Rusiya–Türkiyə münasibətləri: Ukrayna böhranı, Qərbin Cənubi Qafqaz plasdarmı və Qarabağ

post-img

Ankaranın Azov liderlərini Kiyevə ekstradisiya etməsi Rusiya ilə Türkiyə arasında münasibətlərə necə təsir edə bilər? Ərdoğanın son bəyanatları və hərəkətləri Ankaranın Ukrayna münaqişəsində mövqeyinin dəyişdiyini və bu məsələdə Qərbə daha fəal dəstək verməyə hazır olduğunu göstərirmi? Hazırda bu kimi suallar bütövlükdə dünyanı düşündürməkdədir. Ancaq məsələyə, ilk növbədə, Rusiyanın ictimai rəyinin münasibəti önəm daşımaqdadır. Bu mənada Rusiya Elmlər Akademiyasının İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun Yaxın Şərq və postsovet ölkələri şöbəsinin müdiri, Rusiya Xarici İşlər Nazirliyi Diplomatiya Akademiyasının professoru Vladimir Avatkovun mövqeyi maraqlıdır. 

Avatkov mövzu ilə bağlı yerli media­nın suallarını cavablandırarkən deyib ki, Ankaranın Azov liderlərini Kiyevə eks­tradisiya etməsi dövlətlərarası qarşılıqlı fəaliyyət nöqteyi-nəzərindən o qədər də məqbul deyil. Xüsusən də Rusiya və Tür­kiyə liderləri bu illər ərzində normal qar­şılıqlı əlaqəni inkişaf etdiriblər. “Bizə elə gəlirdi ki, bir-birimizi başa düşməyi, qay­ğılarımızı eşitməyi öyrənmişik. Liderlər səviyyəsində olan bu yaxşı münasibətlər əvvəllər mövcud olan bir çox böyük prob­lemləri həll etməyə imkan verdi”, – deyən Avatkov məyusluğunu gizlətməyib.

Siyasi icmalçı onu da bildirib ki, Rusi­ya–Türkiyə münasibətlərinin toqquşduğu bir sıra regionlarda çətinliklər istisna edil­mirdi. Lakin liderlərin – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya Pre­zidenti Vladimir Putinin şəxsi münasibət­ləri köklü problemlərin qarşısını almağa imkan verirdi. Mövcud vəziyyətə gəlincə, Avatkovun fikrincə, Türkiyə Rusiya ilə olan razılaşmaları pozub: “Bir şey vacib­dir. Uzun müddət sonra ilk dəfə olaraq Türkiyə tərəfinin məhz razılaşmaları poz­duğunu açıq elan etdik”.

Siyasi şərhçi hesab edir ki, Türkiyə Prezidenti Ərdoğan və Ukrayna Prezi­denti Volodimir Zelenski “milçəkdən fil” düzəltməyə çalışırlar: “Zelenski Türkiyəyə səfərindən nə əldə etdi? Beş nəfəri (Azov liderləri nəzərdə tutulur – red.) aldı. Silah almadı, pul almadı. Beş nəfərdən başqa heç nə almadı. Kiyev yaxınlığında zavo­dun (bayraktarların və digər türk pilotsuz təyyarələrinin istehsalı üçün - red.) yara­dılması ilə bağlı paraflanan müqavilələrin özü belə yeni deyil, köhnə sazişlərdir. Ru­siya isə çox açıq şəkildə bəyan edib və bunu dəfələrlə vurğulayıb ki, bu, zərbələr üçün qanuni hədəflər olacaq”.

