Məlum olduğu kimi, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) yay sessiyasının gündəliyinə Laçın dəhlizi ilə bağlı məsələ salınıb. İyunun 19-dan 23-dək keçiriləcək sessiyada “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi” mövzusundakı müzakirə AŞPA-nın təcili prosedur qaydası üzrə iyunun 22-də təşkil olunacaq.
“Bu həftə gündəliyimizə Ermənistan və Azərbaycan arasında gərginliyin yüksək olaraq qaldığı Laçın dəhlizindəki olduqca narahatedici vəziyyətlə bağlı təcili müzakirələr daxildir. Nəticədə, bu dəhlizin əlçatanlığından asılı olan insanlar son dərəcə ağır təzyiq altındadırlar”. Bunu AŞPA prezidenti Tini Koks sessiyanın açılışında qeyd edib.
Əslində, mövzunun assambleyada müzakirəyə çıxarılması ilə bağlı təklifi AŞPA-nın Miqrasiya, qaçqınlar və köçkünlər üzrə komitəsi verib. Komitə bu ilin martında daha əvvəl Azərbaycan–Ermənistan münaqişəsinin humanitar fəsadlarına dair hesabatın müəllifi olan irlandiyalı deputat Pol Qavanı “Laçın dəhlizinin blokadasının humanitar nəticələrinin aradan qaldırılması” mövzusunda məruzəçi təyin edib. Komitənin may ayında baş tutmuş toplantısında hesabatın adı “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi”nə dəyişdirilib və yay sessiyasında assambleyanın müzakirəsinə çıxarılması üçün təklif irəli sürülüb.
***
AŞPA dəfələrlə ölkəmizə qərəzli münasibəti ilə seçilib. Qurumun mahiyyətcə İrəvanın qaldırdığı avantürizmi müzakirəyə çıxarmaq niyyəti onun çoxdankı ermənipərəstlik şakərindən irəli gələn məqamdır. Hər bir halda, təzadlı vəziyyət yaranır. Çünki AŞPA-dakı erməni nümayəndə heyəti Azərbaycanın Laçın yolunun başlanğıcında – Həkəri körpüsündə sərhəd buraxılış məntəqəsi qurmasını ölkəmizin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı pozması kimi əsaslandırıb. O bəyanatı ki, beynəlxalq hüquq baxımından istinad mənbəyi kimi götürülməsi absurddur. AŞPA-nın buna getməsi isə ikiqat absurddur. Nəzərə alaq ki, qurumun elan etdiyi konkret prinsiplər var. Həmin prinsiplərdə başlıca xətti dövlətlərin ərazi bütövlüyü amili təşkil etməkdədir.
Üçtərəfli bəyanat isə ikitərəfli öhdəliklərlə əlaqədardır. AŞPA-dakılar obyektiv davranmaq istəsəydilər, ilk növbədə, öhdəliklərə məhəl qoymayan tərəfin İrəvanın özünün olduğunu nəzərə alıb, erməni nümayəndələrin təklifini ümumiyyətlə gündəliyə çıxarmazdılar. Digər tərəfdən, qurum onu da nəzərə almalıdır ki, hazırda Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsindəki aktiv Qərb formatı var və bu format üçtərəfli Bəyanat məntiqindən uzaq nizamlama xətti gerçəkləşdirməkdədir. Əlbəttə, bu gerçəkləşdirmədə həmin sənədin Rusiya tərəfindən ərsəyə gəlməsi amili rol oynayır. Eyni zamanda, hər kəsə o da yaxşı məlumdur ki, üçtərəfli Bəyanat böyük ölçüdə atəşkəs sənədidir.
***
Bəli, AŞPA Ermənistanın illüziyalara qapılmasına şərait yaratmaqdadır. Qurum hər dəfə ilk baxışdan mənasız sayılan məsələləri gündəliyə gətirərək, erməni avantürizminə qol-qanad verir. Baxın, İrəvanda Laçın yolu mövzusunun gündəliyə salınması az qala, toy-bayram kimi qəbul edilir. Halbuki, sevinməyə heç bir əsas yoxdur. Birincisi, müzakirənin Ermənistanın xeyrinə nəticələnməyəcəyi ehtimalı da var. İkincisi, lap tutalım, AŞPA Azərbaycan əleyhinə qətnamə çıxardı. Nə olacaq? Axı, ölkəmiz beynəlxalq hüquq baxımından öz ərazisindədir, başqa dövlətin ərazisini işğal etməyib.
İşğaldan söz düşmüşkən, Ermənistan otuz ilə yaxın müddətdə həm də AŞPA-nın Azərbaycan torpaqlarındakı işğalın dayandırılması ilə bağlı qətnamələrinə və çağırışlarına əhəmiyyətsiz yanaşmış tərəfdir. Daha bir təzad da odur ki, hazırda qurum Laçın dəhlizi, yəni suveren Azərbaycan ərazisi ilə bağlı məsələni gündəliyə gətirməklə, əslində, özünün vaxtilə nümayiş etdirdiyi mövqeyə, qəbul etdiyi sənədlərə qarşı çıxmaqdadır.
