Erməni separatizminin anti-Azərbaycan ritorikası Qərbin Cənubi Qafqaz maraqlarına qarşı
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 15-də Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında özünün vasitəçiliyi ilə Brüsseldə keçirilmiş görüşünün yekunlarına dair açıqlamasında Qarabağa humanitar yardımların daşınması üçün Ağdam yolundan istifadəni təqdir etməsi, Ermənistanın siyasi dairələrində nəinki böyük narazılıq yaradıb, hətta aşkar qıcıq doğurub.
Cənab Mişel belə fikir bildirərkən, əlbəttə, ilk növbədə insan amilinə söykənib. Yəni, Aİ üçün prinsipial məqam Qarabağda ermənilərin yaşam hüququnun təminatıdır. Qurum bunun kim tərəfindən gerçəkləşdirildiyinə elə də əhəmiyyət vermir. Ancaq, heç şübhəsiz, ərazi Azərbaycanındırsa, öz əhalisinin də qayğısına qalmalı olan tərəf odur. Doğrudur, Ş.Mişel bu fikri açıqdan-açığa bildirməsə də, mövzuya toxunması onun Qarabağın Azərbaycana sahibliyi ilə razılaşdığını göstərdi. Böyük ölçüdə razılaşan, Bakının haqlarını tanıyan isə kollektiv Qərbdir.
***
Məlum olduğu kimi, Brüssel görüşündən bir neçə gün keçməmiş, Qarabağdakı separatçılar bir qrup kütləni Ağdam-Əsgəran yoluna etiraz aksiyasına çıxartdılar. Aksiyaçılar açıq şəkildə bildirdilər ki, məqsədləri Azərbaycandan gələn humanitar yardımın qarşısını kəsməkdir. O da şübhə doğrumur ki, bu, bəyanat səsləndirib Azərbaycanla Ermənistan arasındakı normallaşmaya əks mövqe qoyan Rusiya tərəfindən idarə olunan “ssenari” idi. Hər halda “təşəbbüsün” Moskvanın bölgədəki adamı olan Ruben Vardanyanın başçılığı ilə gerçəkləşməsinə başqa ad tapmaq olmur. Biləvasitə bəyanata gəldikdə isə söhbət Rusiyanın Xarici İşlər Nazirliyinin iyulun 15-də yaydığı sənəddən gedir. Belə nəticəyə gəlmək mümkündür ki, Kreml Brüssel görüşünün, ümumən Qərb vasitəçiliyinin nəticələrini tanımamaqda israrlıdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı, bir növ, ehkamlaşdırmaqda da həmçinin.
***
Təbii ki, istər Rusiya XİN-in bəyanatı, istərsə də Ermənistan daxilində baş verən proseslər Qərbi də hərəkətə keçməyə vadar edir. Qərb görür ki, Moskva hər həchlə Cənubi Qafqaz bölgəsində normallaşmaya maneçilik törədir. İndiki halda məsələyə reaksiya verən isə vasitəçilik missiyasını üzərinə götürmüş Avropa İttifaqının özüdür. Bu baxımdan qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın fikirləri maraqlıdır.
Ş.Mişeldən fərqli olaraq, Klaar daha konkret mövqe orataya qoyub və bildirib ki, “Laçın bağlanıb, Ağdamdan istifadə etsinlər”. Yəni, təxminən belə: demirsiniz ki, Qarabağın erməni əhalisi humanitar böhran yaşayır, məhrumiyyət və iztirab içindədir, buna səbəb Laçın yolunun bağlanması və humanitar yüklərin daşınmasında problemlərin yaranmasıdır? Deyirsiniz, o zaman buyurun, yol var – Ağdam-Əsgəran yolu. Üstəlik, Qarabağ ermənilərinin düşdükləri pis durumdan çıxarılmasına yönələn niyyət də ortadadır. Söhbət ölkəmizin xoş niyyətindən, humanist mövqeyindən, ən əsası isə bölgə ermənilərinə vətəndaş kimi yanaşmasından gedir. Nəzərə alaq ki, bu yanaşma, eyni zamanda, dövlətin konstitusyon təminatları gerçəkləşdirmək funksiyasının icrasını rəhbər tutmaqdadır. Görünür, belə bir təminatın həyata keçməsini, yəni Azərbaycanın Qarabağa sahiblənməsini istəməyənlər var və onların hərəkətə keçdikləri aşkardır.
