“Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur”.
Prezident İlham Əliyevin Əlcəzairin paytaxtındakı Milli Mücahidlər Muzeyinin xatirə kitabına yazdığı ürək sözlərindən.
Əlcəzair şəhəri, 1 noyabr 2022-ci il.
Son günlər Fransa dövlətinin öz ölkəsində vətəndaşlarına qarşı törətdiyi amansızlıqlar dünya ictimaiyyətinin diqqətindən yayınmır. Bəzi ekspertlər yazırlar ki, rəsmi Paris fransız xalqının əsrlərdən bəri qazandığı hörmət və nüfuzun üstündən xətt çəkir. Bəziləri isə deyirlər ki, Fransa öz əhalisinə bu zülmləri edirsə, onda görəsən 132 il müstəmləkədə saxladığı Əlcəzair xalqına nə divan tutub?
Ancaq tarix həmişə zalımın tərəfində olmur. Fakt ondan ibarətdir ki, Emmanuel Makronun ölkə rəhbərliyinə gəlməsindən sonra “bəşər tarixinə bir çox yeniliklər gətirmiş” Fransa həm siyasi, iqtisadi, sosial cəhətdən, həm də beynəlxalq aləmdəki reytinqinə, nüfuzuna görə gündən-günə geriləyir. Onun 132 il işğalda saxlayaraq istismar etdiyi, qan uddurduğu, zülm və işgəncələr verdiyi Əlcəzair isə bu gün inkişaf edir, özünün tərəqqiyə doğru atdığı addımlarını daha da qətiləşdirir. Təsadüfi deyil ki, politoloq və konfliktoloqların fikrincə, Əlcəzair bu gün beynəlxalq və regional xarakterli bir sıra məsələlərin, hətta, layihələrin həllində vacib rol alır. Fransanın əli isə Cənubi Qafqazda durulmaqda olan suları yenidən bulandırmaqdan başqa heç nəyə çatmır.
Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış separatçı, terrorçu, təxribatçı, quldur tör-töküntülərinin müdafiəsinə hətta Ermənistanın baş nazirindən də çox çalışan Makronun nəzərinə dəfələrlə çatdırılıb ki, sənin dövlətinin dünyanın müxtəlif ölkələrində törətdiyi vəhşiliklər Parisin hansı münaqişədəsə vasitəçilik etmək istəyini tamamilə mümkünsüz edir.
O qədər də uzaq tarix olmadığına görə hamı bilir ki, fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə – azadlıq mücadiləsinə qalxmış 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə də Əlcəzair “1,5 milyon şəhid vermiş ölkə” adlandırılır. Ümumilikdə isə Fransa ordusu bu ölkədə mövcud olduğu illərdə 10 milyona yaxın əlcəzairlini öldürmüşdür.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 1-də Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə həmin toplantıda Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfərə getmişdi.
Dövlət başçımız səfər çərçivəsində ölkə paytaxtındakı Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etmiş və muzeyin xatirə kitabına yazmışdı ki, Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir: “Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”.
Onu da əlavə edək ki, Ərəb Dövlətləri Liqası Sammitinin noyabrın 1-ə planlaşdırılması da təsadüfi deyildi. Çünki Əlcəzair xalqı Fransa müstəmləkəsindən qurtulmaq üçün məhz həmin gün Azadlıq müharibəsinə başlamışdı. O gün ölkədə başlayan inqilab 1962-ci il iyulun 3-də müstəqilliyin əldə edilməsi ilə başa çatmışdır.
Başqa bir fakt isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin tarixi səfəri ərəfəsində Əlcəzair Prezidenti Abdelmacid Tebbuna göndərdiyi təbrik məktubunda yazırdı ki, 1 noyabr 1954-cü ildə Əlcəzair xalqı müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə başlamışdır: “Müstəmləkəçi qüvvələrin xalqınıza qarşı törətdiyi misli görünməmiş şiddətinə, zorakı əməllərinə və müharibə cinayətlərinə baxmayaraq, Əlcəzair xalqının müstəqillik əzmi sarsılmamış, əksinə, milli birlik və həmrəylik daha da güclənmişdir.”
Bizi “Əlcəzairin həmdərdi” adlandıran həmkarlarımız da olmuşdur. Bəlkə də bu ifadə tam yerinə düşmür. Ancaq Əlcəzairin də, Azərbaycanın da ərazisinin işğal edildiyi, hər ikisində fransız maraqlarının olması danılmaz faktdır. Mütəxəssislərin fikrincə, Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağ bölgəsində apardığı siyasət oxşardır. Ancaq kiçik də olsa, fərq var. Fransızlar uzun illər yerli əhalini qırmış, ermənilər isə yerli sakinləri öldürdükdən, qovduqdan sonra işğal edilmiş ərazilərdə bəşər tarixinin heç bir mərhələsində rast gəlinməyən barbarlıq, vandalizm, qarət və talan törətmişlər. İndi Fransa prezidenti məhz həmin qaniçən vəhşiləri dəstəkləyir.
Əlcəzairlə Azərbaycanı bir-birinə bağlayan çoxsaylı tellər ölkəmizin Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə daha da möhkəmlənmişdir. Dost ölkənin Prezidenti Abdelkader Bensalahın 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfər etməsini də hər iki ölkədə hamı məmnunluqla xatırlayır.
Sonda qeyd edək ki, Azərbaycan – Əlcəzair dostluq və tərəfdaşlıq münasibətlərinin gündən-günə genişlənməsi də günümüzün reallığıdır, Fransanın öz tarixi nüfuzunu itirməsi də. Yəni hərə öz əkdiyini biçir.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”