***
Qeyd edək ki, AŞPA çərçivəsində Laçın yolu ilə bağlı məsələ ötən altı ay ərzində iki dəfə gündəmə gətirilib. Bunlardan biri 2022-ci ilin dekabrında olub. O vaxt qurumun Hüquq komitəsinin iclasında Ermənistan parlamentinin deputatı Vladimir Vardanyan Azərbaycanın ünvanına əsassız ittihamlar irəli sürmüşdü. Vardanyan Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa–Xankəndi yolunda etiraz aksiyasının, guya, rəsmi Bakının Laçın yolunu bağlamaqla, Xankəndidəki ermənilərin Ermənistanla əlaqəsini kəsmək, erməniləri o ərazilərdən çıxarmaq məqsədinə xidmət etdiyini bildirmişdi. Hətta o, bir az da irəli gedərək, ölkəmizi erməni əhaliyə qarşı "soyqırımı" təhlükəsi yaratmaqda günahlandırmağa, Ukraynadakı proseslərlə paralellər aparmağa cəhd göstərmişdi.
Həmin vaxt iclasda iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya və Gömrük İttifaqlarının üzvü olan Ermənistanın nümayəndəsinin Ukrayna ilə paralellər aparmaq cəhdini ikiüzlülük adlandırmışdı. Deputat K.Cəfərov əsl həqiqətləri dilə gətirərək bildirmişdi ki, Azərbaycanın aidiyyati qurumları “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə, o cümlədən, ətraf mühitə dəyən zərərin monitorinqinin həyata keçirilməsi ilə bağlı həmin ərazidə müvəqqəti fəaliyyət göstərən rus sülhməramlılarına bildiriş verib. Daha sonra monitorinq günü həmin ərazidə cinayətkar-oliqarx Ruben Vardanyan (o zaman separatçı rejimdə “dövlət naziri” – red.) bir qrup erməni ilə təxribat törədib və monitorinqə mane olub. Rus sülhməramlıları bu təxribatın qarşısını ala bilməyib, yaxud almaq istəməyiblər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvü Erkin Qədirli isə çıxışında vurğulamışdı ki, Laçın yolu yeganə yol deyil, ondan daha geniş və sürətli yeni tikilmiş magistral yol var. Bu yolu Azərbaycan tərəfi tikib, ancaq ermənilər həmin yoldan istifadə etməkdən imtina edirlər. Onu da bildirək ki, erməni deputat V.Vardanyan qaldırdığı məsələ ilə bağlı AŞPA-nın Hüquq komitəsində qətnamə layihəsinin hazırlanmasını istəsə də, bunun prosedur qaydalarına zidd olduğu bildirilmiş və təklif rədd edilmişdi.
***
AŞPA-nın Azərbaycanla Ermənistan arasındakı münaqişəli duruma reaksiyası baxımından bir məqamı da diqqətə çatdırmağı vacib sayırıq. Bu ilin aprelində qurumun Azərbaycanın və Ermənistanın monitorinqi üzrə həmməruzəçiləri Yan Liddell-Qreyncer (Böyük Britanitya), Liz Kristoffersen (Norveç), Kimmo Kilyunen (Finlandiya), Boriana Oberq (İsveç) məhz Laçın yolundakı vəziyyətlə bağlı bəyanatla çıxış etmişdilər. Onlar Avropa İnsan Hüquqları Məhkəməsinin və Beynəlxalq Məhkəmənin Azərbaycan "Laçın yolu ilə hər iki istiqamətdə adamların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təmin edilməsi üçün öz sərəncamında olan bütün tədbirləri görməlidir" qərarına istinad edərək, Laçın yolu boyunca hərəkət sərbəstliyini bərpa etməyə çağırmışdılar: "Biz Azərbaycan və Ermənistanı yüksək səviyyəli danışıqların təşkili ilə bağlı Avropa İttifaqının səylərini daha da çətinləşdirə biləcək istənilən birtərəfli addımlardan çəkinməyə çağırırıq. Biz sərhəd məsələləri üzrə danışıqları aktivləşdirməyə və bütün mübahisələrin sülh yolu ilə nizamlanmasına çağırırıq".
Göründüyü kimi, AŞPA-da Azərbaycana qarşı Laçın yolu müstəvisindəki qərəzli davranışlar davamlıdır. Yeri gəlmişkən, Avropa qurumları müstəvisində bu sayaq yolverilməz münasibətin kuliminasiya nöqtəsi bu il yanvarın 18-də yaşanmışdı. Həmin gün Avropa Parlamentinin plenar iclasında “Dağlıq Qarabağda blokadanın humanitar nəticələri” mövzusunda müzakirə keçirilmiş və daha sonra qətnamə qəbul olunmuşdu. Qətnamədə Azərbaycandan Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizini dərhal açmaq, Ermənistanla Qarabağ arasında nəqliyyat, energetika və kommunikasiya əlaqələrini pozmaqdan çəkinmək tələbi yer almışdı. Sənəddə Rusiya sülhməramlı kontingentinin fəaliyyətsizliyi tənqid olunmuş, BMT və ATƏT-ə faktların təsbiti, tərəfləri Helsinki Yekun Aktının prinsipləri əsasında sülh danışıqlarının bərpasına səsləmək üçün ora missiya göndərmək müraciəti öz əksini tapmışdı. Bundan “ilhamlanan” erməni tərəfi Laçın yolu məsələsini AŞPA-nın gündəliyinə çıxarmağa girişmişdilər. Belə ki, AŞPA Laçın yolunun blokadasının humanitar nəticələri ilə bağlı məsələni müzakirə etmək qərarına hələ o zamandan gəlmişdi. Biz prosesin hansı ardıcıllıqla getdiyini yuxarıda sadaladıq.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

