Ermənistan rəhbərliyi Borisə qulaq assa…

post-img

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinnin Azərbaycan-Ermənistan münasibətləri, o cümlədən Qarabağla bağlı ölkənin İctimai televiziyasının efirindən bir müddət əvvəl səsləndirdiyi fikirlər ətrafında hay cəmiyyətini cənginə almış diskussiyalar səngimək bilmir. Xanım Kuinn Bakının Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə təminat verəcəyini bildirərək, erməniləri sakitləşdirməyə çalışmışdı. Ancaq bu mövqe, az qala, Birləşmiş Ştatların insan hüquqlarına xəyanəti kimi dəyərləndirilmişdi. Səfirin belə fikir bildirməsi Ermənistanda Qərbyönümlü fəalların və siyasətçilərin formalaşdırdıqları Amerika vasitəçiliyi ilə bağlı ümidləri məhv etdi, – desək də yanılmarıq. Ancaq məsələ yalnız bu deyil. 

Xəstə erməni cəmiyyətində suallar baş qaldırıb ki, ABŞ nə üçün Koso­vo məsələsində “xilas naminə ayrıl­ma” düsturunu tətbiq edib Kosovanın müstəqilliyini tanıdı, ancaq Qarabağ ermənilərinin təhlükəsizliyini Azərbay­canla əlaqələndirir?; Vaşinqton bilmir ki, onun hərəkətləri etnik təmizləmə təhlükəsi ilə bağlı qorxuları artırır?

***

Əslində erməni siyasi isteblişmen­tinin sualları həddən çoxdur. Suallara cavaba gəldikdə, sağlam məntiq istis­nadır. Amma, belə demək mümkünsə, istisnaların özündə də istisnalar var. Bu mənada İrəvan mətbuat klubunun rəhbəri, politoloq Boris Navasardyanı fərqləndirmək mümkündür. Ümumən, B.Navasardyan Azərbaycan-Ermənis­tan münasibətlərinə daha soyuq başla yanaşan şəxslərdəndir. Yada salaq ki, o, bir müddət əvvəlki açıqlamasında bildirmişdi ki, Qarabağ mövzusunda dirəniş göstərmək Azərbaycana güc tətbiqindən başqa yol qoymur. Dolayısı ilə, politoloq müqavimətin səmərəsizli­yini vurğulamışdı. 

Əlbəttə, Navasardyan da Ermənis­tandakı ümumi xəstə ab-hava qarşı­sında ehtiyatlıdır və özünün linçə mə­ruz qalmasını istəmir. Sadəcə, ölkəsini gözləyən təhlükələri sadalayır və faktiki olaraq bildirir ki, Azərbaycanla dil tap­maq, məsələlərə konstruktiv yanaşmaq lazımdır. Ona görə ki, rəqib güclüdür. Əslində, Navasardyanın ABŞ-ın Ermə­nistandakı səfirinin açıqlamasına reak­siyası da bu fikrin davamıdır. Ancaq bir qədər fərqli formada. 

***

Beləliklə, Ermənistandakı Verelq Analitik İnformasiya Mərkəzinin müxbi­rinin B.Navasardyana ünvanladığı sual­lar seriyasının birincisinə diqqət yetirək: Amerikanın Ermənistandakı səfirinin məlum bəyanatı nəyə səbəb oldu?; Nə üçün ABŞ albanları etnik təmizləmədən xilas etmək üçün Kosovonun müstəqil­liyini tanıdı (referendum və Belqradın razılığı olmadan), buna bütün dünya təkan verdi, ancaq ölkə Qarabağdakı ermənilərin təhlükəsizliyinə dair yalnız ümid verir?

