Disbalansdan stresə doğru

post-img

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşə haylar özlərinə məxsus şəkildə reaksiya veriblər. 

Az qala bütün dünyanı özlərinə borclu bilən, hamını haqsız çıxaran, minnət qoyan, eyni zamanda, sanki ağır durumda imişlər kimi kömək, imdad diləyən “qədim və sivil” xalqın nümayəndələrinin yanaşması qeyri-adekvat olmaqla yanaşı, onların gerçək xislətini bir daha aşkara çıxarmaq baxımından mühüm əhəmiyyət daşıyır. Zənnimizcə, bu yanaşmanı isterika adlandırsaq, heç də mübaliğəyə yol vermiş olmarıq. Əslində, bu da gözlənilən idi. Çünki biz onları yaxşı tanıyırıq. Necə deyərlər, hayların dabbaqda gönlərinə bələdik.

Ermənilərin budəfəki yanaşmasında təkcə bir fərq özünü göstərir. Bu da 15 iyul görüşü ilə bağlı bir-birini də ittiham etmələridir. Məsələn, Qarabağdakı etnik separatizm ocağını sönməyə qoymayan əsas şəxslərdən olan Moskvanın emissarı Ruben Vardanyan bildirib ki, yaranmış vəziyyətdə ən böyük təqsirkar Ermənistan hakimiyyəti, xüsusən onun “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyan və bu vəziyyəti yaradan baş naziridir: “Biz Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və müxtəlif beynəlxalq təşkilatlar qarşısında düzgün tələblər qoyduq, lakin bu vəziyyətin yaranmasında ən çox təqsirkar olan tərəf – Ermənistan hakimiyyəti və onun “Artsax”ı Azərbaycanın tərkib hissəsi kimi tanıyan baş naziri haqqında heç nə demədik. Bütün çətinlikləri və ciddi problemləri Ermənistan baş nazirinin məlum bəyanatı yaratdı. “Artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınması təkcə siyasi bəyanat deyil. Bu, bir çox çətinliklərə səbəb olacaq”.

O, daha sonra Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyanı ittiham edib. “Facebook”da canlı yayım açan Vardanyan iyulun 14-də Xankəndinin mərkəzi meydanında baş tutan “mitinq”ə toxunaraq deyib: “Düşdüyümüz bu vəziyyətdə “ümumxalq hərəkatı”nın lideri Arayik Arutyunyan olmalıdır. O, həmin gün meydanda olsa da, birinci şəxs kimi “xalqla” birbaşa danışmadı. Siz “xalqla” yenidən əlaqə saxlamalısınız. Bilirəm, çətindir, amma çox vacibdir, çünki bu mitinqi “dövlət” təşkil edib. Bilirəm ki, siz bu müharibədən sonra meydandan danışmaq istəmirsiniz, amma biz artıq elə bir vəziyyətdəyik ki, sizin “xalqla” birbaşa əlaqəniz çox vacibdir.

***

1992-95-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, 1994-95-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş David Şahnazaryan isə yaranmış vəziyyətə görə, Rusiyanı suçlayıb. O qeyd edib ki, Qarabağdakı hazırkı “humanitar fəlakətə və Azərbaycanın Qarabağa qarşı mümkün hərbi əməliyyatlarının nəticələrinə” görə, Rusiya da tam məsuliyyət daşıyır və daşıyacaq: “Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin 2023-cü ilin 15 iyul tarixli bəyanatı ilə Moskva təkcə “Qarabağ xalqı”nın təhlükəsizliyinə təminat verməkdən rəsmən imtina etmir, həm də Azərbaycanı Qarabağa və onun “xalqına” qarşı “etnik təmizləmə” aparmağa açıq şəkildə təşviq edir, ona “yaşıl işıq” yandırır. Bəyanat Rusiya Federasiyasının əsas məqsədini, yəni Türkiyə qarşısında öhdəliklərini, Ermənistan Respublikasının suveren ərazilərində eksterritorial qaydada Turan dəhlizinin açılmasını təsbit edir. Əslində, Rusiya Federasiyası Türkiyə ilə əməkdaşlıq xətrinə Azərbaycanın “etnik təmizləmə siyasətini” dəstəkləməsinə açıq şəkildə bəraət qazandırır”.

