Fransa bölgədə olan-qalan nüfuzunu da itirir

post-img

Fransa Prezidenti Emmanuel Makronun, Xarici işlər naziri Ketrin Kolonnanın, parlamentin yuxarı palatası – Senatın sədri Jerar Larşenin və ölkənin digər rəsmi şəxslərinin Azərbaycanın daxili işlərinə qarışması adət halını alıb. Onlar yeri gəldi-gəlmədi Qarabağ iqtisadi rayonunda yaşayan erməni azlığının hüquqlarının qorunması və təhlükəsizliklərinin təmin edilməsi məsələsini qaldırırlar. Bu çağırışlar əsassız olduğundan, istər-istəməz, hiddət doğurur.

Azərbaycan Qarabağda yaşayan ermənilərlə danışmağa hazır olduğu­nu dəfələrlə yüksək səviyyədə bəyan edib. Prezident İlham Əliyev 2022-ci ilin noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şu­ebelin rəhbərlik etdiyi, Aİ-nin və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə mə­sul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən bu barədə deyib: “Hesab edirəm, vacib odur ki, Ermənis­tan, əslində, istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermə­nilərlə danışmağa hazırıq, amma Mosk­vanın göndərdiyi, ciblərində rus xalqın­dan oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Mos­kvadan oraya çox aydın gündəliklə gön­dərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə ha­zırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi da­yandırmaq cəhdləri edilməsə, onda he­sab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur...”

Bir sıra nüanslar rəsmi Bakının er­məni azlıqla danışmaqda səmimi istəyinin olduğunu nümayiş etdirir. Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs kimi müəy­yən olunub. Martın 1-də Xocalıda ilkin təmaslar aparılıb. Bundan sonra Azər­baycan tərəfi Qarabağ ermənilərini növ­bəti görüş üçün rəsmi şəkildə Bakıya dəvət edib. Ancaq onlar bu təklifdən imtina ediblər. Bundan sonra onlara ikinci təklif ünvanlanıb. Haylar bundan da boyun qaçırıblar. Belə olan təqdirdə Azərbaycan Prezidenti üçüncü təklifin olmayacağını artıq bəyan edib. Zənni­mizcə, fransalı rəsmilər Azərbaycana bu istiqamətdə hansısa çağırış etməz­dən qabaq proseslərin xronoloji ardıcıl­lığına diqqət yetirməlidirlər. Onlar yalnız bundan sonra fikir yürüdə bilərlər. Əgər bu fikir konstruktiv olacaqsa, qarşılıqlı fayda verəcəksə, onu müzakirə və qə­bul etmək məqbul sayıla bilər. Hərçənd ki, E.Makronun prezident olduğu müd­dətdə Fransanın məhsuldar, proseslərə əməli töhfə verəcək yanaşma sərgiləyə­cəyi az ehtimal olunandır.

Fransanın müstəmləkəçilik si­yasəti, buna rəğmən Azərbay­canın daxili işlərinə müdaxilə etmək cəhdləri Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasi­yasına müsahibəsi zamanı toxunduğu məsələlərdən biri olub. Dövlətimizin başçısı qeyd edib ki, hazırda biz Fran­sa hökumətinin, əgər belə demək olar­sa, çox əsassız hücumları ilə üzləşirik: “Təsəvvür edirsinizmi, Fransa Ermənis­tanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevri­liblər. Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham et­dilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördü­yümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsi­ka dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağ­da ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikası­nı” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ res­publikasını” orada elan etsinlər, biz də tanıyaq”.

Prezident İlham Əliyev qeyd edib ki, bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir: “Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqın­da danışır!? Bu, siyasi riyakarlıqdır. İndi söylədiklərimi biz deyəndə isə siz görür­sünüz ki, onlar bütün mətbuatı dərhal işə salır, Azərbaycanı, onun rəhbərlərini və siyasətini təhqir etməyə, hücum çək­məyə, şayiə yaymağa başlayırlar”.

Dövlət başçımız haqlıdır. Fransa digər keçmiş müstəmləkəçi ölkələrdən müstəmləkəçilik “irsini” yaşatması ilə seçilir. Rəsmi Paris dünyanın min ki­lometrlərlə uzaqda yerləşən müxtəlif ərazilərini özünün əsarəti altında sax­lamaqda davam edir, milli azlıqların hüquqlarını pozur, onların müstəqillik arzularını ürəklərində qoyur. Bu, azmış kimi başqalarına öyüd-nəsihət verir, on­lara necə yaşamağı öyrədir. Azərbay­canın isə aşkar şəkildə daxili işlərinə qarışır. Qarabağ iqtisadi rayonunda etnik separatizmi qızışdırır, ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya­sına mane olmağa çalışır. Parisin bu siyasəti Azərbaycanın haqlı etirazına səbəb olur.

Digər tərəfdən, bu faktı qeyd et­mək də fransız rəsmilərin ça­ğırışlarının əsassız olduğunu sübuta yetirmək üçün kifayət edər. Qarabağda erməni azlığının yaşadığı yerlər bey­nəlxalq hüquq nöqteyi-nəzərindən Azər­baycanın suveren ərazisidir. Vaxtilə – 1923-cü ilin iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qəra­rı ilə ölkəmizin tərkibində Dağlıq Qara­bağ Muxtar Vilayəti yaradılıb. Xankəndi şəhəri yeni yaradılmış muxtar vilayətin mərkəzi şəhəri olub.

