Qarabağdakı separatçı rejim amnistiya şansından üz döndərir

post-img

“Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır”. Bu fikirləri Prezident İlham Əliyev bu il mayın 28-də Laçında öz dogma yurd-yuvasına qayıtmış əhali ilə görüşündə bildirdi. 

Dövlətimizin başçısının mövqeyinə görə, eyni zamanda Azərbaycan–Er­mənistan sülh danışıqlarının gündəmdə olduğu hazırkı dövrə nəzərən, Qara­bağdakı separatçı rejimin “dövlət naziri” oyuncaq postunu tutan Qurgen Nersis­yanın Ermənistanın İctimai televiziyasına müsahibəsi maraq doğurmaya bilməz. Əlbəttə, marağı şərtləndirən Qarabağ er­mənilərinin mövcud duruma obyektiv və rasional yanaşmasını görmək istəyidir. Yəni, gözləntimiz budur ki, rejimdəkilər də oyansınlar. Bəri başdan deyək ki, oyandıqlarına dair hansısa nişanə yox­dur. Deməli, gözləntimiz özünü doğrult­mur. 

Beləliklə, Nersisyan bildirir ki, qon­darma hakimiyyət “Artsax-Azərbaycan təmaslarına qarşı deyil”. Tamamilə qəbu­ledilməz mahiyyət daşıyan yalnız bu ifa­də ilə əlaqədar üç məqamı vurğulamaq yerinə düşər. Birincisi, separatçıların əslində Qarabağ ermənilərini buxovda saxlamaları. Təxminən belə: biz etiraz et­mirik, kim istəyirsə, gedib Azərbaycanla danışıq aparsın. Nersisyan belə demək mümkünsə, diplomatik destruktivliyə baş vurur. İkincisi, onun deyimində Qarabağ ermənilərini ayrıca tərəf kimi göstərmək cəhdi aşkardır. Üçüncüsü, Nersisyan Bakı ilə deyil, Azərbaycanla dialoq mən­tiqini qabardır ki, bu da onun Qarabağı nəinki ayrıca tərəf, hətta ayrıca dövlət qu­ruluşu kimi görmək niyyətindən irəli gələn nüansdır. 

Nersisyan bildirir ki, “Artsax xalqı”­nın hüquqlarından danışarkən, xalqın öz müqəddəratını təyinetmə hüququnu nəzərdə tutmayan insanlar, hakimiyyət orqanları və ya beynəlxalq aktorlarla ra­zılaşmır. Buradan da belə çıxır ki, o, bir qədər əvvəl haqqında söz açdığı təması “Artsax dövləti”nin Azərbaycanla əlaqəsi kimi görürmüş. Ortada belə səfeh ya­naşma var. Görünür, problem “dövlət naziri” oyuncaq postundadır. Nersisyan özündən əvvəl bu “vəzifə”ni tutmuş Ru­ben Vardanyandan heç nə ilə fərqlənmir. Halbuki, o, iş başına keçməzdən əvvəl belə fikirlər dolaşırdı ki, Qarabağ ermə­nilərini, necə deyərlər, qəflət yuxusundan oyatmağa gəlib. Ancaq məlum olur ki, Qurgen özü dərin yuxudadır. Bu gedişlə onu oyatmaq üçün Azərbaycan əsgərinin çəkməsinə ehtiyac duyulacaqdır. Digər oyatma üsulları fayda verənə oxşamır.

Nersisyanın həyasızlığına bax ki, az əvvəl haqqında söz açdığımız dialoqdan danışarkən, şərt də qoymağı yaddan çıxarmır. Bildirir ki, danışıqlar zamanı tərəflər hüquqlarını beynəlxalq normala­ra uyğun həyata keçirmək imkanı verən beynəlxalq mexanizmlərlə təmin edilməli və qorunmalıdırlar, zəmanətlər isə inan­dırıcı və etibarlı olmalıdır. 

