Heydər Əliyev dərsləri

post-img

(əvvəli:

https://xalqqazeti.az/sosial-heyat/127148-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127829-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127963-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/128056-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/131345-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/siyaset/131524-heyder-eliyev-dersleri)

“Bu işlərlə biz özümüz məşğul olacağıq”

SSRİ dövründə ermənilər Kəlbəcər­dəki qızıl mədənlərini oğurluq yolu ilə istismar etmək istəmişlər. Bundan xə­bər tutan Heydər Əliyev mənfur qonşu­ların bu niyyətinin qarşısını almışdır. Bu barədə ulu öndər Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 4-cü ildönümü ilə əlaqədar Nərimanov rayonundakı yataqxanada məskunlaşmış Kəlbəcər məcburi köç­künləri ilə görüşdəki çıxışında ətraflı söhbət açmışdır:

– Kəlbəcərdə zəngin qızıl yataqları var. Təəssüf ki, keçmiş illərdə, yəni 50-ci illərdə bu qızıl yataqlarının axtarılması, qızılın çıxarılması ilə məşğul olmamışdı­lar. Bu da həmin dövrdə Azərbaycan rəh­bərlərinin fərasətsizliyinin, ağılsızlığının, o vaxtlar Azərbaycanda iş başında olan ermənilərin xəyanətinin nəticəsi idi. Kəl­bəcər rayonundakı qızıl yataqları, guya, perspektivli deyildi və onların istismarı iqtisadi cəhətdən səmərəli hesab edilmir­di. Ancaq siz kəlbəcərlilər yaxşı bilirsiniz ki, Ermənistanın Cermuk rayonu ilə bizim Kəlbəcər rayonu arasındakı dağın o tərə­fində ermənilər hələ 50-ci illərdən Zod ya­tağını istismar edir, oradan qızıl çıxarırlar. Sonra onlar tunel açaraq Azərbaycana aid yataqdan– bizim ərazidən qızıl çıxarmağa başlamışdılar. Bu, təxminən 70-ci illərin sonlarında idi. Həqiqət naminə deməliyəm ki, bu barədə ilk dəfə o vaxt Kəlbəcərdə Rayon Partiya Komitəsinin birinci katibi işləmiş İnqilab Nadirov mənə böyük həyə­canla məlumat verdi. Mən böyük bir ko­missiya təşkil edib oraya göndərdim, Mos­kvaya müraciət etdim. Bu sahəyə baxan nazir Lomakonu Azərbaycana dəvət et­dim, ciddi danışıqlar apardım, Ermənis­tanın Zod qızıl mədəninin Azərbaycanda gördüyü işlərin qarşısını aldım. Bildirdim ki, bu işlərlə biz özümüz məşğul olacağıq. O vaxt mütəxəssislərimizi çağırdım. On­lardan soruşdum ki, nə üçün dağın o tərə­fində Ermənistan 20 ildir qızıl çıxarmaqla məşğuldur, amma siz dağın bu tərəfindəki yatağı bağlamısınız ki, bu yatağın istisma­rının gələcəyi və böyük əhəmiyyəti yox­dur? Bax, həyatımızda belə günahlar və səhvlər də olmuşdur. O vaxt mən bunun qarşısını aldım. Kəlbəcərdə, Azərbaycan­da qızıl mədənlərinin yaranması haqqında lazımi tədbirlər gördüm. Lakin sonra mən Moskvaya getdim. Daha sonra başıma gələn işləri siz bilirsiniz. Bu məsələ sonra öz həllini tapa bilmədi. 

“Bildirdim ki, respublikada rüşvətxorluq var”

Sovetlər Birliyində rüşvətxorluq mövcud olsa da sovet ideologiyası­na müvafiq olaraq bu barədə heç kim ucadan danışa bilməzdi. 1995-ci ildə Brüsseldə soydaşlarımızla görüşdə ümummilli lider bu sindromu ilk dəfə necə sındırdığı barədə geniş məlumat vermişdi. 

