Baş Prokurorluq Ermənistanın ekoloji cinayətlərini beynəlxalq müstəviyə çıxarır

post-img

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Araz çayı və onun sol qolu olan Oxçuçayın Ermənistan Respublikası ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair müxtəlif mənbələrdən daxil olmuş, o cümlədən yerli və xarici mediada dərc olunan məlumatlar üzrə araşdırma davam etdirilir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. 

Müəyyən edilib ki, Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kim­yəvi tərkibli istehsalat suları uzun müddətdir transsərhəd Oxçuçayı intensiv şəkildə çirk­ləndirir. Çirklənmə nəticəsində Oxçuçaya tər­kibində xrom, nikel, mis, molibden, sink, alü­minium, vanadium və digər ağır metallar olan zəhərli tullantılar axıdılır. Mövcud istehsalatda problemlərin həll olunmamasına baxmayaraq, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşası aparılır. Bu işdə, həmçinin aparıcı dünya dövlətlərindən olan xarici in­vestorlar beynəlxalq və öz ölkələrinin daxili qanunvericiliyinin tələblərinə zidd olaraq heç bir ətraf mühitin mühafizəsi normalarına riayət olunmasını təmin etmirlər. Dağ-mədən ob­yektlərinin fəaliyyət göstərməsi və yenilərinin tikilməsi minlərlə insanın həyat və sağlamlığı üçün təhlükə törədir.

Odur ki, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən BMT-nin Transsərhəd Su Məcraları və Beynəlxalq Göllərin müha­fizəsi və Espoo (Ətraf Mühitə təsirin ölçülmə­si) konvensiyalarının tələbləri rəhbər tutularaq obyektiv araşdırma aparılması, eləcə də qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə müvafiq xarici və beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin İqtisadi Komissiyasına, həmçinin Böyük Britaniyanın və Almaniyanın Ekologiya nazir­liklərinə müraciət edilib.

Müvafiq araşdırmalar zamanı dağ-mədən obyektlərinin işinin düzgün təşkil olunması, bu zaman ətraf mühitin mühafizəsi tələblərinə dönmədən riayət olunması şərt kimi göstə­rilərək müəssisələrin fəaliyyəti nəticəsində ətraf mühitə dəymiş ziyanın müəyyən edilmə­sində əməkdaşlıq təklif edilib.

Azərbaycan Respublikasının Baş Pro­kurorluğu tərəfindən bəyan edilir ki, yol ve­rilən qanun pozuntuları ilə bağlı bütün hallar obyektiv araşdırılmaqla milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlər görüləcək.

“Xalq qəzeti”

Siyasət