Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə Agentliyi arasında 2023-cü il noyabrın 23-də Bakı şəhərində imzalanmış “2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində cari ilin 22 aprel tarixində virtual formatda “Korrupsiya cinayətlərinin əməliyyat-axtarış və istintaq təcrübəsi” mövzusunda seminar təşkil edilib.
Prokurorluqdan XQ-yə bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev, İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Vəliyev, Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı Pərviz Həsənli və Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Ruhlan Nəsirovdan ibarət heyət iştirak edib.
Tədbir zamanı Baş idarədə korrupsiya cinayətləri ilə mübarizə sahəsində yaradılan əməliyyat-istintaq qruplarının fəaliyyəti, o cümlədən cinayətkarların müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin təşkili və bu sahədə əldə edilmiş müsbət nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndələri çıxış edərək, ölkəmizin korrupsiya ilə mübarizə sahəsində formalaşmış müsbət təcrübəsindən danışaraq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinin analoqunun yaradıldığını qeyd ediblər.
Daha sonra əməkdaşlar mövzu ətrafında təqdimatlarla çıxış edərək, faydalı fikir mübadiləsi aparıblar.