Azərbaycan və Avstriya arasında əməkdaşlığın böyük potensialı var

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Avstriya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Şurasının Sədri Volfqanq Sobotka ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən redaksiyamıza verilən məlumata görə, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib, ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. 

V.Sobotka Milli Məclis Sədrinin bu səfərini parlamentlər arasında əlaqələrin inkişafı ilə bağlı qarşılıqlı niyyətin mühüm göstəricisi adlandırıb. O, parlamentlər sə­viyyəsində əlaqələrin əhəmiyyətini qeyd edərək , ölkələrimiz arasında münasi­bətlərin hazırkı səviyyəsindən məmnun­luğunu bildirib. Deyib ki, Azərbaycan və Avstriya arasında əməkdaşlığın böyük potensialı var. Xüsusilə, iqtisadi əlaqələr daha da gücləndirilə bilər. V.Sobotka vur­ğulayıb ki, Azərbaycan Avropa üçün mü­hüm iqtisadi tərəfdaş, etibarlı enerji təc­hizatçısıdır. O, həmçinin Avstriyanın BMT Təhlükəsizlik Şurasının qeyri – daimi üzv­lüyünə namizədliyinə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Sahibə Qafarova Milli Məclisin Sədri səviyyəsində Avstriyaya ilk rəsmi səfəri olduğunu qeyd edərək, bunun ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlı­ğın daha da inkişafına və genişlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bil­dirib. Azərbaycan və Avstriyanın dost və tərəfdaş ölkələr olduğunu deyən S.Qa­farova qeyd edib ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qu­rulmasının 30 ili tamam olub. Azərbaycan və Avstriya arasında imzalanmış sənəd­lərin əhəmiyyətini qeyd edən S.Qafaro­va, bu çərçivədə, 2013-cü ilin mayında imzalanmış “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dost­luq münasibətləri və tərəfdaşlığa dair Bir­gə Bəyannamə”nin ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün böyük əhə­miyyət kəsb etdiyini diqqətə çatdırıb. 

Görüşdə qarşılıqlı maraq doğuran di­gər məsələlər ətrafında da müzakirələr aparılıb.

Ə.BƏDƏLOV,
“Xalq qəzeti”

Siyasət