Məsələnin başqa tərəfi də var ki, Avat­kov bunu qərbli həmkarlarının Ankaraya təzyiq göstərməsi, ondan ABŞ-ın məntiqi ilə getməsini tələb etməsi kimi dəyərlən­dirməkdədir. “Türkiyə müqavimət göstərir və əks iddialar irəli sürür. Xüsusən də İs­veçin NATO-ya daxil olması müqabilində Avropa Birliyinə qatılmasını tələb edir. Əslində, burada Ukrayna Türkiyə üçün Qərblə dialoq baxımından yaxşı kartdır. Qərb eşitmək istədiyini eşidir. Türkiyə Ukrayna məsələsində Qərbin tərəfində olduğunu deyir. Amma demək ayrı, etmək ayrı. Bunlar mənim ayıracağım şeylərdir”, – deyən politoloq fikrinə aydınlıq gətirib. 

Ərdoğanın müharibədən sonra Tür­kiyənin Ukraynanın NATO-ya üzvlüyünə qarşı olmadığını deməsi Ankaranın Uk­rayna münaqişəsində mövqeyinin dəyiş­diyini göstərmir ki? Bu məsələdə Türkiyə­nin Qərbə daha fəal dəstək vermək niyyəti varmı? Avatkovun fikrincə, məsələnin qo­yuluşu belə deyil: “Mən indicə bu haqda dedim ki, elan edilənlə görülən iki fərqli şeydir. İndi Türkiyə Qərblə bağlı bir oyun oynayır. Sadiqliyini nümayiş etdirməyə çalışır. Dmitri Sergeyeviç Peskovun (Ru­siya Prezidentinin mətbuat katibi nəzərdə tutulur – red.) dediyi də odur ki, biz Qərbin Türkiyəyə təzyiq göstərdiyini başa düşü­rük. Bu təzyiqin nəticəsidir. Ancaq bunlar sözlərdir. Məsələ nəyin necə olacağıdır. Bunu yalnız zaman göstərəcək. Mövcud istiqamətdə tələskənliyə ehtiyac yoxdur. Sözlər bir şeydir, əməllər tamam başqa­dır”.

Əlbəttə, Qərbin Türkiyə ilə bağlı han­sı mövqe tutacağı da maraq doğurmaq­dadır. Əslində burada çox böyük, özü də açıq qalan sual var. Qərb Qarabağ mü­naqişəsinin həllini öz himayəsi altında fəal şəkildə davam etdirir. Məqsədlərin­dən birinin Rusiyanı Cənubi Qafqaz re­gionundan sıxışdırıb çıxarmaq olduğunu bildirir. Prosesin həyata keçirilməsində mühüm rol Türkiyəyə həvalə olunub. Ru­siyanın ekspert cameəsini Ankaranın bu məsələdə Qərbə yardım etməyə hazır ol­ması maraqlandırır. Üstəlik, nəzərə alaq ki, Azərbaycan amili Türkiyə üçün “qırmızı xətt”dir və bunu dəfələrlə bəyan edib.

Avatkov Rusiyanın Cənubi Qafqaz regionundan sıxışdırılması üçün heç bir perspektiv görmədiyini deyir. “Şübhəsiz ki, bir tərəfdən Türkiyənin, digər tərəfdən isə Fransa və Böyük Britaniyanın regi­onda mövcudluğunun artması ilə bağlı mənfi tendensiyalar var. Regionda və qlobal siyasi proseslərdə yeni qüvvələr balansı formalaşır. Buna görə də indi ki­minsə Rusiyanı sıxışdırıb çıxarmasından danışmağa dəyməz. Əksinə, Moskvanın regionda imkanları artır. Bizim artıq Gür­cüstana uçuşlarımız var. Region ölkələri ilə iqtisadi və siyasi əlaqələrimizi inkişaf etdiririk. Amma onların çətinlikləri olub, var və məncə, olacaq”, – deyən polito­loqun sözlərindəki ən vacib məqam isə budur: Qərb, o cümlədən ABŞ Türkiyə vasitəsilə Azərbaycana, Fransa vasitəsilə Ermənistana qarşı fəaliyyət göstərərək, regionu Rusiyadan qoparmağa hər cür cəhd göstərir.

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət