Azərbaycan- İran əlaqələri yeni dövrə qədəm qoyur

post-img

 Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də qonşu ölkələrlə mehriban münasibətlərin qurulması, qarşılıqlı-faydalı əməkdaşlıq, regional təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təşkili, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasından ibarətdir. Ölkəmiz hər zaman regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı tərəf kimi çıxış edib. Bu istiqamətdəki fəaliyyətində bölgə üçün faydalı dialoqların, mühum məsələlərin müzakirəsində açıq siyasət yürüdüb. Qonşu ölkələrlə mövcud əlaqələr, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə birgə layihələrin mövcudluğu onun təsdiqidir ki, Azərbaycan regionun inkişafına töhfələrini verir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qonşu ölkələrlə əlaqələr hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu istiqamətdə addımlar atılıb. Azərbaycan- Gürcüstan-Türkiyə Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli uğurlu əməkdaşlıq formatları bölgənin iqtisadi təhlükəsizliyinin təmin olunması baxımdan son dərəcə effektlidir. Ölkəmiz o cümlədən, qonşu İran ilə də əməkdaşlığın dərinləşməsində maraqlıdır. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri, keçirilən yüksək səviyyəli  görüşlər, imzalanan sənədlər onu deməyə əsas verir ki, qarşılıqlı əməkdaşlıq  əlaqələri daha da möhkəmlənəcək və regional baxımdan mühüm dəyişikliklərlə yadda qalacaq.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, xalqlarımız əsrlər boyu mehribanlıq şəraitində yaşayıblar və Prezident İlham Əliyevin bildirdiyi kimi bu gün dövlətlərarası münasibətlərimiz də möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin ölkəmizə rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir. 

Ölkəmizin başçısı iranlı həmkarının böyük heyətlə Azərbaycana gəlməsinə və önəmli sənədlərin imzalanmasına toxunaraq qeyd etdi ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Bu baxımdan məqsəd Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.

Prezident Pezeşkianın ölkəmizə səfəri çərçivəsində Bakıda keçirilən Azərbaycan-İran biznes forumu da əhəmiyyətli hadisə oldu.
Məsud Pezişkianın "İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər" fikri son dərəcə ciddi mesaj idi. Azərbaycanla İranın  önəmli beynəlxalq layihələrdə iştirak etdiyini diqqətə çatdıran dövlətimizin başçısı ölkələrimizin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə  sıx əməkdaşlıq etdiyini söylədi. Bundan başqa Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.

Deputat yekunda qeyd edib ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri Prezident İlham Əliyevin bəyan etdiyi kimi çox gözəl siyasi nəticələrlə yadda qaldı. Əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin iki dövlət və eyni zamanda bütövlükdə region ölkələri üçün faydalı olacağı  şübhə doğurmur.

Siyasət