Əlbəttə, cənab Klaar fikirləri ilə əslində Azərbaycanın xoş niyyətinə köklənir. Axı, Ermənistan rəhbərliyi uzun müddətdir beynəlxalq ictimaiyyəti Bakının Qarabağda, guya etnik təmizləmə gerçəkləşdirmək istəməsi kimi avantürist fikirlə çaşdırmağa çalışır. İstər Mişelin, istərsə də Klaarın açıqlaması göstərir ki, belə bir niyyət yoxdur və olmayacağına da yüksək səviyyəli təminat var. Deməli, Qərb Azərbaycan Prezidentinin, ümumən ölkəmizin rəsmilərinin sözlərinə etimad edir. O da görünür ki, Qarabağa sahiblənməyimizi istəməyənlər bu etimada da qısqanc münasibət bəsləməkdədirlər.
***
Ancaq Mişelin və Klaarın açıqlamaları onu da göstərdi ki, Ermənistanın rəhbərliyi və siyasi dairələri Qarabağda separatizmə son qoymaq niyyətindən uzaqdır. Həm rəsmi İrəvan, həm də həmin siyasilər, eləcə də Qarabağdakı separatçı tör-töküntülər əməlləri ilə sübuta yetirirlər ki, məqsədləri qondarma rejimin mövcudluğunu qorumaqdır. Əlbəttə, ikincilər birincilərdən fərqli olaraq, daha aktivdirlər.
Ermənistan hakimiyyəti yaxşı anlayır ki, baş nazir Nikol Paşinyan iyulun 15-dəki Brüssel masasında Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini uduzub. Ona görə əvvəlki sarsaq ritorikanı qabartmır. Yalnız seyriçi kimi prosesləri müşahidə edir ki, gedişata əsasən hansısa, belə demək mümkünsə, tutacaq yer tapsın. Nəzərə alsaq ki, susmaq razılıq əlamətidir, o zaman Paşinyan iqtidarının ölkədəki ruspərətslərin, habelə revanşist kəsimin fəallaşmasına göz yumması diqqətdən yayınmır.
***
Həmin revanşistlərdən biri də Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Respublikaçılar Partiyasının sədr müavini, hazırda həbsdə olan Armen Aşotyandır. Əlbəttə, azadlıqdan məhrub edilmiş şəxsin özünün facebook profilində fikir paylaşmasının nə dərəcədə mümkünlüyü barədə söz açmayacağıq. Aşotyan bu işi kiməsə tapşıra bilər. Həmin fikrin mediada tirajlanmasında da qeyri-adi heç nə yoxdur. Çünki Ermənistanın media seqmenti Rusiyanın və ruspərəstlərin nəzarətindədir. Başlıca məqam isə vurğuladığımız kimi, susmağın razılıq əlaməti olmasıdır.
Bəli, Ermənistan hakimiyyəti Azərbaycanla normallaşma prosesinin hazırkı gündəmini təşkil edən humanitar yardım məsələlərinə münasibətdəki əks fikirləri müqavimətsiz qarşılayır. Görünür, bu cür fikirlərdə özünə təhlükə hiss etmir. Habelə, belələrinin etirazını dünyaya Qarabağın erməni ictimai rəyinin dirənişi fonunda göstərməyi planlaşdırır. Xankəndidəki aksiyaya oxşar şeylər də bundan xəbər verməkdədir. Paşinyan iqtidarı susur, ancaq İrəvandakı ruspərəst media “fəaliyyətdədir” və faktiki olaraq hakim çevrənin müəyyən mənada qapalı saxladığı barışmazlıq ritorikasına immunitet qazandırır.
