Gizli niyyətlər üzə çıxır: Kimin regionda marağı nədir?

post-img

Tarix çox suallara öz ölçüsü ilə cavab verir. Bu cavab bəzən ayla, günlə, saatla  deyil, hətta bir anla ölçülür. Diplomatiyada isə təsadüfə yer yoxdur. Rusiya XİN-in üçtərəfli bəyanatı və sülh prosesini şərh edən bəyanatı iyulun 15-də nahardan sonra yayıldı. Bu, o vədə idi ki, Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş başlamışdı. Bəyanatın verilmə vaxtı ilə yanaşı, onun məzmununun konkret olaraq kimə ünvanlandığı məsələsi də maraq doğurdu. 

Rusiya XİN-in bəyanatından: “2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə Ermənistan Qarabağı Azərbaycan ərazisinin tərkib hissəsi kimi tanıdı. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq...”.

Buradan belə bir nəticə hasil olur ki, göstərilən müddət ərzində aparılan sülh prosesində baş verən hər şeyə görə İrəvan məsuliyyət daşıyır. Əslində Moskva bununla demək istəyir ki, İrəvan bu etirafı ilə 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatda göstərilənlərə ciddi və köklü korrektələr edib. Bununla da İkinci Qarabağ müharibəsindən sonra Kremlin yaratdığı ilkin status-kvo dəyişilkliyə uğrayıb. Rusiyanın baş diplomatiya idarəsində bu faktı doğrudanmı təzəliklə kəşf etdilər?   

Yoxsa Kreml 2 il 8 ay əvvələ qayıtmaq istəyir?

Hər şeyi yenidən, yəni sıfırdan başlamalı! Görünür, başı Qərb cəbhəsində baş verənlərə bərk qarışan Kreml bölgədə itirdiklərinin fərqinə indi varmaqdadır. Rusiya XİN-in ortaya atdığı bu yeni siyasi tezislər nə İrəvan, nə də Bakı tərəfindən qəbul edilə bilər. Müharibədən sonrakı iki il səkkiz ay ərzində münaqişə tərəfləri sülhə doğru müəyyən məsafə qət ediblər. Moskva alternativ vasitəçilərin də qoşulduğu sülhənailma marafonunda gah tərəflərin yanında olub, gah da kənarda qalıb. Geriyə dönüşü olmayan bu situasiyanın yaranmasında Bakının və İrəvanın heç bir günahı olmayıb. Yeganə təqsırkar elə Rusiyanın özüdür. Çünki Moskva lap əvvəldən müəyyənləşdirmişdi ki, Cənubi Qafqazda onun iradəsindən kənarda, vasitəçinin kimliyindən asılı olmayaraq  əldə edilə biləcək istənilən razılaşma (sülh sazişi, çərçivə sənədi, kommunikasiyaların açılmasına dair razılaşma) onun mənafeyinə, imicinə, reputasiyasına zərbə sayılacaq. İndi yaranmış reallığa görə, kimisə ittiham etmək, yaxud keçənləri müzakirə etmək çox gecdir. Kreml sadəcə əlindən çıxmaqda olan şansını geri almaq üçün sanki iki il səkkiz ay əvvələ qayıtmağa cəhdlər göstərir. Amma bu zaman o, geriyə – 2020-ci ilin 10 noyabrına qayıtmağın mümkünsüzlüyünü də qəbul etməlidir. Bu məqam RF XİN-in bəyanatına Azərbaycan XİN-in verdiyi şərhində xüsusi olaraq önə çəkilir: “Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir. Xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Hazırda Azərbaycan tərəfi sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır”. 

Yəni, əgər Ermənistan rəhbərliyi ölkəmizin ərazi bütövlüyünü tanıyırsa, onda təbii olaraq, öz tərəfindən Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyası üçün zəruri addımları atmalıdır. Hər şey gün kimi aydındır. Bəs Moskva özü üçün qaranlıq qalan məqamların mənbəyini niyə səhv ünvanda axtarır?           

