Azərbaycandan Avropaya “yaşıl enerji” körpüsü

post-img

Energetika naziri Pərviz Şahbazov “Twitter” səhifəsində Azərbaycanın Gürcüstan, Rumıniya və Macarıstan ilə “yaşıl enerji”nin Avropaya ötürülməsi üçün birgə müəssisə yaratdığını bildirib. 

Nazir qeyd edib ki, bununla bağlı Buxarestdə Anlaşma Memorandumu imzalanıb: “Buxarestdə Gürcüstan, Ru­mıniya və Macarıstandan olan həmkar­larla “yaşıl enerji”nin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün 4 ölkə arasında birgə müəssisənin yaradılma­sına dair Anlaşma Memorandumunu imzaladıq”.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabeli­nin çəkilməsi haqqında saziş imzalanıb. Saziş çərçivəsində Gürcüstan və Rumı­niya arasında min meqavatadək gücə malik 1195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaş­dırılır. Kabel Azərbaycanda istehsal olu­nan “yaşıl” elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub.

Yeri gəlmişkən, Avropa Komissiya­sının Prezidenti Ursula fon der Lyayen sözügedən sazişin Avropa İttifaqını Cə­nubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracağını və regionlarımıza tə­miz enerjiyə keçidə müsbət təsir göstərə­cəyini deyib. Ursula fon der Lyayen daha sonra sözügedən sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından məmnunluğunu ifadə edərək xatırladıb: “Bərpaolunan enerji mənbələrinin art­maqda olan payının inteqrasiyası üçün bizə güclü elektrik enerjisi interkonnektor­ları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Bu, çox iddialı bir layihədir. 

Bu təşəbbüs bizi həm rəqəmsal kom­munikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfi, həmçinin Xəzər regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə təchizatın təhlükəsizliyini də gücləndir­məyə kömək edəcək”.

Prezident İlham Əliyev yuxarıda xa­tırladılan iclasdakı çıxışında “yaşıl ener­ji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin icra­sı ilə adları çəkilən dörd ölkə tərəfindən Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə veriləcəyini qeyd edib. Dövlətimizin başçısı daha sonra bu sazişi “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində atı­lan mühüm addım kimi dəyərləndirib və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenə enerji təhlükə­sizliyi və şaxələndirilməsi layihələrində Azərbaycana verdiyi davamlı dəstəyə görə minnətdarlıq edib. 

Dövlətimizin başçısı çıxışlarının birində ölkəmizin Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” tə­chizatçısına çevrilməyi planlaşdırdığını deyərək, respublikamızın quruda külək və günəş enerjisinin həcminin 27 qiqa­vatdan çox, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qiqavat təşkil etdiyini bildirib. 

Ölkə rəhbəri 2027-ci ilə qədər 3 qiqa­vat külək və 1 qiqavat günəş enerjisinin istehsal olunacağının planlaşdırıldığını və həmin göstəricilərin 80 faizinin ixraca yönəldiləcəyini, ümumiyyətlə, 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güc­lər yaradılmasının nəzərdə tutulduğunu söyləyib: “Təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdı­rır. İki gün əvvəl Azərbaycanın Energe­tika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələ­sində, ən azı, 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq”.

Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahə­sində strateji tərəfdaşlıq haqqında saziş imzalanması bu regionda bərpaolunan enerjinin ixracı ilə bağlı mühüm əhəmiy­yət daşıyan yeni bir imkandır. Bu sənəd, eyni zamanda, dünyada baş verən hazır­kı dərin böhran şəraitində həmrəylik nü­mayiş etdirməyin və ehtiyatları bir araya gətirməyin zəruriliyinin bariz ifadəsidir. 

Ümumiyyətlə, strateji tərəfdaşlıq haqqında adıçəkilən saziş enerji sahə­sində uzunmüddətli qarşılıqlı əmək­daşlığın gücləndirilməsi istiqamətində mühüm addım kimi diqqət çəkir. Deyə bilərəm ki, bir tərəfdən Azərbaycan və Gürcüstan, digər tərəfdən isə Avropa arasında “yaşıl enerji” ticarətinin inkişafı­nı nəzərə alaraq, bərpaolunan enerjinin generasiyası üzrə mövcud potensialdan faydalanmaq bu gün heç vaxt olmadığı qədər mühüm əhəmiyyət kəsb edir.

Avropa Komissiyası yaydığı anlaş­ma açıqlamasında bu sazişin Avropa İttifaqının Cənubi Qafqazdakı tərəf­daşlığını inkişaf etdirəcəyini və hər iki regiona “təmiz enerji” keçidində kömək edəcəyini, eyni zamanda, təchizat təh­lükəsizliyini artıracağını bəyan edib. Eyni zamanda, Brüsselin etibarlı tərəf­daşlarla əməkdaşlığının getdikcə daha çox önəm daşıdığını bildirib.

Qeyd edək ki, Azərbaycan, Gürcüs­tan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş Qara dəniz hövzəsində milli və re­gional enerji təhlükəsizliyinin güclənmə­si, təchizat mənbələrinin şaxələndirilmə­si, Xəzərdə bərpaolunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsası­nı qoyacaq. 

Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma bir müddət bun­dan əvvəl eksklüziv müsahibəsində ölkəsinin respublikamızla birgə “ya­şıl dəhliz” layihəsini maliyyələşdir­məyə maraqlı olduğunu bildirib. O, iki ölkə arasında əlaqələrin təbii qaz sahəsində özünü yüksək səviyyədə doğrultduğunu, bununla belə Azər­baycanın bərpaolunan enerji sahə­sində də böyük potensialı olduğunu diqqətə çatdırıb. 

Səfir qeyd edib ki, Cənubi Qafqazdan “yaşıl elektrik” enerjisi Gürcüstan və Rumıniya vasitəsilə Macarıstanın enerji təchizatının şaxələndirilməsi və təmin edilmə­si üçün əlverişli bir imkandır. Qara dəniz sualtı kabel layihəsinin həya­ta keçirilməsi ilə bağlı artıq texniki və maliyyə məsələlərinin nəzərdən keçirilməsinə başlanılıb. Bu, demək olar ki, 1200 kilometr uzunluğun­da dünyanın ən uzun sualtı kəməri olacaq. Yeri gəlmişkən, Macarıstan hökuməti layihədə iştirak etməyə hazırdır. 

Azərbaycan, Gürcüstan, Ru­mıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürül­məsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş Qara dəniz hövzə­sində milli və regional enerji təhlükə­sizliyinin güclənməsi, təchizat mən­bələrinin şaxələndirilməsi, Xəzərdə bərpaolunan enerji istehsalı poten­sialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsasını qoyacaq. 

Azərbaycan, Gürcüstan, Rumı­niya və Macarıstan arasında “ya­şıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq nəticə­sində bu 4 ölkənin elektrik ötürücü xətləri və sistemləri birləşdirilməklə Avropa təkcə Gürcüstana deyil, həm də bütün Cənubi Qafqaz regionuna qoşula biləcək. Adları sadalanan dövlətlər arasında iqtisadi əmək­daşlığın inkişafı bu layihənin həyata keçirilməsini yeni müstəviyə çıxara­caq.

Vaqif BAYRAMOV, “Xalq qəzeti





İqtisadiyyat