Belçikanın baş naziri Aleksandr de Kroo bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərinə investisiya qoymaqdan əldə etdiyi gəliri Ukraynaya kömək etmək üçün istifadə etməyi planlaşdırır. Onun sözlərinə görə, Aİ hər il ən azı 3 milyard avro alacağını gözləyir. Cənab de Kroo bunu Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci gününün yekunlarından sonra açıqlayıb.
O qeyd edib ki, Avropa Aİ-nin maliyyə sabitliyinə xələl gətirməyə imkan verməyən hüquqi mexanizmdən istifadə etməlidir. “Aİ-də dondurulan Rusiya aktivlərinin 90%-i Belçikadadır. Bu vəsaitlərin Ukraynanın bərpasında rol oynaması bizim üçün vacibdir... Biz izafi mənfəətə yönəlmişik. Söhbət ildə 3 milyard avro məbləğində vəsaitdən gedir ki, bu da alına bilər”, - deyə baş nazir qeyd edib.
May ayında Avropa Komissiyası (AK) Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi və onların Ukraynaya verilməsi üçün hüquqi imkanların mövcudluğunu elan edib. Bununla belə, Bloomberg-in məlumatına görə, Avropa İttifaqı Rusiyanın bütün dondurulmuş aktivlərinə qanuni olaraq həbs qoya bilməyəcəyi qənaətinə gəlib. Ukrayna isə Rusiyanın 500 milyard dollarlıq aktivlərinin müsadirəsi üçün “vicdanlı mexanizm” hazırlayır.
"Xalq qəzeti"