Unudulmuş “himayədarlıq” missiyası

“Bu gün Dağlıq Qarabağ (?) ətrafında vəziyyətin neqativ ssenaridə inkişaf etməsi narahatlıq doğurur. Ərazidə humanitar böhran (?) getdikcə dərinləşir. Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur (?). Bunun ən dramatik nəticələri Qarabağ erməniləri, bölgə sakinləri üçün ola bilər. Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin blokunun dərhal açılması, bununla da hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin, eləcə də rayonun enerji təchizatının bərpası üçün təcili tədbirlər görməyə çağırırıq”. 

Kreml nədən qəfildən “Dağlıq Qarabağda humanitar böhrana”, erməni əhalinin “üzləşdiyi məhrumiyyətlərə”, Laçın yolunun “bloklanmasına” görə belə əndişələnməyə başlayıb? Axı ötən müddətdə rus sülhməramlıları onlara aşkar və gizlin “hər cür dəstəyi” göstəriblər, əsl “himayədarlıq missiyasını” yüksək səviyyədə yerinə yetiriblər. İndi bunları sadalamaqla Moskva Bakının nəzərinə nəyi çatdırmaq istəyir? 

Alt niyyəti bəlli olan bəyanata Azərbaycan XİN-in şərh-cavabı da yetərincə kəskin və arqumentli oldu: “Üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib. Uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib”.

Bəli, bugünədək yerli mediada səslənən, bəlkə də pərdə arxasında deyilən iradlar indi tam haqlı olaraq Kremlin üzünə çırpıldı. Öz problemini başqalarına problem yaratmaqla həll etməyin yanlış və zərərli üsul olduğunu tarix dəfələrlə sübut edib. Bunu yəqin Moskvanın başağrısına çevriləcəyi şübhə doğurmayan bəyanatın müəllifləri də dərk etməmiş deyillər.        

Moskvadan növbəti ­sammitə çağırış 

Azərbaycanın kəskin cavabına səbəb olan Ruaiya XİN-in bəyanatında sülh müqaviləsini razılaşdırmaq üçün Bakı və İrəvan Moskvaya üçtərəfli görüşə dəvət edilir.  “Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə İrəvan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır.  Rusiya tərəfi beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın normal həyatının bərpasına yönəlmiş səylərinə fəal töhfə verməyə hazır olduğunu bir daha təsdiq edir. Biz yaxın vaxtlarda Moskvada yüksək səviyyəli razılaşmaların həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək, ardınca sənədin imzalanması üçün Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammiti keçirmək üçün xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq”. 

Bakı sülhə aparan görüşlərdən, müzakirələrdən heç vaxt boyun qaçırmayıb. Onun mövqeyi hamıya aydın, şərtləri də bəllidir. Düşmənçiliyə son qoyacaq, bölgəyə sülhü və əmin-amanlığı gətirəcək sülh sazişinin harada imzalanacağının da fərqi yoxdur. Amma yuxarıda qeyd etdiyimiz kimi, Rusiya XİN-in bəyanatının mətni həm Bakı, həm də İrəvan üçün qəbuledilməzdir. 

Göründüyü kimi, bu bəyanatı verməkdə Moskvanın niyyəti qaçırdığı məqamı geri qaytarmaq, düşdüyü geosiyasi vəziyyətdən təcili çıxış yolu tapmaqdır. Bunun üçün onun daşıdığı məsiliyyətin dərəcəsi kimi şansının da nə qədər olduğunu yaxın aylarda biləcəyik. Necə ki bizə kimin dost, kiminsə düşmən olduğu tam çılpaqlığı ilə üzə çıxır. 

