İşğaldan azad olunmuş Laçın şəhərinə yeni köçən sakinlər 31 ildən sonra ilk dəfə Qurban bayramını dogma yurdda qeyd ediblər.
Bu münasibətlə təşkil edilən, 200-dən artıq laçınlının toplaşdığı musiqili bədii gecəyə Azərbaycanın əslən laçınlı tanınmış musiqiçiləri və aktyorları qatılıblar.
Müqəddəs bayram günü müqəddəs Vətən uğrunda canını qurban vermis şəhidlərin xatirəsi anıldı.
Daha sonra mərhum müğənni Məhəbbət Kazımovun ifasında dillər əzbəri olmuş, nisgil dolu “Laçınım mənim” mahnısının yeni aranjimanının təqdimatı oldu.
Azərbaycanın əməkdar artisti Ehtiram Hüseynov, Dünyamin Alışov, Murad Rüstəmzadə, Ələkbər Əkbərov, aşıq Sahilin ifasında, Məhəbbət Kazımovun səsi ilə başlanan yeni aranjiman göz yaşları və sevinclə qarşılandı. Aşıq Pərvizlə Aşıq Sahilin deyişməsi tamaşaçılarda ruh yüksəkliyi yaratdı. Xanəndə Şəmsəddin İbrahimovun çıxışları alqışlarla müşayiət olundu. Laçını uşaqlıq xatirələrində qoruyan aktrisa Mətanət Eresin aparıcılığı ilə davam edən, aktyorlar - Rauf Şahsuvarovun və Türkay Cəfərlinin Laçın haqqında yazılmış ən gözəl şeirlərdən parçalar səsləndirdikləri gecə Laçında ilk bayram və ilk mədəni layihə kimi tarixə yazıldı.
Sonda tədbiri təşkil etmiş Bakı Abadlıq Xidmətinin nümayəndəsi bu görüşlərin davamlı olacağını vurğulayaraq, bir zamanlar Qarabağın mədəniyyət mərkəzlərindən biri kimi tanınan Laçında bundan sonra da mütəmadi olaraq təqdimat, tamaşa, və konsertlərin keçirilməsinə dəstək olacaqlarını söylədi.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”