Əlqərəz, Aşotyan cənab Klaarın “Laçın bağlanıb, Ağdamdan istifadə etsinlər” düşüncəsinə qarşı çıxarkən, uzaq tarixə baş vurur və bildirir ki, Aİ təmsilçisinin dediklərini Fransa inqilabı zamanı başı kəsilən Kraliça Maria Antuanettanın məşhur ifadəsi ilə müqayisə etmək olar – “Kasıbın çörəyi yoxdur, qoy tort yesin!”.
Sarkisyanın müavini çörək dedikdə dövlət quruluşu qismində təqdim etdiyi separatçılığı nəzərdə tutur. Tort isə hər halda Azərbaycanın Ağdam yolu ilə göndərmək istədiyi və qarşısı alınan humanitar yardımıdır. Belədə sual yaranır: kasıbın tortu yoxdursa, çörək nəyinə lazımdır? Quru-quru yemək üçün? Bəli, illərlə Aşotyanın da sıralarında təmsil olunduğu partiyanın lideri S.Sarkisyan nəinki Ermənistan əhalisini, eləcə də Qarabağ ermənilərini kasıb, ac-yalavac yaşamağa məhkum duruma salıb. Bu gün arsız-arsız həmin kasıblardan mübarizə tələb edir. Özü də bilə-bilə ki, mübarizə haqsızdır, tam şəkildə səmərəsizdir.
Hazırda Ermənistan cəmiyyətində haqqında söz açdığımız haqsız və səmərəsiz ritorikanı gücləndirmək yolu tutulmaqdadır. Bu məqsədlə ölkə hakimiyyətinin zaman-zaman Azərbaycana qarşı istifadə etdiyi “arqumentə” baş vurulur. Arqument isə budur ki, guya Azərbaycan iqtidarı anti-demokratikdir və belə bir hakimiyyət Qarabağ ermənilərinin normal yaşamını təmin edə bilməz. Bu fikri qabardanlar isə ölkədəki revanşist kəsimin təmsilçiləridir. Barəsində söz açdığımız Aşotyan da onların ən “irəli” gedənlərindən biridir. Baxın, Aşotyan Klaarı nəzərdə tutaraq sual verir ki, “görəsən, bir avropalı məmur, əgər belə imkanı olsaydı, Varşava gettosunun təqib etdiyi yəhudilərə, onları mühasirəyə alan nasistlərlə “inteqrasiyanı” təklif edərdimi?”
***
Göründüyü kimi, Qarabağda separatizmin davamı baxımından ölkəmiz barədə mənfi rəy yaradılması əsas götürülür. Əslində, durumun belə şəkil almasında elə həmin Klaar da günahkardır, onun dostları da. Onların, ümumən Qərbin zaman-zaman Azərbaycana qarşı həyata keçirdiyi ikili standartlar siyasəti və həmin siyasətdən irəli gələn yanlış və qərəzli yanaşma hazırda bumeranq effekti kimi Avropanın özünə qayıdır. Yəni, erməni separatizmi bəzi beynəlxalq dairələrin ölkəmizlə bağlı, obrazlı desək, səpdikləri qərəz toxumlarını cücərtməklə məşğuldur və aydın görünür ki, bu “məşğuliyyət” Avropanın Cənubi Qafqaz maraqları ilə ziddiyyət təşkil etməkdədir. Deməli, Qərb əvvəldən strateji düşünməli, praqmatik olmalı və indiki durumu görməli idi. Amma bacarmadı. Halbuki bunun üçün yalnız bir şey lazım idi - ədalətli olmaq.
