Fransa lideri günahı Paşinyanın üstünə atmaqla məşğuldur
Sən demə, Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyandan narazı imiş. Səbəb ikincinin Qarabağ məsələsində qətiyyətli mövqe tutmamasıdır. Hər halda bu fikri gündəmə gətirənin Makronun özünün olduğunu da vurğulamaqla, məsələdəki dramatizmi göstərmək mümkündür. Fransa Prezidenti narazılığını bu günlərdə Marseldə erməni icmasının nümayəndələri ilə görüşündə dilə gətirib. Ancaq onun dedikləri yalnız bu olmayıb. Əslində sözügedən görüş Makronun gücsüzlüyünün etirafı kimi yadda qalıb.
Toplantı barədə məlumat verən Daşnaksütyun Partiyasının mərkəzi komitəsi adlandırılan qurumun nümayəndəsi Qraç Varjapetyana inanmamaq üçün əsas yoxdur. Çünki, o, kifayət qədər ciddi mövzudan bəhs edərkən, Fransa liderinin söylədiklərini ictimaiyyətə açıqlayıb. Əgər səhvə yol versəydi, Yelisey sarayından təkzib yayılardı. Belə bir hal olmadığından, Varjapetyanın dediklərinin məhz Makronun dilindən çıxdığını bildirə bilərik.
Bəli, Makron özünü Qarabağ məsələsində yeganə dəqiq mövqeyə malik şəxs kimi dəyərləndirib. Ancaq onun söylədiklərindən belə nəticəyə gəlmək olar ki, necə deyərlər, kantrabasda təkdir, heç bir köməyi yoxdur. Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini xatırlayırıq. Dövlətimizin başçısı Ermənistan rəhbərliyinə və ermənipərəstlərə dəfələrlə bildirib ki, hansısa beynəlxalq dəstəyə ümid etməsinlər, heç nə alınmayacaq. İndi belə çıxır ki, cənab İlham Əliyevin mesajını hətta Paşinyan da anlayıb, ancaq Makron yox. Anlamayıb və erməni icmasının nümayəndələri ilə görüşdə, bir növ, şikayət edib.
Hadisə isə belə olub ki, erməni icmasının nümayəndələri Makronun diqqətinə Fransanın erməni məsələsində qətiyyətli mövqe tutmadığını çatdırıblar. Yeri gəlmişkən, bu fikir Ermənistanın siyasi dairələrində də geniş yayılıb. Mövcud xüsusda dəfələrlə bildirilib ki, Paris yalnız sözdə dəstək göstərir, əməldə isə hansısa real kömək yoxdur. O da vurğulanıb ki, Fransanın sözdə dəstəyin ifadəsi sayılan ermənipərəst bəyanatları, çağırışları, ərsəyə gətirdiyi qətnamələr rəsmi İrəvanın illüziyalara qapılmasına səbəb olur ki, bunun nəticəsində reallaşdırılan hər hansı davranış Ermənistan üçün baha başa gəlir, Azərbaycanın əsk tədbirlərinin miqyası böyük olur. Dolayısıyla, Parisin İrəvana zərər vurduğu qənaətinə gəlinir.
Görünür, Ermənistanın baş naziri Nikol Paşinyan da Makronun “qətnamə dəstəyi” siyasi texnologiyasının səmərəsizliyindən duyuq düşdüyündən, indi “böyük bacısını” eşitmək istəmir. Ona görə ikincinin erməni icmasının nümayəndələrinin yuxarıdakı sualına cavabı kifayət qədər gözlənilməzdir. Beləliklə, Fransa Prezidenti deyib: “Mən Əliyevə (Azərbaycan Prezidenti İlham Əliyev – red.) Paşinyanın özündən daha çox təzyiq etdim. Sual Paşinyana olmalıdır. Qarabağ məsələsi ilə bağlı dəqiq mövqeyə malik olan yeganə şəxs mənəm”.
Daşnak Q.Varjapetyan da Makronun Qarabağ məsələsində daha çox işlər görəcəyinə, səylər göstərəcəyinə dair fikirlərinə şübhə ilə yanaşmaqda haqlıdır. Çünki Fransa lideri görüşdə bu mövzuda beynəlxalq arenada, xüsusən də Avropa İttifaqı daxilində tək olduğunu vurğulayıb. Amma görünür, avantürist Makron özünü Fransa cəngavəri qismində görür. Çünki Varjapetyan deyir ki, Fransanın dövlət başçısı Qarabağ probleminə müdaxilədə qərarlı olduğunu da dilə gətirib. Ancaq daşnak onu da bildirir ki, Marseldəki görüş qeyri-rəsmi şəraitdə keçib, ona görə də prezidentin bəyanatları qeydə alınmayıb. Bundan bir neçə nəticə çıxarmaq mümkündür. Makronun bəyanatları qeydə alınmayıbsa, deməli, o da faktiki olaraq daşnakların başının altına yastıq qoymaqla məşğuldur. İkincisi, Fransa özünü aşkar tərəf kimi göstərir. Demək ki, ölkənin Azərbaycan-Ermənistan nizamlamasının Qərb formatına dürtülmək cəhdləri tam yolverilməzdir.
Əlbəttə, Fransa Prezidentinin ermənipərəstliyini davam etdirəcəyini bildirməsi təəccüblü deyil. Ancaq belə görünür ki, o da səylərinin səmərəsizliyini görür. Ona görə də günahı Paşinyanın üstünə atır. Görünür, Nikol Fransanın Cənubi Qafqaz ambisiyasının davam “ssenarisinə” uyğun gəlməməyə başlayıb. Makronun son vaxtlar erməni icmasının nümayəndələri ilə görüşlərini intensivləşdirməsi də bundan xəbər verməkdədir. Hər halda həmin icmanın Paşinyandan tam narazı olduğu gün kimi aydındır. Görəsən, Makron icmanın içindən Ermənistana yeni lider seçmək istəyir? Hər halda ortada Ermənistanın və ermənipərəstlərin çaşqın, plansız vəziyyətdə olduğu mənzərəsi var.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”