“Markusun əzabları”, yaxud “sirli missiya”

post-img

Avropa İttifaqının (Aİ) Ermənistandakı Mülki monitorinq missiyasının rəhbəri Markus Ritter erməni “Youtube” kanalına müsahibə verib. Missiyanın mövcud durumu, fəaliyyəti və gələcək planları barədə məlumat verən Ritter Azərbaycan–Ermənistan əlaqələrinin inkişafı üçün mümkün yollar haqqında da fikir bildirib.

“Silahlı şəxslərin təhlükəsizliyi” nağılı

Markus Ritterin müsahibəsində bir neçə məqam xüsusilə diqqət çəkir. Bunlardan biri onun bir neçə dəfə missiyanın “müstəsna mülki xarakter” daşımasını dilə gətirməsi­dir. Onun bu ifadəni dəfələrlə təkrarlaması, bu cümləyə məxsusi olaraq diqqət çəkməyə çalışması onu göstərir ki, Ritter missiyanın mülki xarakter daşımadığı ilə bağlı media və ictimai rəydə səslənən fikirlərdən narahatdır. Görünür Markus da başa düşür ki, insanlar yarısı silahlı şəxslərdən ibarət olan 103 nəfər­lik missiyanı “mülki missiya” adlandırmaqda çətinlik çəkir, bunun həqiqətən də qeyri-hər­bi məqsəd daşıdığına inana bilmirlər. Məhz buna görə də Markus missiyanın statusu ilə bağlı bu ifadəni dönə-dönə səsləndirməklə ictimai rəyi istədiyi səmtə yönləndirməyə cəhd edir. Halbuki, hər iki nəfərdən biri­nin silah daşıdığı, tərkibinin əsasən keçmiş hərbçilərdən təşkil edildiyi bu missiyanı “mülki missiya” kimi qələmə vermək doğ­rudan da, çətindir. Və bu çətinliyi ortadan qaldırmaq üçün yalnız onun sözlərinə istinad etmək kifayət deyil.

“Müharibədən zərər görən” erməni kəndləri

Ritter müsahibəsində məqsədləri­nin “müharibədən zərər görmüş kənd­lərdə” patrul xidməti həyata keçirmək, orada yaşayan insanların sağlamlığı, əhval-ruhiyyəsi və s. ilə bağlı qeydləri Brüsselə təqdim etməkdən ibarət oldu­ğunu bildirib. Missiya rəhbəri bu yerdə “müharibədən zərər görmüş kəndlər” ifadəsini işlətməklə yenə yalana əl atıb. Xatırladaq ki, missiya Azərbaycan–Ermənistan sərhədində reallaşsa da, Ritter və komandası Ermənistan əra­zisindədir və sərhəddəki vəziyyətlə yanaşı, erməni kəndlərində yaşayan sakinlərlə bağlı araşdırma aparır. 44 günlük Vətən müharibəsi isə ancaq Azərbaycan ərazisində gedib. Bu isə o deməkdir ki, müharibə Ermənistanın heç bir yaşayış məntəqəsini əhatə et­məyib. Belə olan halda erməni kənd­lərinin müharibədən zərər görməsi mümkün deyil. Deməli, erməni kənd­lilərini “müharibə qurbanı” kimi təqdim etməyə, erməni dəyirmanına su tök­məyə ehtiyac yoxdur. 

Markus Ritterin Azərbaycanla sər­həddəki erməni kəndlərini “qurbanlıq qoyun” kimi təqdim etmək cəhdi Aİ-nin Ermənistandakı missiyasının obyektiv­likdən uzaq olduğunu, qərəzli mahiyyət daşıdığını göstərir. Bu fakt bir daha onu göstərir ki, Fransanın moderator­luğu ilə gerçəkləşən bu missiya məlum bəyanat və açıqlamalarla beynəlxalq ictimaiyyəti aldatmaq, onlarda əsl real­lıqlar haqqında fərqli təəssürat forma­laşdırmaqla məşğuldur.

Sərhədimizi pusanların “nəzakət jesti”

M.Ritter müsahibəsində missiyanın ermənipərəst mahiyyətini ört-basdır etmək üçün Ermənistanla olduğu kimi, rəsmi Bakı ilə də təmaslara malik ol­duqlarını bildirib. O, qeyd edib ki, sər­həddə keçirilən patrul xidməti ilə bağlı Azərbaycan tərəfi məlumatlandırılır, onlara qabaqcadan lazımi bilgi verilir. Ritter vurğulayıb ki, bu məlumatlan­dırma “təhlükəli vəziyyətlərin qarşısını almaq və inam yaratmaq” üçündür.

Xatırladaq ki, Aİ Ermənistanın Azərbaycanla sərhəd ərazilərinə uzunmüddətli missiya göndərəndə bu barədə rəsmi Bakını məlumat­landırmayıb. Bununla bağlı Bakıdan hər hansı razılıq tələb olunmayıb. Yəni missiya Azərbaycan sərhədində Bakının razılığı və icazəsi olmadan məskunlaşıb. Hansı ki, Aİ-nin məlum missiyasının Azərbaycana etdiyi ilk ən böyük nəzakətsizlik elə, bu, olub. İndi belə olan halda missiyanın patrul fəaliyyəti ilə bağlı Bakını məlumatlan­dırması, bunu Azərbaycana hörmət və ehtiram əlaməti kimi təqdim etməsi gülünc səslənir.

Təhlükəsizliyə gəlincə, rəsmi Bakı­nın məlumatlandırılması, sadəcə ola­raq, missiya üzvlərinin təhlükəsizliyinin təmininə hesablanıb. Markus Ritter də yaxşı başa düşür ki, sərhəddə hər hansı aktivlik sərgiləmək üçün hökmən Azərbaycan tərəfinin razılığı alınma­lıdır. Belə bir razılıq olmadan hansısa monitorinq aparmaq mümkün deyil. Bu baxımdan, missiya patrul fəaliyyəti ilə bağlı Azərbaycanı məlumatlandır­mağa məcburdur və bunu rəsmi Bakı­ya “nəzakət jesti” kimi təqdim etməyə ehtiyac yoxdur.

Ümumiyyətlə, Markusun müsahibə­dəki hər bir cümləsindən onun keçirdiyi yalan və həqiqət arasında çırpıntısını hiss etmək mümkündür. Açıq-aydın hiss olunur ki, missiya rəhbəri səs­ləndirdiyi fikirlərə ictimai inamın olma­dığını, bu fikirlərin hətta himayəsində dayandıqları ermənilər tərəfindən belə birmənalı qarşılanmadığını bilir, bunu sövq-təbii hiss edir. O, rəhbərlik etdiyi missiyanın əsl status və mahiyyətinin rəsmi statusundan əhəmiyyətli dərə­cədə fərqləndiyinin hamıya məlum ol­duğunu, bu gerçəkliyi təmtəraqlı cüm­lələr, gözəl ifadələrlə pərdələməyin mümkünsüzlüyünü anlayır.

Missiyanın uğur qazanmasının ye­ganə yolu onun rəsmi Bakı ilə normal münasibətlər qurması, Azərbaycana qarşı səmimi, qərəzsiz mövqe sər­giləməsidir. Belə olarsa, Markus Ritter də yalan danışmaq, buna görə əzab çəkmək və ictimaiyyəti missiyanın gərəkliliyinə inadırmaq üçün and-aman etmək məcburiyyətində qalmaz.

Seymur ƏLİYEV

Siyasət