Sabiq səfir daha sonra deyib: “Artsax rəhbərliyi və ictimaiyyəti elementar bir şeyi başa düşməlidir ki, bu, Azərbaycanın blokadası deyil. Bu, Rusiya-Azərbaycan blokadasıdır, birgə əməliyyatdır. Ümumiyyətlə, son illər orada baş verənlərin hamısı Moskvanın, Bakının və təbii ki, Ankaranın birgə fəaliyyətidir. Bunu başa düşmək lazımdır. Bunu təkcə “Artsax”da başa düşmək lazım deyil. Ermənistan siyasətçiləri də anlamalıdırlar ki, Rusiya həm Ermənistan Respublikası, həm də “Artsax” üçün müttəfiqdən təhlükəyə çevrilib. Tələb bir olmalıdır: Moskvaya – prezidentinizin imzasına hörmət edin. Mən, ilk növbədə, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatı nəzərdə tuturam. Rusiya bu sənədin bir bəndini də yerinə yetirməyib. Mən artıq Azərbaycandan danışmıram. Bu, aydın başa düşülməlidir”.

David Şahnazaryanın bu açıqlaması taleyin ruslara ironiyası kimi də qiymətləndirilə bilər. Məsələ ondadır ki, əsrlərdir ermənilərə himayəçilik edən, onları İrandan, Yaxın Şərqin digər yerlərindən Cənubi Qafqaza köçürən, burada Ermənistan adlı dövlət quran ruslar olub. Elə 1988-ci ildə Qarabağda “miatsum” hərəkatının başlanmasında da Moskvanın rolu az olmayıb. Rusiyanın 366-cı alayının Xocalı soyqırımında iştirakı sübuta yetirilmiş faktdır. İndi isə başı Ukrayna ilə müharibəyə qarışan Rusiyanın haylara əvvəlki kimi dəstək verməməsi Şahnazaryan kimilərinin meydana çıxaraq Moskvaya kəskin ittihamlar səsləndirməsinə rəvac verib. Zənnimizcə, bu cür çıxışlar Moskvada diqqətlə öyrənilməli və nəticə çıxarılmalıdır.

***

Qeyd edək ki, Brüsseldəki üçtərəfli görüş zamanı Azərbaycan tərəfinin erməni sakinlərin tədarük ehtiyaclarını Ağdam-Xankəndi yolundan istifadə etməklə qarşılamaq imkanının mövcud olduğu bildirilib. Görüşün yekunlarına dair mətbuata açıqlama verən Aİ Şurasının prezidenti Şarl Mişel Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini qeyd edib: “Mən hər iki variantı (həm Laçın yolu, həm də Ağdam-Xankəndi yolu nəzərdə tutulur-S.H.) vacib hesab edirəm və əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını dəstəkləyirəm”. Bu məqam, yəni humanitar yüklərin daşınması marşrutunun dəyişdirilməsi də erməni diasporunun nümayəndələri və qondarma politoloqlar arasında isterikaya səbəb olub.

Amerika Erməni Milli Komitəsinin əməkdaşı Qev İskajyan bununla əlaqədar olaraq deyib: “Qarabağ Azərbaycanın “humanitar” yardımından imtina edəcək. Bu “humanitar böhranı” məhz qarabağlıları asılı vəziyyətə salmaq üçün onlar özləri yaradıblar. Siz bizim yolumuzu açın, biz özümüz baxarıq”.

Amerika Erməni Milli Komitəsinin digər üzvü Aleks Qaliçki mövqeyini bu cür açıqlayıb: “Qarabağa Ağdam vasitəsilə yardım tədarük edilməsinə dair razılaşma Azərbaycanın Laçın dəhlizinin blokadasını gücləndirəcək və 120 min ermənini azərbaycanlılardan asılı vəziyyətə salacaq”.

“Bu gün Brüsseldə keçirilən görüşün əsas nəticəsi Qarabağa Ağdam vasitəsilə humanitar yardımın çatdırılmasının mümkünlüyüdür. Bu, Azərbaycanın ərazi bütövlüyünün növbəti təsdiqindən xəbər verir. Həmçinin, digərlərinin də qeyd etdiyi kimi, “Laçın dəhlizi” deyil, “Laçın yolu” ifadəsi işlədilib”, – bunu isə jurnalist Onnik Kirakosyan bildirib.