Bəli, ədalətsizlik başqa bir ədalətsizliyi doğuran təbiətə malikdir. Baxın, Aşotyanla yanaşı, Qarabağdakı separatçı rejimdə saxta ombudsman vəzifəsini tutan Geqam Stepanyan da Klaarın bəyanatını tənqid edərkən, eyni “motivə” əsaslanmaqdadır. Stepanyan həm Azərbaycan hakimiyyətinin, guya qeyri-demokratik olduğunu qabardır, həm də ölkəmiz daxilində ermənilərə qarşı kəskin nifrətin olduğunu iddia edir.
Əlbəttə, demək olmaz ki, orta statistik azərbaycanlı ermənilərə xoş münasibət bəsləyir. Ortada 30 ilə qədər davam etmiş işğal dövrü, Xocalı dəhşəti var. Necə deyərlər, yaraların qaysaq bağlaması üçün zaman lazımdır. Eyni şeyi ermənilərlə də bağlı söyləmək mümkündür. Nəzərə alaq ki, 44 günlük müharibə nəinki Ermənistan dövlətini çökdürüb, ümumən dünya erməniliyini rüsvay duruma salıb...
***
Bəli, ümumən, saxta ombudsmanın dedikləri absurddur. Bu absurdu tapıb çıxarmaq üçün Stepanyanın gün ərzində hansı qidaları qəbul etdiyini müəyyənləşdirməyə ehtiyac var. Çünki o, fikirləri ilə sarsaqlığın dibinə enir və bildirir ki, Azərbaycanda bu günlərdə keçirilmiş sorğuda respondentlərə belə bir sual ünvanlanıb: 2025-ci ildə Rusiya sülhməramlıları Qarabağdan çıxdıqdan sonra erməni uşağı ilə görüşəndə nə edəcəksiniz? Sən demə, respondentlərin 17 faizi uşağı köləyə çevirib satacağını, 22 faizi isə onu balta ilə tikə-tikə doğrayıb itlərə yedizdirəcəyini bildiribmiş. Absurd olar, ta beləsi görünməyib...
Əslində, G.Stepanyanın haqqında söz açdığı sorğunun “nəticələrində” əksini tapanlar tipik erməni vəhşiliyinin, o cümlədən onların havadarlarının tarix boyu törətdikləri qeyri-insani hərəkətlərin ifadəsindən başqa bir şey deyil. Yaşadığım coğrafi məkanın tarixi belə vandallıq səhnələri ilə doludur. Yəni, saxta ombudsman öz düşüncəsinin “məhsulu” olan nacinsliyi azərbaycanlılar üzərinə kökləmək yolu tutur. O, açıqlamasının sonunda nəticəyə gəlir: “Ağdamdan Xankəndinə humanitar yardım? Toivo Klaar, sən dürüst deyilsən. Azərbaycan cəmiyyəti ermənilərə qarşı nifrətlə doludur”.
***
Göründüyü kimi, G.Stepanyan 2025-ci ildən, yəni Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin bitəcəyi tarixdən danışır. Məlumdur ki, Moskva Qərb tənzimləməsinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönələn məntiqini Qarabağdakı Rusiya sülhməramlılarının mövcudluğuna təhlükə kimi görür. Həqiqətən də Bakı ilə İrəvan anlaşırsa, bölgənin Azərbaycana məxsusluğu qəbul edilirsə, üstəlik ölkəmizin erməni əhali ilə bağlı təminatları məqbul sayılırsa, o zaman Rusiya sülhməramlılarına ehtiyac qalmır. Deməli, ehtiyacı “əsaslandırmaq” zərurəti meydana çıxır. Və deməli, Stepanyan üçün “sorğu” keçirənlərin kimin “tapşırığını” yerinə yetirdiyini də müəyyənləşdirmək çətinlik yaratmır. Ehtimal etmək mümkündür ki, 2025-ci ilədək Azərbaycanda belə saxta sorğular çox “keçiriləcək”. Axı “Şimal küləyi” əsməlidir. Əsməlidir ki, Stepanyanlar və digər separatçı yanların “geyindikləri” görünsün.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

