Xəbər verdiyimiz kimi, “Azərbaycan” nəşriyyatında milli mətbuatımızın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumunu yekunlaşdıran sərginin açılışı olub.
“Azərbaycan” nəşriyyatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən simpozium “Söz. Çap. Forma – birləşən dünyalar” şüarı altında baş tutub. Layihənin əsas məqsədi Azərbaycan mətbuatının tarixi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə təqdim etməkdir.
Simpozium müddətində iştirakçılar – 17 azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltəraş – çap sənayesinə aid materiallardan, köhnəlmiş avadanlıqlardan, kağız tullantılarından istifadə edərək unikal bədii əsərlər yaradıblar. Xarici sənətkarlar ABŞ, Cənubi Koreya, İspaniya, İtaliya, Macarıstan, Meksika, Mərakeş, Misir, Niderland, Norveç, Portuqaliya, Səudiyyə Ərəbistanı, Tayland və Türkiyəni təmsil ediblər.
Sərgidə təqdim olunan əsərlər mətbuatın tarixi ilə müasir incəsənətin sintezini nümayiş etdirir, həm milli, həm də beynəlxalq sənət mühitinin yaradıcı baxışlarını bir araya gətirir. Ekspozisiyada qəzet səhifələrindən hazırlanmış instalyasiyalar, köhnə çap maşınlarından formalaşdırılmış heykəllər, fotoqrafik kollajlar və rəngkarlıq nümunələri yer alır.
Sərgi “Azərbaycan” nəşriyyatında sentyabrın əvvəlinə qədər açıq qalacaq.
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə.
XQ,
Emil XƏLILOV (foto)