Göründüyü kimi, Nersisyan da ermə­ni avantürizminin psixi xəstəlik daşıyıcı­larının təmsilçilərindən biridir. Deməli, beynəlxalq ictimaiyyət yığışıb Qarabağ erməniləri üçün ayrıca mexanizm tap­malıdır?! Bəlkə, dünya işini-gücünü atıb dövlətin öz tərkibindəki qeyri millətdən olan əhali ilə münasibətinə dair xüsusi layihə işləsin?! Hər halda, mövcud is­tiqamətdə yanaşmalar və öhdəliklər var. Həmin öhdəliklər Azərbaycana şamil olunduğu kimi, ABŞ-a da aiddir, digərlə­rinə də. Amma görünür, Nersisyan se­paratçı xislətinə uyğun şəkildə özündən Amerika kəşf etmək xülyasına düşüb. Düşsün, görək, nə vaxtadək düşəcək…

Əslində, Nersisyanın “Qarabağ ermə­nilərinin müqəddəratı” məsələsini dilə gə­tirib fikir bildirməsi absurddur. Belə çıxır ki, onun nəzərində tutduğu Azərbaycanla dialoqun mövzusu məhz müqəddəratın təyini olmalıdır. Hər halda, separatçıla­rın həyasızlıq fantaziyaları bitib-tükən­mək bilmir və Nersisyan da bu baxımdan enerji sərf edənlərdəndir. Qarabağ ermə­niləri müqəddarat istəyəcək, Azərbaycan da onlarla danışıq aparacaq?! Yaxud Qarabağ erməniləri müqəddarat illüziya­sına qapılacaq, Bakı isə onlara yardım göstərəcək ki, bu illüziya üçün dizlərin­dən təpər tapsınlar?! 

Q.Nersisyan onu da bildirir ki, müa­sir beynəlxalq münasibətlərdə 120 min insanın aclığı, işgəncəyə məruz qalma­sı, sonra da onlara ac qalmaq və əziyyət çəkməmək üçün danışıqlara getməli ol­duğunun bildirilməsi, vəhşilik və terrorizm kimi qiymətləndirilməlidir. Əlbəttə, “dövlət naziri” haqqında danışdığı və təfərrüat­larını şişirtdiyi durumu yaradan tərəfin özünün də təmsil olunduğu qurama ha­kimiyyətin olduğunu bildirə bilməz. Prob­lem bundadır ki, istər Nersisyan, istərsə də başqa avantüristlər məsələnin qoyu­luşundakı müxtəlifliyi bütün dünyanın qəbul etdiyinin fərqində olmayacaq qə­dər iflic durumdadırlar. Mövcud anlamda onun Qarabağ ermənilərinin blokadada yaşamalarına, Azərbaycanın onlara güc tətbiq etdiyinə dair fikirləri yalnız manipul­yasiyadır. Erməni əhalinin qaz və enerji təchizatından, lazımi tibbi yardım almaq imkanından məhrum duruma düşməsi ilə bağlı səsləndirdikləri də, həmçinin. 

Ancaq Nersisyan bir məqamda haq­lıdır. O bildirir ki, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi indiki kimi görü­nürsə, o zaman etibarlı və inandırıcı təh­lükəsizlik təminatları yoxdur. Həqiqətən də, “dövlət naziri”nin dediyi kimi, bu gün bölgənin erməni əhalisi təhlükəsizlik mü­hitinə malik deyil. Çünki Qurgenin də tərkibində yer aldığı separatçı rejim möv­cuddur. 

Əlbəttə, Q.Nersisyanın fikirlərinə önəm verməyib üzərindən keçmək olar­dı. Nəhayət, o da digər separatçıların vaxtilə işlətdikləri fikirləri bir qədər fərqli formada dilə gətirməkdən başqa nə isə etmir. Məsələ bundadır ki, o, bu amplu­asında faktiki olaraq, Azərbaycan–Ermə­nistan danışıqlarının hazırkı axarını təh­did edən ünsürdür. 

Digər tərəfdən, Azərbaycanın Qa­rabağ erməniləri ilə bağlı baxışı kifayət qədər aydındır. O da aydındır ki, Bakı öz baxışına zidd heç bir təmayülü qə­bul etməyəcəkdir. İndiki halda ölkəmizin Prezident İlham Əliyevin şəxsində Qa­rabağ ermənilərinə, eləcə də separatçı rejimin təmsilçilərinə verə biləcəyi bir şey var ki, o da şansdır. Dövlətimizin başçısı Laçında yerli əhali ilə görüşündə bundan da söz açmışdı. Cənab İlham Əliyevin nə söylədiyini yada salmaqla, Nersisyan də daxil olmaqla, Qarabağdakı bütün sepa­ratçıların aqibətlərini düşünək: “Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqe­yimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Sadəcə ola­raq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır. Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayən­dəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nü­mayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbay­can vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq. Mənim sö­züm qətidir, bunu hər kəs bilir, həm Azər­baycanda, həm dünyada, o cümlədən, Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də ha­vada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər”.

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət