Nazirlər Kabineti “İnvestisiya təşviqi sənədini alan hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısı”nı təsdiq edib. Baş nazir Əli Əsədov bununla bağlı 18 iyul 2023-cü il tarixli qərar imzalayıb.
Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda istehsal vasitələri, qızdırıcı sobalar, dəzgahlar üçün məsrəf materialları, mühərriklər, buxar qazanları, sənaye sobaları, avtoyükləyicilər, kənd təsərrüfatı avadanlıqları, generatorlar, qida məhsullarının daşınması üçün avtomobillər və s. qeyd edilib.
Xatırladaq ki, investisiya təşviqi sənədi investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi məqsədilə müvafiq qanunları ilə müəyyənləşdirilən güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu sənəd əsasında Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanuna əsaslanaraq ilə müəyyənləşdirilən müəyyən güzəştlər nəzərdə tutulur. Belə ki, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalının həyata keçirilməsi 7 il müddətinə ƏDV-dən, gömrük rüsumlarından, əmlak vergisindən, mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə, 7 il müddətinə torpaq vergisini ödəməkdən azad edilir.
Yeri gəlmişkən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir hüquqi şəxs və fərdi sahibkar əvvəlcədən müəyyənləşdirilən tələblərə uyğun investisiya layihələri üzrə investisiya təşviqi sənədi ala bilər. İnvestisiya təşviqi sənədi İqtisadiyyat Nazirliyi tərəfindən aşağıdakı 3 əsas meyara cavab verən investisiya layihələrinə verilir:
–investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;
–investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;
–investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri.
İnvestisiya təşviqi sənədinin təqdim olunması üçün müəyyən konkret meyarlar Azərbaycan Prezidentinin 2016-cı il 20 aprel tarixli fərmanı ilə təsdiq edilib.
Xatırladaq, son illərdə respublikada özəl sektorun dinamik inkişafı diqqətdə saxlanılıb, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması və sahibkarların bu prosesə yaxından cəlb olunmasına xüsusi önəm verilib. Eyni zamanda, sahibkarlıq sahəsində yoxlamaların, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin olunması, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərinin azaldılmasına təsir göstərməklə onların büdcəyə vergi ödənişlərinin həcmini də artırıb.
Sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və çoxsaylı əsassız lisenziyaların verilməsi, sahibkarlar qarşısında qanunazidd tələblər irəli sürülməsi kimi neqativ halların aradan qaldırılması istiqamətində daha ciddi mübarizənin aparılması vacib şərtlərdir. Ona görə də daim sahibkarların hamisi kimi qətiyyətli qərarlar qəbul edən dövlətimizin başçısının müvafiq tapşırığı əsasında reallaşdırılan layihələr davamlı xarakter daşıyır, dövlət strukturları, ayrı-ayrı nazirliklər tərəfindən bu məqama mühüm önəm verilir.
Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib.
Ölkədə davamlı investisiya artımını bir sıra amillər şərtləndirib. Belə ki, son illər ərzində Azərbaycan iqtisadiyyatı struktur və məzmunca xeyli dəyişib, yeni çağırışlar fonunda yeni tənzimləmələr aktuallaşıb. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olan Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb.
Prezident İlham Əliyevin imzaladığı 22 iyun 2022-ci il tarixli “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu da bu sahənin yeni mərhələyə daxil olmasını şərtləndirib. Xatırladaq ki, ölkədə yerli və xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik adı çəkilən qanun dövlətimizin başçısının 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun hazırlanıb.
Azərbaycana investisiya qoyuluşunu sürətləndirmək üçün son illər bir sıra layihələr gerçəkləşdirilib. Məsələn, investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib.
İnvestisiya mühitinin yaxşılaşdırlması və ölkədə biznes fəaliyyətinin asanlaşdırılması məqsədilə Azərbaycan Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib. Rəqəmsal transformasiyaya uyğun olaraq ölkədə xarici investorların biznes fəaliyyətinə başlaması elektronlaşdırılaraq sadələşdirilib.
Həyata keçirilən strategiyada 2026-cı ilə qədər qeyri-neft-qaz sektoru üzrə birbaşa xarici investisiyaların həcminin hər il 10-15 faiz artımı nəzərdə tutulub. Həmçinin investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tətbiq olunması, iqtisadiyyatın şəffaflaşması kimi bir sıra məsələlər qarşıya əsas məqsəd kimi qoyulub. Belə investisiya stimulları, ölkədə biznesin və sahibkarlığın inkişafı üçün atılan addımlar ölkəni getdikcə daha da inkişaf etdirir.
“Xalq qəzeti”

