Azərbaycan XİN Nikol Paşinyanın iddialarına cavab verib

post-img

İyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışında 44 günlük müharibə zamanı və ümumilikdə işğal dövründə aparılmış bir sıra danışıqları təhrif etməklə yanaşı, bir daha göstərib ki, Ermənistan çağırışlara baxmayaraq, Azərbaycan ərazilərini danışıqlar yolu ilə işğaldan azad etməkdən imtina edib.

Bu barədə Azərbaycan Xarici İş­lər Nazirliyinin Nikol Paşinyanın par­lamentdə çıxışı zamanı səsləndirdiyi iddialara cavabında bildirilib. 

Qeyd olunub ki, Ermənistan baş nazirinin müharibə zamanı hər bir danışıqdan və humanitar atəşkəs­dən dərhal sonra müharibə zonasın­dan kənar mülki əhalinin sıx yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutmasını və mülki əhalini qətlə yetir­məsini danması Ermənistan tərəfinin faktları necə təhrif etdiyini bir daha nü­mayiş etdirir.

Vurğulanıb ki, Azərbaycanın guya 2011-ci ildən silahlanmanı və təxribat­ları artırmaqla vəziyyəti gərginləşdir­diyi barədə iddialara gəldikdə, Azər­baycan əraziləri işğal olunan andan etibarən BMT Təhlükəsizlik Şurasının və bir sıra digər beynəlxalq təşkilat­ların qərar və qətnamələri əsasında danışıqlar yolu ilə ərazilərinin geri qaytarılmasına səy göstərib. Bütün bunlara baxmayaraq, baş nazir Paşin­yan tərəfindən şəxsən 2018–2019-cu illərdə nümayiş etdirilən təhrikçi ritori­ka da daxil olmaqla, uzun illər ərzində Ermənistan tərəfindən törədilən təca­vüz aktının və təxribatların sülhə töhfə vermədiyi və 2020-ci ildə müharibə ilə nəticələndiyi hər kəsə məlumdur.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxar­ması və postmünaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çək­məsi zəruridir.

“Xalq qəzeti”

Siyasət