– Bəli, rüşvətxorluq var idi. Ancaq bunu adamlar yalnız bir-biri arasında deyirdilər. Heç bir rəhbər işçi demirdi ki, bizim cə­miyyətdə rüşvətxorluq var. Fikirləşirdilər ki, bunu desək, kapitalistlər bundan istifa­də edəcək, ölkəmizi hörmətdən salacaq, imicini korlayacaqlar. Mən Azərbaycana rəhbər seçiləndən bir ay sonra böyük bir məruzə etdim. Həmin məruzəmdə Azər­baycandakı rüşvətxorluq haqqında açıq­ca danışdım. Bildirdim ki, respublikada rüşvətxorluq var və bununla mübarizə aparmaq lazımdır. Vəzifəli adamlar və­zifələrindən öz şəxsi məqsədləri üçün is­tifadə edirlər və sair. Bütün xarici radios­tansiyalar – “Azadlıq”, “Amerikanın səsi” və başqaları mənim fikirlərimi bir ay təkrar etdilər və dedilər ki, Azərbaycanda böyük bir inqilab əmələ gəlib, nə olub? Yeni bir rəhbər gəlib açıqca deyir ki, respublikada rüşvətxorluq var. Onlar da bundan istifadə etdilər. Sovetlər İttifaqının o vaxtkı başçısı Leonid Brejnev təxminən bir aydan sonra mənə telefonla zəng etdi, dedi ki, sən ora­da nə edirsən? Soruşdum ki, nə barədə? Dedi ki, xarici qəzetlər, radiostansiyalar Azərbaycandan çox şeylər yazırlar. Yazır­lar ki, sən orada adamları həbs edirsən. Cavab verdim ki, bəli, bəzi adamları həbs etmişik. Soruşdu ki, nəyə görə? Dedim ki, onlar rüşvət alıblar, ona görə də həbs olunublar. Soruşdu ki, bəs belə şeylər da­nışmısan? Dedim ki, bəli, danışmışam. Mən ondan soruşdum ki, siz bunları ha­radan bilirsiniz? Dedi ki, həmin xarici qə­zetlərin, radiostansiyaların materiallarının xülasəsini mənə veriblər, oradan bilirəm. Soruşdum ki, bəs öz işçiləriniz bu barədə Sizə məlumat verməyiblər? Axı mən belə addım atarkən onlar bunu bilirdilər. Dedi ki, yox, onlar mənə heç nə deməyiblər. Mən bu barədə ona telefonda təxminən 45 dəqiqə ətraflı danışdım. Axırda o dedi ki, düz etmisən. Bundan bir il sonra ilk dəfə Moskvada Kommunist Partiyasının qurultayında Brejnev öz məruzəsində dedi ki, bizim cəmiyyətdə rüşvətxorluq var və onunla mübarizə aparmaq lazımdır. 

“Mənim boğazımdan tutmuşdular”

Ulu öndər ölkədə də mühüm tikin­tilərin təşəbbüskarı olmuşdur. O, bu sahədə öz ideyalarını hərtərəfli əsas­landıraraq layihələri gerçəkləşdirməyə nail olurdu. Ulu öndər Şəmkir su elekt­rik stansiyasının fəaliyyəti ilə tanışlıq zamanı çıxışında bu məsələyə toxun­muşdu:

– Mən vaxtilə Şəmkir Su Elektrik Stan­siyasını yaratdım, yaxud Yenikənd Su Elektrik Stansiyasının əsasını qoydum. Başqa tikintilər də var. Mən bayaq dedim, biz Mingəçevir Su Elektrik Stansiyasında 8 blok qurmuşuq. Həmin blokların hər biri 300 meqavat enerji verir. Biz o vaxt birin­ci bloku quranda mən oraya getdim. Bu, böyük bir hadisə idi. O dövrdə bizimlə nə qədər mübarizə aparırdılar ki, burada su elektrik stansiyaları yaratmaq olmaz. 

