Tomas de Vaal: Hər hayın ağzından bir avaz gəlir

post-img

Ermənistanın indiki hakimiyyəti heç vaxt qərarları özü qəbul etməyib

İngiltərəli jurnalist, yazıçı Tomas de Vaal bu barədə Ermənistanın “Azatutyun” agentliyinə müsahibəsində bildirib. Cənubu Qafqaz, o cümlədən Dağlıq Qarabağ məsələləri üzrə tanınmış ekspert, Karnegi Beynəlxalq Fondunun əməkdaşı hesab edir ki, Qarabağda vəziyyət mahiyyəti etibarı ilə heç vaxt sabit olmayıb. O, bunu deyərkən iki xalq arasında hələ də davam edən zorakılıq hallarını nəzərdə tutur. Hazırda Vaşinqtonda münaqişənin diplomatik yolla həllinə cəhdlər edildiyini və bu səylərə Brüsselin də təkan verdiyini diqqətə çatdıran tanınmış ekspert bu təşəbbüslərin tezliklə müsbət sonluqla bitəcəyinə şübhə ilə yanaşır. 

“Qara Bağ” kitabının müəllifi Tomas de Vaal hesab edir ki, Bakı və İrəvan arasında ikitərəfli danışıqlar ikincinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə müşayiət olunur. “Düşünürəm ki, irəlidəki bir neçə il ərzində danışıqların mövzusu məhz Qarabağ ermənilərinə hansısa təminatın verilməsi olacaq” -deyən cənab de Vaala görə burada müxtəlif “oyunçuların” səslərini eşidirik. Misal üçün, hazırda Rusiyanın sülhməramlıları bölgədə təhlükəsizliyi təmin edir, amma onların fəaliyyətindən yerli ermənilər o qədər də razı deyillər. 

Tanınmış ekspert müsahibəsində onu da nəzərə çatdırır ki, pərdə axrasında gedən danışıqların gizli çalarları da var. “Bu, ilk növbədə, Qarabağ ermənilərinin müqəddaratı ilə bağlıdır. Onlar öz gələcəklərini Azərbaycanın tərkibində görürlərmi? Fakt ondan ibarətdir ki, hazırda bu kəsim Bakıya etibar eləmir. Bəs hansı beynəlxalq mexanizm, yaxud missiya onlara bu təminatı verə bilər? Biz bu sualın cavabını sadəcə bilmirik. Problemin bir hissəsi Qarabağdakı daxili situasiya ilə bağlıdır. Yəni biz burada müxtəlif insanların suala fərqli cavabları ilə üzləşə bilərik. Əgər siz bu sualı Vitali Balasanyana və Samvel Babayana versəniz müxtəlif cavablar eşidəcəksiniz. Yaxud, Rüben Vardanyan deyə bilər ki, biz bu məsələni Rusiya sülhməramlıları ilə danışmalıyıq”.

Əslində Qarabağ üzrə mütəxəssis Tomas de Vaal öz müsahibəsində aşkar həqiqəti bir daha təkrarlamış olur. O, sadəcə Bakının Qarabağ ermənilərinə verdiyi təminatı və təhlükəsizliyi deməyi unudur. Eləcə də sülh danışıqlarının hansı platformada aparılmasından asılı olmayaraq son nəticəsinin suveren Azərbaycanın ərazi bütövlüyünün tam təminatı olacağını nəzərə almır. Yəqin ingilis jurnalisti erməni saytına müsahibəsində uzunömürlü münaqişə ilə bağlı özünün də yaxşı bildiyi bəzi məqamları görməzdən gəlib. 

Əgər o, məhz Qarabağ iqtisadi rayonumuzda erməni silahlı quldurlarının törətdiyi son təxribatı diqqətlə izləmiş olsa idi, sülh dialoquna kimlərin maneə olduğunun fərqinə varardı. 

İmran Bədirxanlı,

“Xalq qəzeti”

Siyasət