kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.
Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündəki çıxışından
Bakı, 5 iyul 2023-cü il.
Dövlət başçımızın istənilən çıxış, nitq və ya müsahibəsində mütləq maraqlı məqamlar, insanların eşitmək istədiyi fikirlər, yeni faktlar olur. Hətta, cənab Prezidentin bəzi çıxışlarındakı hansısa ifadələr sonradan kəlama çevrilir, xalq tərəfindən dəfələrlə təkrarlanır, dillər əzbəri olur. Cənab Prezidentin Qoşulmama Hərəkatının son tədbirindəki çıxışı da bir çox məqamlarla yaddaşlarda uzun müddət qalacaq. Belə faktlar çox olsa da, mən Avropa ölkələri haqqında səsləndirilən fikirlərdən birini daha tez yadda saxladım.
Söhbət ondan gedir ki, Prezident İlham Əliyevin həmin tədbirdəki çıxışında mən “köhnə qitə”nin iki tanınmış ölkəsinin timsalında fərqli Avropa gördüm. Biri kral üsul-idarəsini hələ də qoruyub saxlamış Niderland, digəri isə Avropaya “respublika” və “demokratiya” sözlərini gətirmiş Fransa idi. Niderland tarixdəki günahlarının bir çoxunun silinməsi üçün müəyyən addımlar atsa da, Fransa hələ də “günah ümmanında” çapalamaqdadır.
Çoxlarının bilmədiyi fakt olduğuna görə, bu arqument böyük maraqla qarşılanıb. Cənab Prezident dedi: “Bir neçə gün əvvəl Niderland Kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq. Heç vaxt olmamaqdansa, gec olması yaxşıdır. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.
Dövlət başçımız təşəbbüs irəli sürür ki, Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və törətdiyi soyqırımlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər dövlətlərdən üzr istəməlidir. Rəsmi Paris isə hələ də ermənidən çox ermənilik edərək Azərbaycan ərazilərinin 20 faizini otuz il viranəyə çevirmiş ermənilərə mələk donu geyindirməkdədir.
Makron Fransası (onun hakimiyyətə gəlməsinədək heç bir dövlət başçısı Fransanı bu qədər problemlə üzləşdirməmişdi – İ.M.) bir tərəfdən həmin ölkənin tarixi sakinlərindən olan Korsika xalqının dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, digər tərəfdən isə özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Dövlət başçımızın fikrincə, bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil.
Xatırladaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması ölkəmizin sədrliyinin növbəti nailiyyətidir. Odur ki, dövlət başçımız daha bir təşəbbüsdən də söz açaraq dedi ki, biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.
Bu tədbirdə bizi daha çox maraqlandıran məqamlardan biri də müasir dünyanı daha çox narahat edən yeni müstəmləkəçilik meyillərinin artması barədə deyilənlər idi. Azərbaycan Prezidenti beynəlxalq aləmdə neokolonializm kimi adlandırılan bu mənfi tendensiyaya da öz münasibətini bildirir. Dövlət başçısı xatırladır ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.
Çox təəssüf ki, həmin mənfi tendensiyanı “yaşadan” ölkələrdən biri də məhz Fransadır. Məlum faktdır ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. QH sədri yada salır ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.
Dövlət başçımızın başqa bir təşəbbüsü, daha doğrusu, tələbi ondan ibarətdir ki, hələ də Paris muzeyində saxlanılan əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri (bu, utancverici və iyrənc hərəkətdir – İ.M.) və həmin qəhrəmanların digər qalıqları Əlcəzairə təhvil verilməlidir. Yəqin ki, diqqətli oxucularımız bu məqamda Ermənistan rəhbərliyinin Birinci Qarabağ müharibəsi zamanı “itkin düşmüş” dörd minə yaxın soydaşımızın qalıqlarının Azərbaycana vermədiyini xatırladı və Parislə İrəvan arasındakı oxşarlıqların fərqinə vardı.
Yeri gəlmişkən, Qarabağ münaqişəsinin, xüsusən, Ermənistanın işğalının bir mənfi fəsadı itkin düşənlərimiz haqqılnda məlumatların gizlədilməsidirsə, digər fəsadı da işğal edilmiş ərazilərimizin hər addımında basdırılmış minalardır. Dövlət başçımız xatırladır ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır: “2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır”.
Nəhayət, dövlət başçımızın bütün dünyanın eşidəcəyi tərzdə səsləndirdiyi başqa bir tələb hələ də ərazilərimizdə mövcud olan Ermənistan hərbi birləşmələrinin buradan birdəfəlik və tamamilə çıxarılmasıdır: “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir!”
Zənnimizcə, bu tələbin beynəlxalq aləmə eşitdirilməsi həmin tədbirin xüsusi əhəmiyyətlərindən biridir.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”