Tarixdir, fürsət düşüb, bir məsələni də bildirmək istəyirəm. Özü də bura gözəl yerdir, mənim də kefim bir az açılıb. Hət­ta mənim doğma böyük qardaşım Həsən Əliyev akademik idi… O, Azərbaycan eko­logiyasının birinci müdafiəçisi, Azərbay­can Təbiəti Mühafizə Cəmiyyətinin başçısı idi, həqiqətən də, respublikamızın təbiəti­ni çox gözəl bilirdi, necə deyərlər, canını buna – həm meşələrə, həm sulara, həm torpağa – hamısına sərf etmişdi. Həsən Əliyev bunları eşidib mənim yanıma gəldi ki, sən nə edirsən, bunu belə etmək olmaz, bu stansiyalar havanı çirkləndirəcək, filan edəcək. Dedim ki, a kişi, bəs bizə elektrik enerjisi lazımdır. Dedi ki, qoy elektrik ener­jisini ruslar versinlər. Bildirdim ki, ruslar elektrik enerjisi verirlər, amma mən istə­yirəm bizim özümüzünkü olsun. Mən istə­mirəm ki, həmişə onlara ümidli olaq. Bizim bir neçə dəfə belə söhbətimiz oldu. Hətta bir dəfə böyük bir iclasda mənim əleyhimə çıxış etdi. Hamı məəttəl qaldı ki, Azərbay­canın rəhbəri, Mərkəzi Komitənin birinci katibi iclas aparır, böyük qardaşı da durub onu tənqid edir. Hava məsələsindən sonra dedilər ki, Mingəçevir gölündən götürülən su elektrik stansiyasında dövr edib su ka­nalına veriləndə həmin suyun temperaturu iki dərəcə artacaq. Temperaturu iki dərəcə artan həmin su kanal vasitəsilə tarlalara gedəcək və pambığa zərər verəcəkdir. Bu yadınızdadır? 

Müslüm İmanov: Bəli. O vaxt bizi Özbəkistana göndərdiniz. Gedib gördük ki, orada da belə bir stansiya var, oradan çıxan suyu tarlalara verirlər. 

Heydər Əliyev: Bəli, gəlib bunu mənə dedilər. Mənim boğazımdan tutmuşdular ki, bunu etmə. Amma mən heç bir şeyə baxmadım. Yenə də deyirəm, hətta böyük qardaşımın da – mən ona çox böyük hör­mət edirdim. O, çox böyük alim idi – sözünə baxmadım. Biz həmin stansiyaları tikməyə başladıq. İndi təsəvvür edin, orada 8 blok var, onlar 2400 meqavat enerji verir. Yəni, bütövlükdə, Azərbaycanda istehsal edilən 5000 meqavat elektrik enerjisinin yarısını onlar verir. Başa düşürsünüz, əgər bu ol­masaydı, indi Azərbaycan nə gündə idi? Əgər Şəmkir Su Elektrik Stansiyası – bu, 380 meqavat enerji verir – olmasaydı, indi Azərbaycan nə gündə idi.

“Bəlkə də Allahın işiydi”

Stansiya ilə tanışlıqdan sonra Pre­zident vaxtilə Azərbaycanda atom elektrik stansiyasının bünövrəsinin qo­yulduğunu, lakin tikintisinin baş tutma­masını belə izah etmişdi:

