Dünən Hərbi Prokurorluqda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2023-cü ilin birinci yarımilində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, ötən dövrlərdə olduğu kimi 2023-cü ilin birinci yarısında da Hərbi Prokurorluq orqanlarının fəaliyyəti Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəlib.
Qeyd edilib ki, cinayətlərin ümumilikdə 99,1 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb. Hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 16,8 faiz, azalıb.
Kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin səmərəliliyinin daim artırılması tələb edilib.
Çıxış edənlər hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanları əməkdaşlarının dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi üçün peşəkarlıqla çalışacaqlarını, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını bildirib.
“Xalq qəzeti”

