Müharibə ritorikasını dövriyyəyə buraxmaqda İrəvanın məqsədi nədir? Fransadan, Hindistandan aldığı silahların hesabına gücləndiyini dünyaya göstərmək? Yoxsa, Azərbaycana qarşı gücünü nümayiş etdirmək xəyalına düşüb? Bəlkə, bütün bunlar, sadəcə olaraq, ucuz diplomatik gedişlər, daha çox daxilə hesablanmış təbliğat maşınının növbəti “informasiya taktikasıdır”? Sonuncu sual-ehtimalın reallığa daha yaxın olduğunu düşünməyə və qəbul etməyə dəyər.
Özünü həm yerli ictimaiyyətin, həm də xaricdəki tərəfdarlarının gözündə “reabilitasiya” etməyə çalışan İrəvanın son vaxtlar hərbi-diplomatik cəbhədə fəallaşması heç də təsadüfi deyil. “Ermənistan ordusunun sərhədə cəmləşməsi və 1 nömrəli hazırlıq səviyyəsi elan edilməsi barədə yayılan informasiya doğrudur”. Bu məlumatı “Sisakan” quldur dəstəsinin döyüşçüsü Aşot Avaqyan Hayastan mediasına açıqlamasında təsdiq edib. Onun sözlərinə görə, iyunun 16-da günün ikinci yarısında sərhəd zolağındakı hərbi qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib: “Hazırda gərginlik əsasən Laçın, Kəlbəcər və Naxçıvan istiqamətlərindədir. Peykdən baxsanız görərsiniz ki, Naxçıvan sərhədində hərbi maşınlar düzülüb. Laçından Bazarçaya, Cermuxa qədər düşmənin də həmin ərazilərdə cəmləşməsi müşahidə olunur”.
Artur Vardanyan adlı partiya funksioneri isə Avropa İttifaqının mülki missiyasının Zəngəzur və Göyçə vilayətlərinə gedən müşahidəçilərin bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar oradan təxliyə edildiklərini bildirib. Onun sözlərinə görə, Azərbaycanla bütün təmas xətləri boyunca bir nömrəli hazırlıq elan edilib. Bu məsələyə az sonra qayıdacağıq. İndi isə hayların sosial şəbəkə oyunlarına baş çəkək.
Qəhrəmanlığı yalnız videoçarxlarda edə bilərsiniz
Oxucularımıza xatırladaq ki, iyunun 16-da hayların sosial şəbəkə istifadəçilərinə rastlaşdıqları hərbi maşın karvanlarının fotoşəkillərini çəkməmək, onları şəxsi hesablarda yaymamaq barədə çağırış edilib. Hətta bu xəbərdarlıqla bağlı şəbəkəçilərə videoçarx da təqdim edilib. Həmin videoçarxda diqqəti cəlb edən epizod Azərbaycan hərbçilərinə qarşı “raket hücumu”nun öz əksini tapmasıdır. Əslində, ermənilərin bununla nəyə işarə vurduqları, hansı duruma hazırlaşdıqları naməlum qalır. Ondan bir neçə gün əvvəl isə Ermənistan qoşunlarının Azərbaycanla şərti sərhədə doğru irəlilədiyini göstərən videogörüntülər yayılmışdı.
“Qarabağı necə itirəcəyimizi gözləmək nöqteyi-nəzərindən vaxt nisbi anlayışdır. Yaxınlaşan fəlakəti dayandırmaq üçün olduqca az zamanımız qalıb”. Bu sözləri isə Ermənistanın Alternativ Layihələr Qrupunun üzvü Vahe Hovannisyan deyib. “Əgər biz 1 milyon 200 min erməninin yaşayacağı, amma Türkiyə iqtisadiyyatına xidmət edəcək bir vilayətə çevrilməyə razıyıqsa, bunun üçün 5-10 il kifayət edir. Amma bir aydan sonra nələrin baş verəcəyindən, hökumətin hansı addımları atacağından, nələrə razılaşacağından xəbərsizik. Axı biz nələrisə dəyişməliyik, çünki sonra gec olacaq”, – deyə bildirib. V.Hovannisyan avantürist çağırışlarına onu da əlavə edib ki, ermənilərin öz dövlətlərini qorumaq, Qarabağı “əldə saxlamaq” üçün, demək olar ki, vaxtları daralıb: “Belə görünür ki, yeni müharibədən qaçmaq üçün heç bir şansımız qalmayıb”.