İndi qətiyyətlə söyləyə biləcyimiz həqiqət budur ki, Prezident İlham Əliyev Brüssel görüşündə Kremlin (dolayısı ilə həm də İrəvanın) qurduğu planı darmadağın etdi. Azərbaycan Belçikanın paytaxtında özünün növbəti diplomatik qələbəsini möhürlədi. Davamı mütləq olacaq. 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Azərbaycan XİN-in bəyanatında hər şey dəqiq göstərilib. Sadəcə olaraq Rusiya Xarici İşlər Nazirliyinin yadına salmaq lazımdır ki, Kreml hər zaman Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırdı. Bəs indi nə oldu ki birdən-birə Ermənistanın Qarabağı tanıyıb-tanımaması məsələsi ortaya atılır? Əslində, bu, yanlış bir yanaşma və riyakarlığın nümayişidir. Digər tərəfdən isə konkret Rusiyada da danışıqlar prosesi gedirdi, amma onlar heç bir nəticə vermirdi. Yəni, Qarabağdan Ermənistan ordusunun qalıqlarının çıxarılmasını məhz rus sülhməramlı kontingenti təmin etməli idi. Bunu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtləri tələb edirdi. Amma onlar bu vaxta qədər bunu etməyiblər.

Bəli, sərhədlərin delimitasiyası ilə bağlı da təşəbbüslər olub. Bunun üşün xəritə məsələsində Rusiya öz xidmətlərini təklif etmişdi. Təəssüf ki, bu istiqamətdə də heç bir irəliləyiş yoxdur. Eləcə də Zəngəzur dəhlizində dəmir yolu xəttinin bərpası ilə bağlı nə qədər boş-boş danışmaq olar? Məsələ süni şəkildə uzadılır və heç bir irəliləyiş əldə edilməyib. Rusiya bütün bu suallara cavab vermək əvəzinə Avropadan, Vaşinqtondan edilən sülh təşəbbüslərinə qısqanc yanaşmalar ortaya qoyur. Əgər iş görmək istəyirlərsə, buyursunlar konkret təkliflərini versinlər və onların gerçəkləşdirilməsi yönündə fəaliyyət göstərsinlər. Çağırışlarla daha heç kəsi aldatmaq mümkün deyil. Azərbaycan XİN-in bəyanatında bu mövqe öz əksini tapıb.   

 

Fərid ŞƏFİYEV, 
beynəlxalq münasibətlər üzrə ekspert

– Rusiya XİN-in bəyanatında Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına qısqanclıq ifadə olunur, proses şübhə altına alınır. Qeyd etmək lazımdır ki, Moskvanın keçən il irəli sürdüyü təkliflər bizi qane etmədiyinə görə təxirə salındı. İndi Rusiya XİN bəyanatda qeyd edir ki, Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması yeni bir dönüş yaradıb. Halbuki, Prezident Vladimir Putin həm müharibənin gedişində, həm də ondan sonra dəfələrlə demişdi ki, Dağlıq Qarabağ (o vaxt belə ifadə olunurdu – red.) Azərbaycanın ərazisidir. Yəni, bu məsələdə heç bir dönüş yoxdur. Bəli, Rusiya özü bu faktı qəbul edirdi, indi İrəvan tərəfindən də etiraf olunur. Əslində, bizim üçün sülh prosesinin əsas qayəsi ölkəmizin ərazi bütövlüyünün tanınmasıdır. Belə məlum olur ki, Rusiya buna qarşı çıxırdı, yaxud da bunu istəmirdi. Kreml, dolayısı ilə olsa da, buna narazılığını bildirir. 

2022-ci ildə Rusiya ilə Azərbaycanın münasibətləri ikitərəfli müttəfiqlik müqaviləsi imzalanmaqla yeni mərhələyə qədəm qoyub. Ona görə də indi Moskvanın bəyanatında yer alan ifadələr Bakı üçün aydın deyil. Eyni zamanda, Laçın yolu barədə Moskva ilə dəfələrlə danışıqlar aparmışıq. Azərbaycan şərti sərhəddə öz postunu qurmaq istəyəndə Rusiya qapalı danışıqlarda qeyd edirdi ki, bəli, bu, sizin suveren hüququnuzdur, amma öz mandatı ilə bağlı ikitərəfli sənəddə bunun ifadəsini tapmasını istəmirdi. Hadisələr onu göstərdi ki, Beynəlxalq Ədalət Məhkəməsi də Azərbaycanın haqlı mövqeyini dəstəklədi.       

 

İmran BƏDİRXANLI, 
“Xalq qəzeti”

 







Siyasət