Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku–2025” beynəlxalq reqatası başlayıb.
Dünən beynəlxalq reqata çərçivəsində Füzuli sakinləri üçün xüsusi aksiya keçirilib. Köndələnçay su anbarında peşəkar avarçəkənlərin nümunəvi çıxışları olub, uşaq və yeniyetmələr üçün viktorinalar təşkil edilib. Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana Füzuli sakinləri üçün təşkil edilmiş xüsusi tədbirdən sonra jurnalistlərə açıqlamasında Azərbaycan torpaqlarında olmasından məmnunluq hissi duyduğunu bildirib. O vurğulayıb ki, bu, onun Füzuliyə növbəti gəlişidir. Füzulini daha yaxından tanımaq istədiyini bildirən qurum rəsmisi, reqatada iştirakın onun üçün xüsusi önəm daşıdığını deyib: “Bu tədbirin avarçəkmə ilə məşğul olmaq istəyən Füzuli sakinləri üçün əhəmiyyətini yüksək qiymətləndirirəm. Ölkəniz 20-dən çox dövlətin idmançılarının iştirakı ilə nüfuzlu yarışa evsahibliyi edəcək. Azərbaycan bu turnirin təşkilindən sonra önəmli təcrübə qazanacaq. Ölkəniz gələcəkdə Avropa çempionatına da evsahibliyi etməyə qadirdir. Texniki heyətimiz də bu həftənin sonuna qədər Mingəçevirin idman obyektlərinə baxış keçirmək məqsədilə burada olacaq”.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanov ötən il Füzuli şəhərinin işğaldan azad olunması günü münasibətilə, oktyabrın 17-də Aşağı Köndələnçay su anbarında avarçəkmə üzrə “Mingəçevir Reqatası–2024”ün rəsmi açılış mərasimi təşkil olunduğunu xatırladıb: “Beynəlxalq reqata çərçivəsində yerli sakinlər üçün keçirilən xüsusi tədbir böyük maraq doğurdu. Tədbirdə əsas məqsəd Füzuli sakinləri üçün idman bayramı təşkil etməkdir. Füzuliyə köç edən sakinlərə peşəkar məşqçilərin nəzarəti altında həvəskar qayıqlarda avar çəkmək imkanı yaradıldı. Uşaqlar və yeniyetmələr maraqlı viktorinalarda iştirak etdilər. Qaliblər federasiya tərəfindən mükafatlandırıldı”.
Vüsal Qurbanov onu da əlavə edib ki, mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku–2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi, möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.
Qeyd edək ki, “Prezident Kuboku–2025” beynəlxalq reqatasının rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində keçiriləcək. Aprelin 30-da Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku–2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar olacaq. Reqata mayın 1–2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar. 20-dən artıq ölkədən 200-dən çox idmançının iştirak edəcəyi reqata mayın 2-də başa çatacaq.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.
L.QURBANOVA
XQ