Heydər ƏLİYEV: Gürcüstan azərbaycanlıları diaspor deyil

post-img

1996-cı ildə ulu öndər Heydər Əliyevin Tbilisi Opera və Balet Teatrında Gürcüstan azərbaycanlıları ilə görüşündə Prezident Şevardnadze yerli azərbaycanlılara “diaspor” deyə müraciət edən zaman Heydər Əliyev dərhal onun sözünü kəsərək demişdi: “Gürcüstan azərbaycanlıları diaspor deyil, öz doğma torpaqlarında, doğma vətənlərində yaşayırlar”. Bu, milli-tarixi məsələlərdə Heydər Əliyevin nə qədər dərin zəkalı tarixçi, uzaqgörən həssas siyasətçi, milli təəssübkeş olduğunu bir daha göstərmiş və Gürcüstan azərbaycanlılarının taleyində müstəsna rol oynamışdı...

1988-ci ildən sonra imperiya sütun­larının laxlaması milli azadlıq müba­rizəsini oyatmaqla bərabər, etnik burul­ğanların da qabarmasına səbəb oldu.

Belə qabarmalardan biri də 1988-ci ildən bəri Gürcüstandakı soydaşları­mızla bağlıdır. Əslində, onların mənəvi və fiziki diskriminasiyasının tarixi kökü daha uzaqlara gedir, daha doğrusu, Gürcüstanın Rusiya ilə birləşdirilməsi dövründən başlanır. Ötən əsrin orta­larında Ahıska və Adıgün türklərinin sıxışdırılması və onların dədə-baba yurdlarına ermənilərin yerləşdirilmə­si ilə başlanan bu siyasət Borçalının Türkiyə ilə olan bütün əlaqələrinin kə­silməsi demək idi. Daha sonralar, yəni Rusiyada Oktyabr inqilabı baş verən­dən sonra isə Borçalının parçalanması prosesi başlandı. 

1918-ci ildə Borçalı uğrunda Ermə­nistan– Gürcüstan müharibəsi Borça­lının tamamilə parçalanması və onun böyük bir hissəsinin – Gümrü, Cəlaloğ­lu, Pəmbək, Loru hissəsinin itirilməsi demək idi. Rusların və fransızların er­mənilərə himayəsi nəticəsində Azər­baycan üçün bu strateji əhəmiyyətli ərazinin itirilməsi (Azərbaycanın Tür­kiyədən bir qədər də uzaqlaşdırılma­sı) nəinki o yerlərdə yaşayan minlərlə soydaşımızın repressiyasının başlan­ğıcı, eləcə də Azərbaycanın qıraq-bu­cağının qayçılanmasının ilk biçimləri oldu. Və sonrakı hadisələr göstərdi ki, rus-türk çəkişmələrində qabaqdan qalan artıq sür-sümüyü gəmirmək də ermənilərə sərfəlidir və ola bilsin ki, haçansa onların da payına bu siyasət süfrəsindən bir yağlı tikə düşsün.

***

Başqa millətlərdən fərqli olaraq, ta­rixən azərbaycanlılar və gürcülər ara­sında ciddi ədavətə səbəb ola biləcək müharibə və münaqişələr olmayıb. Əksinə, 1918-ci ildə ermənilər tərəfdən Azərbaycan və Ermənistan torpaqları­nın ilhaq edilməsi çağlarında, 1919-cu il iyunun 16-da Tiflisdə Gürcüstan və Azərbaycan hökumətləri arasında hər­bi iffifaq barədə saziş imzalanmışdı. Tam müdafiə xarakteri daşıyan həmin saziş 3 il müddətinə bağlanmışdı. Qar­şılıqlı razılığa əsasən, Tiflisdən Bakıya 12 kiçikçaplı top, 12 dağ topu, onlara lazım olan qədər mərmi, 3000 beşatı­lan tüfəng, 211 topçu və süvari qılın­cı, 795 nizə, 24 “maksim” pulemyotu, səfər mətbəxi və başqa hərbi ləvazi­matlar yola salındı.