Papikyanın təsadüfi sayılmayan Paris səfəri
Hər tərəfdən görünən odur ki, şərti sərhədin əksər hissəsində Ermənistan silahlı birləşmələrinin cəmləşməsi, yerdəyişməsi intensiv hal almaqdadır. Bununla paralel olaraq Qarabağdakı Hayastan ordusunun tör-töküntüsü, separatçı ünsürlər xeyli fəallaşıblar. Aydın məsələdir ki, bütün bunlar təsadüfi sayıla bilməz. Və bu arada Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfər etməsi də qətiyən təsadüf deyil. İrəvana müasir silahlar vəd edən Fransanın gizli-aşkar vasitələrlə bunu reallaşdırmağa çalışdığı da sirr deyil. Fransa silahlı qüvvələr naziri Sebastyen Lekornyünün dəvəti ilə Parisə işgüzar səfərə gedən Ermənistan müdafiə naziri Suren Papikyan Senatın xarici işlər, müdafiə və silahlı qüvvələr komissiyasının sədri Kristian Kambo ilə görüşüb. Səfərlə bağlı Hayastan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Papikyanla Kambonun görüşündə tərəflər iki ölkənin müdafiə sahəsində əməkdaşlığına, eləcə də regional təhlükəsizliyə dair məsələlər müzakirə olunub. Görüşün detalları açıqlanmasa da, müzakirə mövzusunun Ermənistana hərbi-texniki yardımın göstərilməsi məsələsinin olduğu şəksizdir. İşgüzar səfərin “dekorativ fabulası” S.Papikyanın Parisin “Le-Burje” sarayında “Paris aviasiya sərgisi”nin açılış mərasimində iştirak etməsi də ssenaridə düşünülüb. “Armenpress”in Ermənistan müdafiə nazirliyinə istinadla yaydığı məlumata görə, Papikyanın Fransa hərbi-sənaye müəssisələrinin sərgi pavilyonlarını ziyarəti və şirkət rəhbərləri ilə görüşləri planlaşdırılıb. Səfərin əsl məqsədini pərdələməkdən ötrü “mədəni-kütləvi tədbirlərin” önə çəkilməsini anlamaq çətin deyil.
Avrodeputatların hesabat yanğısı
Bu arada Arpopa Parlamentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə altkomitəsinin nümayəndə heyəti İrəvana səfər edib. Deputatların bu səfərindən məqsəd Hayastanda təhlükəsizlik vəziyyətinin, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin qiymətləndirilməsi, həmçinin cari ilin fevral ayından Avropa İttifaqının Ermənistanda dislokasiya olunmuş mülki missiyasının fəaliyyəti ilə tanış olmaq və bununla bağlı hesabat hazırlamaqdır. Səfərin gedişində avrodeputatlar Hayastanın hökumət və parlament nümayəndələri, eləcə də Aİ-yə üzv ölkələrin İrəvandakı səfirləri ilə görüşlər planlaşdırılıb.
İrəvan orduda 1 nömrəli hazırlıq vəziyyəti elan edib. Hətta Avropa İttifaqının mülki müşahidə missiyasını “təhlükəli” hesab etdikləri şərti sərhəd zolağından kənarlaşdırıblar. Bir növ müdafiəyə hazırlığı imitasiya edən haylar yalandan dünyaya car çəkirlər ki, Azərbaycan Ermənistana təcavüzə hazırlıq görür. Bakı ən yüksək səviyyədə, həm də dəfələrlə başqa ölkənin torpağında gözünün olmadığını bəyan edib. “Xain xoflu olar”, – deyiblər. Əsrlər boyu özgəsinin malında, torpağında, mədəniyyətində nəfsi olan hayların bəsirət gözlərini açmaq missiyası, deyəsən, bizim boynumuza düşüb. Çətin missiyadır, amma yerinə yetirilməsi mümkündür.
