Hələ yüz illər əvvəl müdriklər deyirdilər ki, istənilən müharibə dövlətin yeritdiyi siyasətin silah vasitəsilə davam etdirilməsidir. Biz son otuz ildə bu həqiqətin şahidləri olduq. Ermənistan dövləti silahla öz işğalçılıq siyasətini davam etdirdi, Azərbaycan isə həmin vasitə ilə ərazilərinin düşmən tapdağından azad edilməsinə nail oldu.
Müdriklərin başqa bir fikrində isə deyilir ki, müharibə edən tərəfdə ən böyük sərkərdədən ucqar əyalətdəki çəkməçiyə qədər hamı iştirak etməsə və cəmiyyət həyatının bütün sahələri qələbə naminə fəaliyyət göstərməsə, heç bir uğurdan danışmaq olmaz. 44 günlük İkinci Qarabağ müharibəsi uluların həmin tarixi deyimini də növbəti dəfə təsdiqlədi. Azərbaycanda hamı Qələbə naminə birləşdi və cəmiyyət həyatının bütün sahələrinin inkişaf etdirilməsi məhz bu məqsədə xidmət etdi.
Xatırladaq ki, bu məsələyə yenidən qayıtmağımızın səbəbi İrəvan hakimiyyətinə müxalif mövqedə dayanan erməni fəallarının sosial şəbəkədə dilə gətirdiyi reallıqlar səbəb oldu. Onlar açıq şəkildə etiraf edirlər ki, bütün dünya Ermənistanı müdafiə etsə də ( erməni təxəyyülünə görə, dünya Fransa, İran və Rusiyadan ibarətdir), Azərbaycan regionda istədiyini edir: “Bunun isə əsas səbəbi Bakının müharibəyə hərtərəfli hazırlaşmasıdır”.
Maraqlıdır ki, Ermənistan İknci Qarabağ müharibəsində rüsvaycasına məğlub olandan sonra da işğalçı ölkənin ziyalıları İrəvan rəhbərliyinə çoxsaylı suallar ünvanladılar. Paşinyan iqtidarına müxalif mövqedə dayanan alimlərdən biri (adını unutsam da, soyadı Surenyan idi) deyirdi ki, İlham Əliyev öz ölkəsini inkişaf etdirərək kosmosa rabitə peyki göndərəndə Ermənistan rəhbərləri harada idilər? Bu sualı verən şəxs özü cavab verirdi ki, onlar xalqın hesabına var-dövlət toplayırdılar: “İndi Azərbaycan Ordusu kosmosdakı rabitə-müşahidə peykləri sayəsində nəinki bizim tankımızın, topumuzun, hətta kənd təsərrüfatı texnikamızın da yerini bilir”. Bu, o zaman idi ki, dövlət başçımız İkinci Qarabağ müharibəsində kosmosdakı peyklərimizin xidmətlərini açıq şəkildə etiraf etmişdi.
Yeri gəlmişkən, “Azərkosmos”un rəsmisi bu günlərdə mətbuata verdiyi müsahibədə demişdi ki, biz hələ 2019-cu ildə işğal altında olan torpaqlarımızda Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyətə dair BMT səviyyəsində qəbul edilən bir hesabat, qəsdən törədilən meşə yanğınları, faydalı yataqların istismarı, məskunlaşmalarla bağlı peyk təsvirlərindən sənədlər hazırlamışdıq. Həmin hesabatlarla Ermənistan rəhbərliyinin bizim ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti beynəlxalq səviyyədə göstərə bilmişdik. Müharibə dövründə isə xüsusi işçi qrupu yaradılmışdı. Qrup gecə-gündüz işləyirdi. Bu da təxribatların qarşısının alınmasına kömək göstərirdi. Peyk bizim səmadan baxan gözümüz idi. 44 günlük müharibədə hər gün təsvirlər çəkilirdi. Hazırda isə həmin təcrübədən böyük qayıdış çərçivəsində görülən işlərin intensivləşdirilməsində istifadə edilir.
Dövlət başçımız işğaldan azad edilmiş ərazilərimizin bərpasından danışarkən xatırladıb ki, bundan sonra bütün məsələləri texnologiyalar həll edəcək: “Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”. Bəli, Azərbaycan kosmik dövlətə çevrilib. Cənab Prezidentin dediyi kimi, bunu bir neçə il bundan əvvəl təsəvvür etmək belə çətin idi.
Mütəxəssislərin fikrincə, kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması, ilk növbədə, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılmasında və informasiya təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Eyni zamanda, ölkədə yeni iqtisadi sahələrin, həmçinin bu sahələr üzrə insan ehtiyatlarının və intellektual potensialın inkişaf etdirilməsi, tam təchizatlı maddi-texniki bazanın yaradılması, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında strateji əhəmiyyəti ilə seçilir.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncamında qeyd edilir ki, ölkəmizdə müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanmışdır.
Daha maraqlı məqamlardan biri də odur ki, Bakı Konqresi “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçiriləcək. Yəni dünya alimləri kosmosa növbəti şansı məhz Bakıdan verəcəklər. Bu fakt alimlərimizin kosmik sahədən olan şirkət və təşkilatlarla daha sıx əlaqələrin qurması, ölkəmizə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, insan kapitalının inkişafı, eləcə də, ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsi baxımından əhəmiyyətli olacaq.
Onu da əlavə edək ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci dünya müharibəsindən sonra – 1951-ci ildə “Soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Federasiya hər il konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi nüfuzlu tədbirlər təşkil edir. Hazırda federasiyanın 110 ölkədən 460-dan çox üzvü var.
Hər halda, Azərbaycanın kosmosdakı fəaliyyəti həm İkinci Qarabağ müharibəsi günlərində, həm də işğaldan azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq prosesində mühüm əhəmiyyət kəsb etmişdir. Bu fakt onu da sübut edir ki, biz suda, quruda, havada və hətta, kosmosda da qüdrətliyik.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”