Maraqlıdır ki, həmin sazişin 10-cu bəndində iki həftə müddətində Ermə­nistanın sazişə qoşulması hüququ saxlanırdı. Lakin o nəinki bu sazişə qoşulmadı, əksinə, Denikinlə gizlincə əlaqəyə girib, Qarabağ və Dilcan səmt­lərinə qoşun yeritdi. 

Ümumiyyətlə, Azərbaycanla Gür­cüstan arasında münasibətlər həmişə əməli səciyyə daşıyıb. 1920-ci il iyunun 12-də Ağstafada Azərbaycan Sosialist Şura Cümhuriyyəti ilə Gürcüstan Xalq Cümhuriyyəti arasında bağlanan sülh müqaviləsi bu münasibətlərin daha da möhkəmlənməsi üçün özül rolunu oy­nadı. Ermənilər daim bu iki dövlət və xalq arasında nifaq salmağa çalışmış və bundan faydalanmaq istəyində ol­muşlar. 

Azərbaycanla Gürcüstan arasında uzun illər boyu yaranmış münasibətlər sistemini şərti olaraq üç mərhələyə böl­mək olar.

Birinci mərhələ 1990-cı ilə qədər olan münasibətlər dövrüdür. Təbii ki, bu mərhələdə formalaşan münasibət­lərdə keçmiş Sovetlər İttifaqının xalq­lar arasında dostluq siyasətinin strateji xətti bütün sahələrdə öz əksini tapırdı. Həmin dövrün siyasi durumundan Gür­cüstan hökuməti məharətlə istifadə edərək, uzaqgörənliklə soydaşlarımı­zın yaşadığı bütün rayonlarda gürcülə­rin sayını müxtəlif motivlərlə süni surət­də artırmışdır. 

Rus imperiyasının antitürk "sol­dat siyasəti"nin Azərbaycan üzərində əks-səda verən ritmlərinə uyğun qol qaldıran erməni, gürcü şovinstlərinin 1930-40-cı və 1948-52-ci illərdəki re­veransları nəticəsində Borçalı türk­lərinin tam deportasiyası həyata ke­çirilməyə başlandı. Nəticədə Borçalı əhalisinin minillər boyu nəsildən-nəsilə ötürülən milli, mənəvi dəyərlərinə, zən­gin intellektual potensialına böyük zər­bələr dəydi.

Türkiyə isə rus-erməni iştahasın­dan qurtarmaq üçün özünü NATO-nun "ağuşuna atdı". 50-80-ci illər Gürcüs­tanda gürcü millətinin sayını artırmaq naminə ağına-bozuna baxmadan gür­cüləşdirmə siyasəti ilə müşahidə olu­nurdu. Bu siyasət hamıdan çox gür­cülərin özlərinə ziyan gətirdi. Burada udan isə yenə də ermənilər oldu.

Təxminən 1990-cı ildə Gürcüstanda vaxtilə soyadını dəyişmiş ermənilərin siyahısını çıxarmağa başladılar. Ancaq bir müddətdən sonra çox müəmmalı şəkildə bu kampaniya dayandırıldı. İndi məlum olduğuna görə bu sirrin açılma­sı heç kimə – nə erməniyə, nə gürcüyə sərf eləyirdi. Bu siyahı çox uzun alınır­dı və buraya Gürcüstanın elə "hörmətli adamları"nın adları düşürdü ki... Onla­rın əksəriyyəti Gürcüstanın türklər ya­şayan bölgələrində rəhbər vəzifələrdə idilər!.. Və belə kadrların “itirilməsinə” bir ovuc gürcü şovinisti də heç vaxt yol verməzdi!

Nəhayət, Gürcüstanın Borçalı zo­nasında "milliləşdirmə" siyasətinin daha dərinlərə getməsi millətçi ideo­loqları rahatsız etməyə başladı. Belə ki, gürcülər və hətta svanlar özləri də dərk etməyə başladılar ki, pasportunda uzun illərdən bəri milliyyətini "gürcü" yazdıran svan gürcü deyilmiş...

