçirilən 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə videomüraciətində deyib: “Türkiyə qarşıya çıxan bir çox maneələrə, gizli və açıq embarqolara baxmayaraq, müdafiə sənayesini inkişaf etdirməyə böyük əhəmiyyət verir”.

İyulun 28-nə qədər davam edəcək ən böyük qlobal müdafiə tədbirlərindən biri olan bu sərgidə quru nəqliyyat vasitələri, silahlar, simulyatorlar, radarlar, sonarlar, dəniz platforması həlləri, aviasiya sistem­ləri, raketlər, logistika vasitələri, təchizat avadanlığı və təhlükəsizlik sistemləri də daxil olmaqla, bir sıra müdafiə məhsulları nümayiş etdirilir. Rəcəb Tayyib Ərdoğan daha sonra deyib: “Türkiyənin müdafiə sənayesi sektoru son illərdə bütün dün­ya tərəfindən heyranlıqla izlənilən bir uğur hekayəsi yazır. Sənayemiz zirehli texnikası, artilleriyası, raketləri, hava hü­cumundan müdafiə sistemləri, münaqişə zonalarında sınaqdan keçirilən hər cür si­lah və radar sistemləri ilə öz potensialını bir daha nümayiş etdirdi”.

Türkiyə Prezidenti öz ölkəsinin pilotsuz təyyarə texnologiyası sahəsin­dəki imkanlarını yüksək qiymətləndirib, onun bu sahədə dünyanın ilk üç ölkəsi arasında olduğunu deyib. O əlavə edib ki, öz döyüş gəmisini istehsal edən 10 ölkədən biri olan Türkiyə bu sahədə də mühüm ixracatçıdır. Türkiyənin müda­fiə sənayesində iz qoyacaq 850 fərqli layihəni "həssaslıqla” həyata keçirdiyini söyləyən R.T.Ərdoğan bildirib: "Keçən il 4,4 milyard dollarlıq ixracat rəqəminə çatdıq. Bu ilin ilk altı ayında 2,3 milyard dollarlıq rekord ixrac səviyyəsinə nail olduq. 2023-cü ildə hədəfimiz 6 milyard dollardır". O əlavə edib ki, Ankara təkcə məhsul satmaq üçün deyil, həm də uzun­müddətli tərəfdaşlıqlar qurmaq və birgə layihələr hazırlamaq istəyir.

“Müdafiə sənayesindəki bilik və təc­rübəmizi dostlarımızın faydalanması üçün təqdim etməkdən məmnunuq”, - deyə R.T. Ərdoğan sonda bildirib.

“Xalq qəzeti”

Dünya