Qədim Xivə şəhərində UNESCO və ICESCO-nun himayəsi ilə keçirilən ikinci Türk Dünyası Mədəniyyət Forumunda və Forum çərçivəsində IV Beynəlxalq “Baxşı” festivalında iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev və institutun bir qrup elmi işçisi Urgənc Dövlət Universitetində (UDU) olublar.
UDU-nun rektor əvəzi Sərdar Xocaniyazov qonaqları qəbul edib. Görüşdə Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Qayrat Orazboyev, Filologiya və İncəsənət fakültəsinin dekanı Dilşad Qayıpov, fakültənin kafedra müdirləri və digər məsul şəxslər iştirak edib.
Görüş zamanı Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, tarixi, mədəni və mənəvi əlaqələrin dərinliyi, dil və ənənə birliyi, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin əhəmiyyəti haqqında danışılıb.
Tərəflər elmi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, bu məqsədlə iki qurum arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənəd birgə elmi tədqiqatların aparılması, yeni layihələrin hazırlanması və icrası, eləcə də ortaq elmi nəşrlərin həyata keçirilməsini nəzərdə tutur.
Sonra qonaqlar Filologiya və İncəsənət fakültəsində fəaliyyət göstərən “Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan-Özbək Dostluq Mərkəzi” ilə tanış olublar və dərs prosesində iştirak ediblər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Urgənc