Beləliklə, "əsl gürcü"lərlə paspor­tunda adını, soyadını, milliyyətini də­yişmiş "qondarma gürcü"lər, o cümlə­dən ermənilər, arasında ayrı-seçkilik başlayıb. İndi kim kimdir? –sualının ca­vabını tapmaq üçün heç Şerlok Holms da baş çıxara bilməz... 

Gürcüstan–Ermənistan sərhədi bo­yunca əsasən türklər yerləşir və onlar Azərbaycanla Türkiyə arasında (Sınıq körpü – Başkeçid–Ərzurum) haçansa bir dəhliz rolunu oynaya bilər (oynamış­dı da). Digər tərəfdən, Borçalı, Ahıska (Mesxeti), Axırkələk (Axalkalaki), Boq­danovka və Adıgündə türklərin 1937-ci il repressiyasından sonra məskunla­şan ermənilərlə Ermənistan arasında bir divardır. Və bu divarın uçurulması "Böyük Ermənistan" cəfəngiyyatının tərkib hissələrindəndir. 

Tarix göstərir ki, gürcülər han­sı ərazidən türkləri çıxarıblarsa, ora dərhal ermənilər yiyələniblər. Lakin 80-ci illərdə, konkret olaraq, 1988-ci ildə Svanetiya dağlılarının (svanların) türklər yaşayan bölgələrə köçürülməsi isə nəinki, bu problemin həllinə kömək edib, əksinə, yeni-yeni etnik konflikt­lərə səbəb olub. 

1980-ci ildə Gürcüstanda milli-de­mokratik hərəkat geniş vüsət alan­dan sonra millətçi dairələrin fəallığı ilə Marneuli, Bolnisi, Dmanisi, Saqareco, Qardabani və digər rayonlarda yaşa­yan soydaşlarımızın azadlıqları məh­dudlaşdırılır, hüquqları pozulur, onlar müxtəlif zorakı üsullarla öz tarixi tor­paqlarından qovulurdular. Borçalıda demoqrafik balansın məqsədli şəkildə dəyişdirilməsi soydaşlarımıza qarşı et­nik-psixoloji, maddi-mənəvi təzyiq for­masına çevrilirdi. 

Qafqaz regionu unikal təbii resurs­lara və əzəmətli insan potensialına malikdir. Cənubi Qafqaz strateji plan­da Rusiya, Türkiyə və İran arasında əlaqələndirici bənddir. Burada bir çox ölkələrin maraqları toqquşur. Bir ucu Türkiyəyə, bir ucu Azərbaycana bağla­nan, bir tərəfdən gürcülər, digər tərəf­dən ermənilərlə dövrələnən və Böyük İpək Yolunun üzərində dayanan Bor­çalı türkləri isə müxtəlif sivilizasiyarın təmas nöqtəsində boy atıblar.

İkinci mərhələ hər iki dövlətin müstəqillik qazandıqları dönəmə düş­məklə, inqilabi keçid dövrünü əhatə edir. Yenicə müstəqillik əldə edən Gür­cüstan və Azərbaycan dövlətləri keç­miş sovet imperiyasından miras qalmış bir çox problemlərlə üzləşdilər. Bunlar­dan ən çətini ölkənin ərazi bütövlüyü­nün təhlükə altına düşməsi idi. Lakin iki dövlət arasında dostluq körpüsünün əsas təməli sayılan borçalılar gürcüləri yenə də tək qoymadılar – onlar ölkənin ərazi bütövlüyünü dəstəkləyib, Gürcüs­tanın süverenliyi uğrunda gürcülərlə çiyin-çiyinə dayandılar. Ancaq təəs­süflər olsun ki, abxazların, osetinlərin, acarların müstəqillik, muxtariyyat iddi­aları ilə yanaşı, ermənilərin separatçı­lığı, Ermənistan bayrağının ermənilərin kompakt yaşadıqları bir sıra rayonlarda qaldırılması, azərbaycanlıların itaətkar, sədaqətli vətəndaş, torpağını sevən, onun uğrunda canından keçməyə ha­zır olan bir millət obrazı yaratsa belə, hələ də lazımi qiymətini ala bilmirdi.