Navasardyan hesab edir ki, ABŞ üçün hansı dövlətlərin münaqişə tərəf­ləri olmaları və Vaşinqtonun münaqişə­nin necə həll edilməsi barədə fikri va­cibdir: “Düşünürəm ki, ABŞ-ın axtardığı budur. Kosovo məsələsində biz iki tərəf arasında qarşıdurma gördük, onlardan biri ABŞ-ın potensial müttəfiqi, digəri isə regional siyasətdə Birləşmiş Ştat­ların maraqlarına zidd istiqamətin təm­silçisi kimi qəbul edilirdi. Biz o zaman Serbiyada baş verənləri və həmin vaxt ABŞ-ın müdaxiləsini xatırlayırıq (NATO 1999-cu ildə Belqrad və Serbiyanın di­gər şəhərlərini bombalamışdı – red.). 

Qarabağ nizamlanması məsələsin­də tam fərqli vəziyyət var. Münaqişənin hər iki tərəfi ABŞ-a yaxındır. Amerika­lıların özlərinin isə məsələ barədə qəti mövqeyi yoxdur. Konkret vəziyyətdən, qüvvələrin balanslaşdırılmasından asılı olaraq, ABŞ vəziyyətin sakitləşməsinə və sabitləşməsinə gətirib çıxaracaq siyasət yürütməyə çalışır. 2020-ci ilin (ikinci Qarabağ) müharibəsinin nəti­cələrini və qüvvələrin hazırkı uyğunluq dərəcəsini nəzərə alaraq, hesab edirəm ki, Vaşinqton durumu sakitləşdirməyə nail olmağın yeganə yolunu Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüquqlarını və təhlükəsizliyini təmin et­məkdə görür”.

Bəli, B.Navasardyan Birləşmiş Ştat­ların güclünün tərəfində olduğu dü­şüncəsindədir. Əlbəttə, güclü qismin­də olan Azərbaycan həm də haqlıdır. Bunu ABŞ da yaxşı bilir. Ancaq onu da nəzərə alaq ki, ölkəmiz torpaqlarının işğalda qaldığı otuz ilə yaxın müddət­də də haqlı idi, ancaq Vaşinqton haqqı müdafiə etmək üçün əlini ağdan qaraya vurmurdu. Deməli, güc, eyni zamanda, haqq üçün vasitədir. 

Ermənistanın siyasi rəhbərliyinə, ümumən erməni siyasi elitasına, o cüm­lədən mediasına və beyin mərkəzlərinə gəldikdə, hazırda onlar primitiv haqq davasına girişiblər. Məsələn, B.Nava­sardyana sual verən müxbir bildirir ki, ABŞ-ın Ermənistandakı sabiq səfiri Linn Treysi başqa söz deyirdi, hazırkı səfir Kuinn ölkəsinin mövqeyini tamam fərqli şəkildə ortaya qoyur. Treysi 2021-ci ilin avqustunda bildirirdi ki, Qarabağ münaqişəsi həllini tapmayıb, bölgənin statusu müəyyənləşməyib, indiki səfirin sözləri isə məlumdur. Belə olan halda Navasardyan Vaşinqtonun baxışlarının nə üçün belə kəskin dəyişməsinə ay­dınlıq gətirir. 

Politoloq cavab verməyə başlar-baş­lamaz bildirir ki, əsas məsələ Ermənis­tanın mövqeyində dəyişikliyin yaran­masıdır. Navasardyan, eyni zamanda, hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında gedən proseslər baxımından da faktiki dəyişikliklər var. Ukrayna müharibəsi nəzərə alınma­lıdır. Bununla yanaşı, ABŞ-ın Cənubi Qafqazdakı siyasətini müəyyən etmək üçün Rusiya faktoru da vacibdir. 