Keçmiş “bəlkə ilə də” qayıtmayacaq...
Yuxarıda cavabsız buraxdığımız məsələyə qayıdaraq demək istəyirik ki, Azərbaycan Müdafiə Nazirliyində plana uyğun şəkildə toplantı keçirilib. Nazir Zakir Həsənov ordu komandirlərinə müvafiq tapşırıqları verib. Əgər Azərbaycanın suveren ərazisində silahlı separatçılar, Ermənistan silahlı qüvvələrinin tör-töküntüsü hələ də qalmaqda davam edirsə, Bakı bu şəraitə müvafiq olaraq zəruri tədbirləri görməlidir və bunu edir. Son bir həftə ərzində həm şərti sərhəddə, Laçın yolundakı nəzarət-buraxılış məntəqəsində, həm də Naxçıvan, Şuşa, Gədəbəy, Kəlbəcər istiqamətlərində ordumuzun mövqelərini atəşə tutan Ermənistan silahlı birləşmələrinə layiqli cavab verilməklə yanaşı, qarşı tərəfin növbəti hərbi təxribatlarına mütləq hazır olmalıyıq. Dediyi sözə, verdiyi vədə əməl etməyən, daşnak-revanşistlərin girovuna çevrilmiş rəsmi İrəvanla başqa nə cür davranmalıyıq? Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan hakimiyyətin ikibaşlı oyunlarına daha dözməyəcəyik. İrəvandakı “müharibə partiyası”nın, onun xaricdəki havadarlarının ölkəmizə qarşı başladıqları qara piar kampaniyasının isə heç bir faydası olmayacaq.
Belə bir el məsəlimiz var: “Ac toyuq yuxusunda darı görər”. Artıq yuxu ilə reallığın fərqinə varmağın, keçmişdə qalanları “bəlkə də qaytardılar” xülyası ilə arzulamağın sonu çatıb. Birdəfəlik qulaqlarında sırğa etsinlər: özlərinin “döyüş ruhlarını” yalnız kompüter oyunlarında qaldırmağa qadir olan hayların Azərbaycana qarşı Üçüncü Qarabağ müharibəsinə başlamağa nə cürətləri, nə də gücləri çatar.
Fikrət SADIXOV,
politoloq
– Hazırda rəsmi İrəvanın əsas məqsədi öz iqtidarını gözlənilən bir sıra risklərdən sığortalamaqdır. İlk növbədə, daxildəki radikal-şovinist qüvvələr tərəfindən edilən hücumlardan qorunmaqdır. Çünki o qüvvələr hakimiyətə irad tuturlar ki, müharibəni uduzmusunuz, nəinki işğal olunan torpaqları, hətta Qarabağı da əldən verirsiniz. Əslində, bu, başadüşülən məsələdir. Paşinyan iqtidarı müəyyən müddət üçün özünü sığortalamağı bacarar. Amma bu, uzunmüddətli proses ola bilməz. Onun nə demək istədiyini anlamaq olmur. Yəni, Azərbaycana qarşı silahdan istifadə edəcək? Yenidən torpaqlarımızı işğal etmək xəyalına düşüb? Buna kim imkan verəcək: Azərbaycan, Türkiyə, Pakistan, yoxsa İsrail? Əgər o, bu sadə həqiqəti başa düşmürsə, bütün vasitələrdən istifadə etməklə onu başa sala bilərik. Amma o, bunu anlayaraq, qəsdən edirsə, onda bunun adı informasiya müharibəsidir. Özlərinin təbliğat maşınını işə salıblar. Onlar bununla xalqın narazı kəsimini, konkret olaraq, revanşist qüvvələri sakitləşdirmək məqsədini güdürlər. Sübut eləməyə çalışırlar ki, hər an həm özlərini müdafiə etməyə, həm də Azərbaycana hücuma hazırdırlar və bu “hazırlıq işlərini” hamı müşahidə etməlidir. Əlbəttə, bütün bunlar gülünc addımlardır və düşünürəm ki, Paşinyanın növbəti təbliğat oyunundan başqa heç nə deyil.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”