Z.Qamsaxurdiyanın hakimiyyəti dövründə borçalılar dövlətçilik naminə onu dəstəkləsələr də o, soydaşları­mıza qarşı antimilli və antidemokra­tik siyasət yeritdi. Onun hakimiyyətdə olduğu dövrdə 94 nəfər azərbaycanlı oğurlandı, bir ay ərzində 660 nəfər azərbaycanlı məcburi şəkildə iş yerlə­rini, 27 min 500 nəfər isə öz dədə-baba torpaqlarını məcburi şəkildə tərk etməli oldu...

Eduard Şevardnadze və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onların şəxsi səyi və təşəbbüsü nəticə­sində Gürcüstan dövlətinin hüquq-mü­hafizə orqanlarının Borçalıda və ona bitişik ərazilərdə fəalliğı artdı və burada hökm sürən kriminogen özbaşınalığa qarşı ciddi əməliyyatlar həyata keçiril­di. 

Azərbaycanın Gürcüstanı böyük neft layihələrinə qoşması və doğrudan da bir qardaş, dost ölkə kimi arxasında dayanması və bu layihələrdən müm­kün qədər onun daha çox faydalanma­sına çalışması Gürcüstanda hər şeyi yaxşılığa doğru dəyişdi.

Məhz bu dövrlərdə xalq diploma­tiyası Gürcüstanda çox faydalı işlər görürdü. Bakıda fəaliyyət göstərən cəmiyyətlərin xətti ilə Borçalı əsilli zi­yalılar dəfələrlə Gürcüstanın müxtə­lif konfliktli bölgələrində – Qabalda, Dmanisidə, Bolnisidə, Marneulidə, Qarayazıda olmuş, soydaşlarımızın hüquqlarının müdafiəsinə qalxmış və gürcü-Azərbaycan xalqları arasında salınmış gərginliyi aradan qaldırma­ğa müvəffəq olmuşdular. 1992-ci ildə Borçalı məsələsi ilə bağlı akademik Kamal Talıbzadə, professor Şamil Qur­banov, şair Abbas Abdulla, “Kirpi” jur­nalının baş redaktoru Eyvaz Borçalı, “Azərbaycan” qəzetinin baş redaktoru Şərif Kərimlinin əvvəlcə Azərbaycan Prezidenti Əbülfəz Elçibəylə, sonra isə Gürcüstan Prezidenti Eduard Şevard­nadze ilə 2 saatlıq görüşləri baş tut­muş, Borçalıdakı problemlər kəskinliyi ilə qoyulmuş və ciddi şəkildə müzakirə olunmuşdu...

Nəhayət, 1996-cı ildə müstəqil döv­lətin rəhbəri kimi Azərbaycan Preziden­ti Heydər Əliyevin Gürcüstana işgüzar səfəri ilə iki ölkə arasında münasibətlə­rin yeni – üçüncü mərhələsi başlan­dı. Azərbaycan Prezidentinin bu tarixi səfəri zamanı Azərbaycan-Gürcüstan arasında “Qafqaz regionunda Sülh, Təhlükəsizlik və Əməkdaşlıq barədə” Bəyannamə, “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizliyin möhkəmlən­dirilməsi haqqında” müqavilə, habelə “Neftin nəqlinin yeni vasitələrinin iş­lənib hazırlanması və belə vasitələrin köməyi ilə neftin Gürcüstan ərazisin­dən nəqli haqqında” saziş imzalandı. 

İmzalanan bu sənədlər hüquqi dövlət quran Azərbaycan və Gürcüs­tan respublikaları üçün dövlətçiliyin və dövləti münasibətlərin təməl daşları idi. 

“Qafqaz regionunda Sülh, Təhlükə­sizlik və Əməkdaşlıq barədə” Bəyan­namənin olduqca böyük əhəmiyyəti vardı. 1996-cı il Bəyannaməsi, əslində, imperiya siyasətinə – siyasi konfliktlə­rin qızışdırılması və etnik didişmələrin genişləndirilməsinə qarşı bir sənəd kimi meydana çıxdı. Son illərdə məhz bu regionda milli zəmində baş verən konfliktlər nəticəsində on minlərlə insan qətlə yetirilmiş, yaralanmış, milyondan artıq adam evini-eşiyini, varını-dövləti­ni itirmiş, əzizlərinin qəbirlərini kimsə­siz qoyaraq baş götürüb qaçmışdı.