Yeri gəlmişkən, mənbələrdə bu ya­şayış məntəqəmizlə bağlı “Xanın kəndi” mənasını verən Xankəndi toponiminin XVIII əsrin sonlarından etibarən işlədil­məyə başlandığı qeyd olunur. Xankəndi 1822-ci ildən Yelizavetpol quberniyası­nın Şuşa qəzasının tərkibinə daxil edil­məklə bilavasitə Rusiya imperiyasının hakimiyyəti altında olub. Kənd 1847-ci ildə rəsmi olaraq Xankəndi adını alıb. Qarabağ xanlığının ikinci xanı İbrahim Xəlil xanın mülkü Xankəndidə yerləşir­miş, xana məxsus damazlıq atlar (Qara­bağ atları) burada saxlanılırmış.

Tədricən inkişaf edərək şəhərə çevrilən Xankəndi DQMV-nin mərkə­zinə çevrildikdən az sonra – 1923-cü ilin avqustun 10-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Bakı Xalq Komissarları Sovetinin sədri, 1918-ci ilin martında Bakıda baş ver­miş soyqırımının təşkilatçısı və rəhbəri, əliqanlı cəllad Stepan Şaumyanın şərə­finə Stepanakert adlandırılıb. Bununla belə, hələ sovet dövründə Xankəndi sözü xalq arasında Stepanakert sözü ilə yanaşı işlədilib.

Azərbaycan Ali Soveti 1991-ci il 26 noyabr tarixli qərarı ilə DQMV-nin ləğv olunması barədə qərar qəbul edib. Vi­layətin ərazisi Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Dövlət başçımızın Azərbaycan Respublika­sında iqtisadi rayonların yeni bölgüsü haqqında 2021-ci ilin 7 iyul tarixli fər­manına əsasən, Xankəndi şəhərinin də daxil olduğu yeni Qarabağ iqtisadi rayonu yaradılıb. Fərmanın məhz iyulun 7-də – DQMV-nin yaradılmasının 98-ci ildönümü günündə imzalanmasının rəmzi mahiyyət daşıdığı da gün kimi aydındır.

Azərbaycan rəhbərliyi ölkəmizin özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsini ondan ayırmaq istəyənlərə bu­nunla tutarlı cavab verdi. Bunu fransız rəsmilər də birdəfəlik yadda saxlama­lıdırlar. Onlar bilməlidirlər ki, Xankəndi Azərbaycanın inzibati ərazi bölgüsünə görə, respublika tabeli şəhərlərimizdən biridir və bu şəhərdə gec-tez Azərbay­canın üçrəngli dövlət bayrağı dalğala­nacaqdır. Onu da bilməlidirlər ki, Fransa bununla bölgədə olan-qalan nüfuzunu da itirir.

Aydın QULİYEV,
siyasi şərhçi

– Fransanın Azərbaycana qarşı olan hücumları getdikcə sistemli döv­lət siyasəti xarakteri almaqda və özü­nü ən müxtəlif ziyankar formalarda büruzə verməkdədir. Parisin Azər­baycan əleyhinə siyasətinin ən popul­yar və aydın ifadə olunan təzahür for­ması ölkəmizin daxili işlərinə kobud şəkildə müdaxilə etməsidir. Amma Azərbaycan dövlətinin mövqelərinin güclü olması, həm daxili, həm də xa­rici siyasətin cəmiyyət tərəfindən tam dəstəklənməsi nəticəsində biz Fran­sanın siyasətinin ziyanlı nəticələrini ciddi şəkildə hiss etmirik.

Fransa hazırda müstəmləkəçilik siyasətini yeni forma və üsullarda davam etdirmək üçün üsullar ax­tarır. Eyni zamanda, onun keçmiş müstəmləkələri olan ölkələrin azad və suveren şəkildə yaşamasına im­kan vermir. Həmin ölkələrin daxili işlərinə qarışır. O ölkələrin təbii sər­vətlərini talan edib aparmaq istəyir. Eyni zamanda, özünün daxilində so­sial ədalət və haqları uğrunda insan­lara qarşı hörmətsizlik, zorakılıq edir. Daxildə dinc etirazçıların üzərinə atlılar, silahlılar yeriyir, az qala, ağır texnika etirazçılarla mübarizəyə cəlb olunur. Paris insanların haqq səsini boğmağa çalışır.

Bundan əlavə, Fransa daxilində öz milli haqları uğrunda mübarizə aparan müxtəlif xalqların hüquqlarını kobud şəkildə pozur. Doğrudan da, ironik vəziyyət yaranıb. Fransa daxi­lində korsikalıların milli muxtariyyət hüququna, hətta öz dillərində danış­maq hüquqlarına hörmət etmədiyi təqdirdə, Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə edir. Burada ermənilərin heç bir haqları, əsas­ları olmayan “müstəqillik səyləri”nə dəstək verir. Fransanın apardığı si­yasət beynəlxalq hüquq normalarına tamamilə ziddir. Bu siyasət BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyan­naməsinin, dövlətlərarası münasibət­lərin qurulmasının əsas prinsiplərinin əleyhinədir. Bu siyasət dövlətlərarası etimad mühitini zədələyir. Bütün bun­lar onu deməyə əsas verir ki, Fransa bölgəmizdəki proseslərdə heç vaxt ədalətli rol oynaya bilməz.

Səxavət HƏMİD, “Xalq qəzeti”





Siyasət