Siyasi şərhçinin sözlərinə görə, 2020-ci il müharibəsindən sonra Ermə­nistanın mövqeyi bir neçə dəfə dəyişib. Bundan asılı olaraq, ABŞ münaqişə­nin aradan qaldırılmasında öz rolunun müxtəlif variantlarını görürdü. “2021-ci ildə Ermənistan Dağlıq Qarabağ əra­zilərinin (ən azı Hadrut rayonu və Şu­şanın – red.) işğaldan azad edilməsini və “qurtuluş naminə ayrılma” prinsipini müdafiə edib. Bu, hakim qüvvə “Mül­ki müqavilə”nin (baş nazir Nikol Pa­şinyanın partiyası – red.) 2021-ci ildə keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı proqramında öz ək­sini tapmışdı. İndi Ermənistan Bakının Qarabağ ermənilərinin hüquqlarına və təhlükəsizliyinə riayət etməsi müqabi­lində, Azərbaycanın ərazi bütövlüyünün tanınmasının tərəfdarıdır. Bu baxımdan biz əsas vasitəçilərdən biri kimi ABŞ-ın davranışının transformasiyasını görü­rük”, - deyən Navasardyan Birləşmiş Ştatların mövqeyinin Ermənistanın mövqeyinə adekvat olduğunu vurğula­yıb. Bir qədər əvvəl bildirdik ki, Vaşinq­ton güclünün haqqını tanıyır. İndi onu da deyə bilərik ki, ABŞ güc qarşısında geri çəkilənin, yəni İrəvanın mövqeyini nəzərə alaraq siyasət yürüdür. Bunu, sadəcə, dərk etmək və düzgün nəticə çıxarmaq lazımdır. 

Ümumən, vurğulamalıyıq ki, B.Na­vasardyan öz fikirləri ilə Ermənistan cəmiyyətində reallıq hissini aşılayan tək-tük siyasi şərhçilərdəndir. Bu mə­nada onun Verelq İA-nın müxbirinin absurd səciyyə daşıyan daha bir sua­lına cavabı da maraqlıdır. Belə ki, ye­nidən Kosova məsələsində presedent “axtarmağa” çalışan müxbir soruşur ki, ABŞ Kosovonun müstəqilliyini “Camp Bondsteel” bazasına (Kosovodakı bey­nəlxalq missiyasının bir hissəsi kimi Birləşmiş Ştatlar hərbi kontingentinin əsas hərbi bazası) görə tanıdı və əgər ABŞ-a Qarabağda hərbi baza yaratma­ğa icazə verilərsə, Vaşinqton daha aktiv hərəkətlər edə bilərmi?

Gördündüyü kimi, sual gülməlidir. Axı, icazəni kim verəcək? Ermənistan­mı? B.Navasardyan cavabı ilə yəqin sualın gülünclüyünü üzə vurmur. Amma sözünü də deyir. O bildirir ki, qaldırılan məsələ çox nəzəri, hipotetik xarakter daşıyır. ABŞ sırf realist və praqmatik mülahizələrdən çıxış edir. “Həyata ke­çirilməsi praktiki cəhətdən mümkün olmayan hipotetik variantları nəzərdən keçirməyəcəklər. Hesab edirəm ki, Er­mənistan vasitəçilərdən bu və ya digər yardım almaq üçün sərhədlərinin təh­lükəsizliyini necə təmin etmək barədə düşünməlidir. Yalnız bu halda daha qətiyyətli addımlar ata və ya daha tək­mil mövqe ortaya qoya biləcək. İrəvan məsələni özü həll etmədiyindən, ABŞ burada hərbi mövcudluq barədə düşün­mür. Müvafiq olaraq, Birləşmiş Ştatlar Ermənistanın nələri edə biləcəyindən çıxış edir və bu imkanlar çərçivəsində sülhə nail olmaq yolunda vasitəçilik səylərini irəli sürür”, – deyə Navasard­yan izah edib.

