Buxara şəhərində “Özbəkistan və Azərbaycan-iki qardaş xalq” mövzusunda beynəlxalq tədbir və “Özbəkistan–Azərbaycan əlaqələri arxiv foto sənədlərində” adlı kitab-albomun təqdimatı keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Özarxiv” agentliyinin və Azərbaycan Milli Arxiv İdarəsinin rəhbərləri, mərkəzin nümayəndəsi, elm xadimləri, ziyalı və tələbələr iştirak ediblər.
Əbu Əli ibni Sina adına Buxara Vilayət Kitabxanasında keçirilən tədbirdə əvvəlcə Özbəkistan və Azərbaycanın mədəniyyətini əks etdirən musiqi və rəqslər təqdim olunub.
Sonra tədbir iştirakçılarına “Özbəkistan və Azərbaycan - iki qardaş xalq” mövzusundakı arxiv sənədlərinin fotosərgisi təqdim edilib.
Fotosərgidə Özbəkistan Kino-Foto-Fono Sənədləri Milli Arxivi və Azərbaycan Milli Arxivi fondunda qorunan, 1930-2023-cü illəri əhatə edən dövrə dair iki dövlətin mədəni-humanitar münasibətlərinə aid 50-dən çox arxiv fotosənəd və onların elmi-məlumat xarakteristikaları nümayiş edilib. Sərgidə Özbəkistan nümayəndələrinin Azərbaycana və Azərbaycan nümayəndələrinin Özbəkistana səfərləri, iqtisadiyyat, elm, mədəniyyət sahələrində əməkdaşlıq, iki xalqın ədəbiyyat və incəsənət günlərini əks etdirən fotolar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Fotosərgidən sonra isə “Özbəkistan–Azərbaycan əlaqələri arxiv foto sənədlərində” kitab-albomunun təqdimatı keçirilib.
Tədbirdə “Özarxiv” agentliyinin direktoru Uluqbek Yusupov çıxış edərək iki ölkə arasındakı münasibətlərdən söz açıb.
Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, professor Əsgər Rəsulov Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixə malik olduğunu qeyd edib. Dövlətçilik tarixində, idarəetmədə arxiv materiallarının böyük önəmindən söz açan Əsgər Rəsulov iki ölkə arasında bütün sahələrdə olduğu kimi, arxiv sahəsində də sıx əməkdaşlığın olduğunu qeyd edərək hazırda təqdimatı keçirilən kitabın bu əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycanın Mədəniyyət Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə iki ölkə arasındakı əlaqələrindən söz açaraq müasir dövlətçilik tariximizdə bu əlaqələrin yüksək səviyyədə qurulmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunu vurğulayıb. Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistandakı fəaliyyətindən də söz açan K.Məmmədzadə, qardaş ölkədə Azərbaycan mədəniyyətinin təbliği sahəsində sözügedən mərkəzin çox sayda elmi, ədəbi-mədəni layihələr, tədbirlər keçirdiyini və bütün bunların da iki qardaş xalq arasında daha da sıx yaxınlaşmaya xidmət etdiyini vurğulayıb.
Özbəkistan Dövlət Tarix Muzeyi nəzdində elmi dərəcələrin verilməsi üzrə Elmi Şuranın üzvü, tarix üzrə fəlsəfə doktoru Robert Almeyev, Buxara Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həlim Turayev, Buxara Texnika Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Feruz Bafayev də çıxış edərək ölkələrimiz arasındakı ədəbi-mədəni, iqtisadi, strateji, siyasi əlaqələrdən söz açıblar.
Qeyd edək ki, təqdimatı keçirilən “Özbəkistan–Azərbaycan əlaqələri arxiv foto sənədlərində” kitab-albomuna Özbəkistan Kino-Foto-Fono Sənədləri Milli Arxivi və Azərbaycan Milli Arxivində qorunan, 1930–2023-cü illəri əhatə edən dövrdə iki dövlətin mədəni-humanitar əlaqələrinə dair 250-yə yaxın arxiv foto sənəd və onların elmi-məlumat xarakteristikaları daxil edilib.