Siyasi şərhçi Tiqran Qriqoryan isə sosial şəbəkə hesabında yazıb: “Beləliklə, onlar Ağdamdan Qarabağa humanitar yardımın tədarükünün məqsədəuyğun variant olduğuna razılaşaraq, Azərbaycanın tələbini qanuniləşdirdilər. Mişelə və Paşinyana rəsmi Bakıya “dəhliz”i açmamaq üçün daha bir səbəb göstərdiklərinə görə alqışlar! Yeri gəlmişkən, Şarl Mişelin növbəti dəfə “Dağlıq Qarabağ” ifadəsini işlətməkdən yayınması çox gülməlidir”.

Erməni siyasi ekspertlərinin və diaspor nümayəndələrinin Qarabağ haylarının ehtiyaclarının Ağdam-Xankəndi yolu ilə təmin edilməsinin mümkünlüyünə isterik yanaşması dünya ermənilərinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında humanitar vəziyyətə biganə qalmasından xəbər verir. Görünür ki, millətçilik adı altında şəxsi maraqlarının təmin olunması onlar üçün Azərbaycan ərazisində yaşayan ermənilərin taleyindən qat-qat önəmlidir. Bu da hayların gerçək xislətini bir daha ortaya qoyur.

Yeganə HACIYEVA, 
politoloq

– Ermənistan 44 günlük Vətən müharibəsindəki sarsıdıcı məğlubiyyətə uğrayıb. İndi aparılan danışıqlar da bu uğursuzluq məntiqi üzərində inkişaf edir. Yəni, qalib tərəf kimdirsə, şərtləri diktə edən tərəf də odur. Erməni ekspertləri və xaricdəki diaspor təşkilatları müharibədə olduğu kimi, danışıqlar prosesindəki uğursuzluqları da Nikol Paşinyanın üzərinə yıxmaqla özlərini təmizə çıxarmaq istəyirlər.

Ermənistan cəmiyyəti praqmatik cəmiyyət deyil. Həmçinin, haylarda məntiqi düşüncə çatışmır. Olmayan şeyləri uydurmaqla özlərini bəzi miflərə inandırıblar. Onların təsəvvüründəki reallıq mövcud reallıqlara uyğun gəlmir. Buna görə də onlar həyatın gerçək üzü ilə baş-başa qalanda uydurduqları və mövcud reallıqlar arasındakı disbalansdan stresə düşürlər. Onların xalq olaraq, bugünkü aqressiyasının səbəbində də stress dayanır. Stresi də, qeyd etdiyim kimi, özlərini, həmçinin onları prosesə cəlb edən tərəflərin aldatması yaradır.

Hazırkı mərhələdə proseslər Azərbaycan tərəfinin istədiyi kimi gedir. Vardanyan, Arutyunyan kimilər isə siyasi dividend qazanmağa çalışırlar. Onu da qeyd etmək lazımdır ki, Qarabağda Azərbaycana reinteqrasiyanın tərəfdarı olan şəxlər var. Onlara qarşı da “xaç yürüşü” başladılıb. Onları həbs edir, linç kampaniyaları aparılır və sair. Beynəlxalq təşkilatlar isə onların hazırkı dövrdə etirazlarını dəstəkləyirlər. Onu da qeyd etmək lazımdır ki, hazırda Cənubi Qafqaza beynəlxalq donorlardan gələn vəsaitlərin əksəriyyəti müxtəlif adlarla Qarabağa yönəlir.

Ermənistan üçün əsas itki Qarabağı ərazi olaraq itirməsi deyil. Çünki danışıqlarda Qarabağa ermənilərin qayıtması ilə yanaşı, Ermənistana azərbaycanlı qaçqınların qayıtması da müzakirə olunur. Bu mövzu onlar üçün dəhşətlidir. Onlarda “Ermənistanı azərbaycanlılardan təmizləmişik” kimi bir təəssürat var idi. Ötən əsrdə azərbaycanlılar Qərbi Azərbaycandan bir neçə dəfə deportasiya edilsələr də, sonradan ora qayıtmışdılar. Azərbaycanlılar bu dəfə də öz tarixi torpaqlarına qayıdacaqlar.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

 





Siyasət