Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu çərçivəsində Azərbaycan qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq QHT-lər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
AZƏRTAC xəbər verir ki, Forumun ikinci günü müxtəlif ölkələrdən gələn QHT nümayəndələri ilə əməkdaşlıq memorandumları imzalanıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Çin və Özbəkistan nümayəndəlikləri ilə əməkdaşlıq barədə razılıq əldə edib.
Bundan əlavə, Azərbaycanın müxtəlif QHT-ləri də beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq sənədləri imzalayıblar.
İmzalanan memorandumlar müxtəlif sahələrdə - insan hüquqları, sosial rifah, iqlim dəyişikliyi, əlilliyi olan şəxslərin hüquqları və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində birgə layihələrin reallaşdırılmasını nəzərdə tutur.
Bu əməkdaşlıqlar Forumun beynəlxalq və regional vətəndaş cəmiyyətləri arasında həmrəyliyin və təcrübə mübadiləsinin daha da gücləndirilməsinə verdiyi töhfənin nümunəsi kimi qiymətləndirilir.