Qeyd edək ki, Ermənistan cəmiy­yətində Azərbaycana qarşı beynəlxalq miqyasda sanksiyaların tətbiqi ilə bağ­lı məsələ müntəzəm şəkildə gündəmə gətirilməkdədir. Bu yolla təzyiq göstə­rilməsi və ölkəmizin geri addım atma­ğa məcbur ediləcəyi fikri qabardılmaq­dadır. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, heç bir tədbir fayda verməyəcək, Bakı prinsipial xəttindən geri dönməyəcək­dir. Əslində, erməni ictimai rəyi də bunu görür və zaman-zaman etiraf edir də. Sadəcə, tipik erməni xəstəliyi imkan vermir ki, bu sayaq yaramaz iddialar tamamilə yox olsun. Ona görə də B.Na­vasardyana belə bir sual ünvanlanır: Əgər Azərbaycan Qarabağda etnik tə­mizləmə həyata keçirərsə, ABŞ Ermə­nistana boş ümid verdiyinə görə mə­suliyyət hiss edəcəkmi və Bakıya qarşı sanksiyalar olacaqmı? Burada ümid dedikdə, ABŞ-ın Ermənistandakı səfiri xanım Kuinnin haqqında söz açdığı­mız fikri nəzərdə tutulur. Bir daha yada salaq ki, səfir Azərbaycanın Qarabağ ermənilərinin hüquq və təhlükəzisliyinə zəmanət verəcəyini bildirmişdi. Yəni, Ermənistanı vəziyyətlə barışmağa ça­ğırmışdı.

B.Navasardyan isə hesab edir ki, Azərbaycana qarşı sanksiyaların tət­biqinə əmin deyil, ancaq siyasi qiy­mət mütləq veriləcək. “Düşünürəm ki, erməni əhalinin Qarabağdan kütləvi şəkildə köçürülməsi faktının məsuliy­yəti Azərbaycanın üzərinə düşəcək. Ancaq çətin ki, bu, Azərbaycana qarşı hər hansı sərt tədbirlərin tətbiqinə gə­tirib çıxarsın. Mən burada “futbol diplo­matiyası” zamanı (2009-cu ildə futbol matçları zamanı Ermənistan və Türkiyə prezidentləri arasında keçirilən görüş­lər və danışıqlar “futbol diplomatiyası” adlandırılırdı - red.) olan vəziyyətlə pa­ralel aparmağa cəsarət edərdim. O za­man ABŞ rəsmiləri, sabiq dövlət katibi Hillari Klinton Türkiyəni Ermənistanla münasibətləri normallaşdıra bilmədiyi üçün açıq şəkildə tənqid edirdi. Amma bu, heç bir halda ABŞ-ın Türkiyəyə qarşı tədbir görməsinə səbəb olmadı”, – deyən politoloqun fikrincə, vəziyyət demək olar, eynidir. 

***

Sonda bir məqama da diqqət ye­tirək. B.Navasardyan “Qarabağ ermə­nilərinin kütləvi şəkildə köçürülməsi” məntiqindən söz açır. Yəni, bilavasitə demir ki, bu işi həyata keçirəcək tərəf Azərbaycan olacaq. O, yaxşı dərk edir ki, Ermənistan ictimai-siyasi rəyi, haki­miyyəti, eləcə də dünya erməniliyi böl­gənin erməni əhalisinin Azərbaycan yu­risdiksiyası altında yaşamalarındansa, “ermənilərsiz Qarabağ” formulunu əsas tutur. Deməli, indiki halda qabardılan “etnik təmizləmə” ritorikası da əslində Azərbaycana qarşı siyasətin tərkib his­səsidir. Başqa sözlə desək, Qarabağda erməni qalmasın və buna görə Azər­baycan günahkar hesab edilsin. 

B.Navasardyan əvvəllər bəyan et­mişdi ki, Bakı ilə danışıq aparıb Qa­rabağ ermənilərinin varlığı ilə bağlı səmimi ortam formalaşdırmaq lazım­dır. Politoloqun hazırkı fikirlərindən görünən budur ki, Ermənistanın siyasi qüvvələri buna razı deyillər və çalışır­lar ki, “ermənilərsiz Qarabağ” formulu Azərbaycana təzyiq vasitəsi kimi işə düşsün. B.Navasardyan isə son dərəcə diplomatik tərzdə izah etməyə çalışır ki, belə mülahizələr nəticə verməyəcəkdir. 

 

Ə.CAHANGİROĞLU, 

“Xalq qəzeti”

Siyasət