– Biz burada belə stansiya tikməyi planlaşdırırdıq, hətta yerini də müəyyən etmişdik – Duvannının yanında. Orada bir az işlər də apardıq. Hətta o vaxt bunu bizə vermirdilər. Xatirinizdədir ki, Gürcüs­tan hətta gətirib Mingəçevirin yaxınlığın­da, yuxarıda, sərhəddə bir atom elekt­rik stansiyası tikmək istəyirdi. Biz buna etiraz etdik. Çünki belə çıxırdı ki, onlar bunu gətirib respublikamızın sərhədində tikmək istəyirdilər ki, tullantılar gəlib bizim əraziyə keçsin. Bizim Mingəçevir Su An­barının zəhərlənməsi çox böyük təhlükə qarşısında idi. Yenə də deyirəm, biz buna etiraz etdik, çox çətinliklər çəkdik. Amma fikirləşdik ki, gərək biz də bir atom elektrik stansiyası tikək. Ona görə də bu barədə məsələ qaldırdıq. Bizə icazə vermirdilər. Mən sizə deyim ki, bu məsələdə bir az ya­rış oldu. Bir tərəfdən gürcülər, bir tərəfdən də biz məsələ qaldırdıq. Amma mən buna nail oldum ki, atom elektrik stansiyasının layihəsi hazırlandı. Duvannıdan aşağı­da, Navahıda onun üçün yer ayrıldı. Mən Moskvada işləyəndə gürcülər gəlirdilər ki, kömək edin, bizim atom elektrik stansiyası tezliklə fəaliyyətə başlasın. Mən Energeti­ka nazirinə bir-iki dəfə göstəriş də vermiş­dim. Amma sonra Çernobıl hadisəsi oldu. Gürcüstanın o vaxtkı birinci katibi Pati­aşvili – o, prezident seçkilərində Eduard Şevardnadzeyə alternativ idi, prezident olmaq istəyirdi – mənim yanıma gəldi. De­dim ki, göstəriş verim, Gürcüstanda atom elektrik stansiyasının tikintisini güclən­dirsinlər? Cavab verdi ki, yox, yox, lazım deyil. Həmin Çernobıl hadisəsindən sonra hamı atom elektrik stansiyası tikməkdən çəkindi. Bəlkə də Allahın işiydi, gərək belə olaydı ki, biz bu işə qarışmayaydıq. Çünki o vaxt hamını inandırırdılar ki, bu, çox təh­lükəsizdir. Amma necə təhlükəli olduğu­nu, həm Ukraynanın, həm də Belarusun indiyədək bundan nə qədər əziyyət çək­diyini, nə qədər insanın şikəst olduğunu görürsünüz.

“Adıma heç nə vermək lazım deyil” 

Həmin tədbirdə ulu öndər jurnalis­tin “Şəmkir və Yenikənd Su Elektrik stansiyalarını Siz yaratmısınız. Amma bu silsiləyə Sizin adınızın verilməsinə nə üçün razı olmadınız?” –sualına belə cavab vermişdi: 

– Əzizim, bilirsən, bunu dəfələrlə de­mişəm – nə qədər ki, bu dünyada yaşa­yıram, mənim adıma heç nə vermək la­zım deyil. Mən bunu istəmirəm. Məsələn, Milli Məclisdə o qədər məktublar var ki, Heydər Əliyevə Milli Qəhrəman adı veril­sin. Mən demişəm ki, həmin məktubları arxivə qoyun. Birincisi, mən Azərbayca­nın Prezidentiyəm, özüm-özümə mükafat verə bilmərəm. Çünki Milli Qəhrəman adı üçün gərək mən fərman verəm. Mən bunu edə bilmərəm. Ad vermək üçün də gərək mənim fərmanım olsun. Şəxsən mən fər­man verməsəm də mənim idarəmdə olan adamlardan kimsə bunu etməlidir. İkincisi, bu mənim təbiətimə uyğun deyil. Bu dün­yada heç kəs daimi deyil. Vaxt gələcək, mən də bu dünyanı tərk edəcəyəm. Əgər xeyirxah insanlar mən dünyadan gedən­dən sonra da indiki kimi belə düşünsələr, onlar nə etsələr, mənim ondan xəbərim olmayacaq. Onlar bu barədə sərbəstdirlər. 

Jurnalist: Amma xəbəriniz olsa yax­şıdır. 

Heydər Əliyev: Bəlkə o dünyaya kim­sə gəlib məlumat verdi.

(ardı var)

 

Faiq SADIQOV,
Əməkdar jurnalist

Sosial həyat