Əliyev–Şevardnadze Bəyannamə­sində kompromislərin vacibliyi, qaçqın­ların öz ata-baba yurdlarına qaytarıl­masının zəruriliyi, terrorizmin istənilən formada qarşısının alınması və başqa məsələlər ön plana çəkildi. 

Bəyannamədə göstərilirdi ki, tota­litar rejimdən qalmış miras regionun silahlı münaqişələrə gətirib çıxaran kəskin qarşıdurmalara, təcavüzkar separatçılıq və millətçilik meydanına çevrilməsini şərtləndirmişdir. Bəyan­namə elan olunan zaman rus-çeçen müharibəsində qanlı döyüşlər gedirdi. Azərbaycan-Ermənistan və Gürcüs­tan-Abxaziya münaqişələrində isə çox kövrək bir sülhə nail olunmuşdu. Məhz belə bir məqamda qəbul olunan bu bə­yannamə beynəlxalq münasibətlər ta­rixinə düşən nadir sənədlər qəbilindən idi. Bəyannamə bütün münasibətləri beynəlxalq prioritetlərə və praktikaya əsaslanaraq, hüquqi müstəvidə həll et­məyin əyani nümunəsi idi.

İllər ötsə də bu qardaşlıq əlaqələ­rini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderin strate­ji kursunu layiqincə davam etdirir və Azərbaycanla bağlı yaranan bütün qlobal layihələrdə mütləq Gürcüstanla çiyin-çiyinə dayanır. 

Məhz bu qəbildən olan görüşlərin birində, 2023-cü il aprelin 8-də Gür­cüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına işgüzar səfəri zamanı Prezident İlham Əliyev bir daha əmin olduğunu bildirdi ki, bu səfər qardaşlıq əlaqələrinin inkişafına böyük töhfələr verəcək. Dövlətimizin başçısı ölkələrimiz və xalqlarımız ara­sındakı əlaqələrin dərin tarixi olduğunu bildirdi, xalqlarımızın hər zaman sülh və əmin-amanlıq içində yaşadıqlarını vurğuladı. 

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qalxmasında Azərbaycan Preziden­ti İlham Əliyevin Gürcüstana səfərləri mühüm rol oynayıb. 2022-ci il oktyab­rın 24-də Gürcüstana işgüzar səfəri zamanı Baş nazir İrakli Qaribaşvili ilə təkbətək görüşərkən dövlətimizin başçısı müttəfiqlik səviyyəsinə qalxan münasibətlərimizin yalnız ölkələrimiz və bölgə üçün deyil, bütövlükdə, Avro­pa üçün xüsusi əhəmiyyət daşıdığına diqqət çəkmişdi. 

Varislik ənənələrinə sadiqlik nüma­yiş etdirən Baş nazir İ.Qaribaşvili mət­buata bəyanatında Gürcüstan-Azər­baycan əməkdaşlığının gələcək nəsillərə ötürülməsinin vacibliyini belə vurğulamışdı: “Mən Sizin atanızdan, ölkənizin ümummilli liderindən sitat gə­tirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Tbilisi­də olanda demişdi, Azərbaycan və gür­cü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim və­zifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.

Bu görüşdən az sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əli­yev aprelin 24-də Gürcüstanın müda­fiə naziri Cuanşer Burçuladzeni qəbul edərkən bir daha ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğu­ladı. Bu son görüşlərin nəticəsi kimi “Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan hökuməti arasında mü­dafiə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalandı.

Müstəqillik dönəmində ulu öndər Heydər Əliyevin formalaşdırdığı qon­şuluq strategiyası bu gün Gürcüstan və Azərbaycanın timsalında bir örnəyə çevrilib.

Şərif KƏRİMLİ,
yazıçı-jurnalist

Siyasət